Əhsən Dadaşovun həyat və yaradıcılığından bəhs edən kitab dərc edilib
"Şərq-Qərb" nəşriyyatında nəşr edilən kitabların siyahısına yazıçı-jurnalist Rafiq Hacıyevin "Əhsən sənə, Əhsən!" kitabı da əlavə edilib.
AFN xəbər verir ki, kitabda ustad tarzən Əhsən Dadaşovun həyat və yaradıcılığından söhbət açılır, müxtəlif sənət adamlarının, şəxsiyyətlərin onun haqqında xatirələri toplanır. Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, kitabı əldə edən oxucular bu böyük sənətkarla bağlı maraqlı faktlar öyrənə biləcəklər: “Məsələn, xarakterində qəribəliklər olan xanəndə Qədir Rüstəmovun “Sona bülbüllər”i oxuyub lentə yazdırması üçün Əhsən Dadaşov televiziyada düz 34 dəfə çəkiliş təşkil edib... Məhz onun bu cəhdi və zəhməti nəticəsində Azərbaycan xalqı bu böyük xanəndəni kəşf etmiş olub. Kitabda virtuoz tarzənin şəxsi keyfiyyətlərinə də işıq salınır. Onun, əslində, kövrək insan olduğu, “Sona bülbüllər”i ifa edərkən belə göz yaşını saxlaya bilmədiyi kimi faktlar da oxucuların marağına səbəb olacaq”.
Əhsən Dadaşovun 95 illik yubileyi üçün yazılan bu kitab sənətsevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.