İsveç ölkəni tərk edən miqrantlara 36 min dollar ödəyəcək
Bir dövr sığınacaq axtaranlara qapılarını açması ilə tanınan İsveç son 10 ildə tətbiq etdiyi siyasətləri dəyişib.
AFN.az xəbər verir ki, ölkədəki sağ koalisiya hökuməti miqrantların geri qayıtmasını təşviq etmək məqsədilə yüksək məbləğlərdə maliyyə dəstəyi verməyə başlayıb.
2015-ci ildə 163 min sığınacaq axtaranı qəbul edən İsveç adambaşına düşən sığınacaq axtaranların sayına görə Avropada ikinci yerdə idi.
Bu rəqəm 2025-ci ilə qədər 96 faiz azalıb.
Cinayət səviyyəsini və miqrasiyanı azaltmaq vədi ilə hakimiyyətə gələn hökumət 2026-cı ilin əvvəlindən etibarən Avropa İttifaqından kənar ölkələrdə yaşayış icazəsi olan əcnəbilərə ölkəni tərk etdikləri təqdirdə 350 min İsveç kronuna qədər ödəniş verilməsini nəzərdə tutan proqramı başladıb.
Hökumətə kənardan dəstək verən ifrat sağçı İsveç Demokratları Partiyası sözügedən tətbiqi tam dəstəkləyib.
Partiya iyul ayında avtobuslara asdığı elanlarla somalili miqrantlara müraciət edərək geri qayıdış qrantını təqdim edib.
Hökumət də ümumi 1,3 milyard İsveç kronu (100 milyon funt sterlinq) büdcəyə malik bu proqramı rəsmi internet saytları vasitəsilə müxtəlif dillərdə elan edib.
Baş nazir Ulf Kristersson geri qayıdışların artırılmasının hökumətin prioritetləri arasında olduğunu bildirib.
Avropada 2015-ci ildən etibarən artan sağ populist ritorika digər ölkələrdə də oxşar müzakirələrə səbəb olub.
Almaniyada ötən günlərdə Saksoniya-Anhalt əyalət seçkilərində yüksək səs toplayan Almaniya üçün Alternativ (AfD) Partiyasının rəsmiləri İsveçin başlatdığı bu tətbiqi məmnuniyyətlə qarşıladıqlarını açıqlayıblar.
Digər tərəfdən, miqrasiya ekspertləri bu cür maliyyə təşviqlərinin könüllü geri qayıdışları əhəmiyyətli dərəcədə artırdığına dair sübutun olmadığını, addımların əsasən simvolik xarakter daşıdığını bildiriblər.
İlin əvvəlindən etibarən maliyyə təşviqindən yararlanaraq ölkəni tərk etməyə razı olan şəxslərin sayı 171-də qalıb.
İsveç Demokratları Partiyası təşviq proqramının İsveç vətəndaşlığına sahib miqrantları da əhatə edəcək şəkildə genişləndirilməsini və vətəndaşlıqdan imtina edilməsi şərti ilə təqdim olunmasını təklif edib.
Müxalifət və insan haqları təşkilatları isə Baş nazir Kristerssonun addımlarını cəmiyyəti parçalayan siyasət kimi qiymətləndirib.
13 sentyabrda keçiriləcək seçkilər ərəfəsində ictimai rəy sorğuları 10,6 milyon əhalisi və təxminən 2 milyon xaricdə doğulmuş sakini olan ölkədə hökumətlə mərkəz sol müxalifət arasında başabaş mübarizənin olduğunu göstərib.
Stokholmun Satra qəsəbəsində bir araya gələn müxtəlif ölkələrdən olan miqrantlar təqdim edilən maliyyə təşviqlərindən xəbərdar olduqlarını, lakin İsveçdə qalmaq istədiklərini bildiriblər.
Sudandakı təzyiqlərdən qaçaraq 8 il əvvəl İsveçdə məskunlaşan və sənətçi kimi çalışan Elena İbrahim azad həyat sürdüyünü və geri qayıtmağı düşünmədiyini bildirib.
Stokholm məscidinin imamı Mahmud Xalfi bu cür siyasətlərin müsəlman əhali arasında narahatlıq yaratdığını bildirib.
Xalfi təhsilli insanların müxtəlif ölkələrə getmək imkanının ola biləcəyini, lakin təhsil səviyyəsi aşağı olan şəxslərin belə bir seçiminin olmadığını deyərək tətbiqin problemləri həll etmədiyini müdafiə edib.
İsveç rəhbərliyi geri qayıdış təşviqləri ilə yanaşı, miqrasiya qaydalarını da sərtləşdirib. Daimi yaşayış icazələri ləğv edilərək icazələrin üç ildən bir yenilənməsi şərti tətbiq olunub.
Avqust ayında hökumət vətəndaşlıq üçün müraciət edənlər üçün ilk dəfə məcburi dil və ümumi mədəniyyət imtahanı tətbiq edib.
Stokholmdakı imtahan mərkəzində 900 miqrant İsveç tarixi, krallıq şəcərəsi və ənənəvi bayramlar kimi mövzularda testdən keçirilib.
Miqrasiya naziri Johan Forssell vətəndaşlığın yalnız hüquqlardan deyil, həm də məsuliyyətlərdən ibarət olduğunu bildirərək həyata keçirilən dəyişikliklərin ağlabatan tələblər olduğunu açıqlayıb.


