Diplomat Həsən Zeynalovun iki kitabı nəşr edilib
İnkaredilməz faktların yer aldığı “Türkiyədən Türküstana. Türkmənistan” kitabı müasir dövrdə Azərbaycan Respublikasının xarici siyasətində prioritet istiqamətlərdən olan ölkə – Türkmənistanla diplomatik əlaqələrə həsr edilib. Biz bu kitabda Həsən Zeynalov səfir təyin olunduqdan sonra Azərbaycanla Türkmənistan arasındakı mövcud əlaqələrin mərhələ-mərhələ necə inkişaf etdiyini, intensivləşdiyini və genişləndirilməsi üçün müvafiq görüşlər keçirildiyini, ölkə rəhbərliyinə hansı təkliflər təqdim edildiyini və s. izləyə bilirik. Aşqabad şəhərində Azərbaycanın Türkmənistandakı səfirliyi üçün yeni bina kompleksinin inşa edilməsi, onun səfir kimi fəaliyyətə başlamasından az sonra bu ölkənin vətəndaşlarına Azərbaycana gəlmək üçün vizaların verilməsi prosedurunun sadələşdirilməsi, uzun illər ərzində iclası keçirilməyən Birgə Hökumətlərarası Komissiyanın növbəti iclaslarının təşkilinin sürətləndirilməsi, Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafında xüsusi əhəmiyyətə malik 21 mühüm sənədin imzalanması və s. bu kimi faktlardandır. Kitabda səfirin Türkmənistanda fəaliyyətinin mühüm istiqamətlərindən biri olan ölkənin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvlüyünə qəbul edilməsi haqqında da söz açılır.
“Türkiyədən Türküstana. Əfqanıstan” kitabı isə iki ölkə arasında əlaqələrin necə inkişaf etdirildiyi haqqındadır. Kitabda Azərbaycanda olan uğurlu islahatlar təcrübəsinin Əfqanıstanda da tətbiq olunduğu, 2017-ci ildə Əfqanıstanda ölkəmizdəki “ASAN xidmət”ə uyğun anoloji qurumun yaradılması, Əfqanıstan İslam Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlandığı ilk gündən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələr sırasında olması, Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulsa da, əksər sazişlərin məhz 2016-cı ildən – Həsən Zeynalov Azərbaycanın bu ölkədə fövqəladə və səlahiyyətli səfiri təyin olunduqdan sonra imzalanması və s. haqqında da söhbət açılıb.
Kitab səfir Həsən Zeynalovun diplomatik fəaliyyətini, keçirdiyi çoxsaylı görüşləri, səfərləri, həm diplomat, həm ictimai xadim, həm də bir ailə başçısı kimi həyat və fəaliyyətinin əks edirən müxtəlif fotoşəkillərlə də zənginləşdirilib.