Pandemiyada ölkələr vətəndaşlarına nə qədər iqtisadi kömək edirlər?


Dünyada tam və ya qismən karantin elan edilən bir çox ölkə, gəlir dəstəyi, pul yardımı və vergi endirimi kimi təcrübələrlə əhalinin mövcud problemlərini aradan qaldırmağa çalışır. Bəs hansı ölkə necə və nə qədər iqtisadi dəstək göstərir?


ABŞ

ABŞ prezidenti Co Bayden vəzifəsinə başladıqdan sonra yanvar ayında 1.9 trilyon dollarlıq iqtisadi stimul paketini imzaladı. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, ABŞ bu yardımlara milli gəlirinin 25.4 faizini ayırıb. Təşviq paketi çərçivəsində ailələrə cəmi 1 trilyon dollar paylandı, bütün amerikalılara adambaşına 1400 dollar verildi. Mənzil, qida və sağlamlıq yardımından əlavə uşaqlı ailələrə də vergi güzəştləri təklif olunur. Koronavirus məhdudiyyətlərindən sonra ölkədə 11 milyondan çox insan işsiz qaldı.

İngiltərə

Milli gəlirin 16,3 faizini yardımlara ayıran İngiltərədəki ən məşhur gəlir dəstəyi tətbiqi ödənişsiz məzuniyyət planıdır. Bu planla, pandemiya səbəbindən işləyə bilməyənlərin işləmədikləri saata görə maaşlarının 80 faizi dövlət tərəfindən təmin edildi. Ayda ən çox 2 min 500 sterlinq maaş dəstəyi təmin edildi. Sistemə gəldikdə isə işəgötürən işçiyə maaşını ödəməyə davam edir, işçinin gəlirindən vergi tutulur. Ancaq həmin şəxs yardımdan faydalanma müddətində əslində şirkətin işçisi sayılmır. Bu yardım bitdikdən sonra işçinin işinə davam etməsinə də zəmanət verilmir. Digər tərəfdən, hökumət, kafe və restoranlardan yemək alınmasını təşviq etmək üçün "Çöldə ye, kömək et" şüarı ilə bir layihə həyata keçirdi və bu müəssisələrin müştərilərinə etdiyi 50 faiz endirimi ödəməyə razı oldu. İngiltərədə 600 mindən çox sərbəst işləyən şəxsə gəlir dəstəyi planı təklif edildi, lakin istənilən nəticə əldə olunmadı. Dövriyəsinin 30 faiz və ya daha çoxunu itirən müəssisələrə qazancının 80 faizi qədər mükafat verilir. Dekabr ayında tətbiq olunan son məhdudiyyətlər aprel ayından tədricən ləğv edildi. 12 aprel tarixində tədbirlər yumşaldıldı, mağazalar, bərbərlər, idman salonları və kitabxanalar yenidən istifadəyə verildi, restoran və pablar açıq havada xidmətə başladı. Bütün sektorların 21 iyun tarixindən etibarən fəaliyyətə başlaması gözlənilir. İngiltərə hökuməti, 9 milyondan çox insana fayda gətirdiyi bilinən planı tədricən normallaşdıqdan sonra sentyabr ayına qədər uzatdı.

Almaniya

Almaniyada koalisiya hökuməti, pandemiyanın başlanmasından bəri 156 milyard avro, 130 milyard avro və 60 milyard avro dəyərində üç maliyyə stimul paketi açıqladı. Ölkədəki milli gəlirin 11 faizi yardımlara ayrıldı. Təşviqlər çərçivəsində qida məhsullarının ƏDV dərəcəsi 7 faizdən 5 faizə endirildi. İstehlakı artırmaq üçün əlavə dəyər vergisi müvəqqəti olaraq 19 faizdən 16 faizə endirildi. "Hər kəs üçün bir təşviq paketi" şüarıyla, epidemiyadan təsirlənən ailələrə, işsizlərə, yaşlılara və gənclərə əlavə maddi dəstək verilir. Kiçik müəssisə sahibləri və fərdi işləyənlər də 50 milyard avroluq yardımdan faydalanırlar. Fevral ayında ailələrin uşaq sayına əvvəlki 300 avroya əlavə olaraq birdəfəlik 150 avro yardım alacağı açıqlandı. Sənət və sənət adamlarına dəstək üçün büdcədən 2 milyard avro ayrılıb.

Rusiya

Milli gəlirin 2,9 faizini maliyyə təşviqlərinə ayıran Rusiyada iqtisadi stimul paketi daxilində fərqli tətbiqlər mövcuddur. Bunlardan bəzilərinə işsizlik müavinətinin 5 aylıq minimum əmək haqqı səviyyəsinə endirilməsi, karantinadakılara xəstəlik məzuniyyəti və maddi yardım, uşaqlı ailələrə birdəfəlik pul müavinəti, ən çox təsirlənən sektorlara dövlət yardımları və vergi gecikmələri daxildir. Nəhayət, işsizlərə yardım 8000 rubldan (107 dollar) 12 130 rubl (162 dollar) olan minimum əməkhaqqı səviyyəsinə qaldırıldı.

Hindistan

Hindistan Baş naziri Narendra Modi, 2020-ci ildə epidemiyanın iqtisadi təsirləri ilə mübarizə aparmaq üçün 20 trilyon rupi (265 milyard dollar) dəstək paketini açıqladı. Ölkədəki maliyyə yardımı milli gəlirin 3,1 faizini əhatə edir. Paket daxilində yeni obyektlər üçün vergi endirimi, xarici şirkətlər üçün investorları həvəsləndirici təşviqlər və kiçik müəssisələrə kredit dəstəyi kimi tədbirlər alındı. Hindistan hökuməti, noyabr ayında 35 milyard dollarlıq maliyyə təşviq paketini də açıqlamışdı. İmmiqrantlar, fermerlər və küçə satıcıları üçün xüsusi yardımlar müəyyənləşdirildi. 8 milyondan çox fermerə 26,25 dollar yardım veriləcəyi açıqlandı. Ölkədə hər ay yoxsullara 5 kq buğda və ya düyü köməyi, təqaüdçülər, əlillər və dul qadınlar üçün 13 dollar, qadınlar üçün 19,6 dollar birbaşa pul yardımı verilir. Hindistan hökuməti və Dünya Bankı dekabr ayında yoxsullara dəstək üçün 400 milyon dollarlıq bir yardım layihəsi imzaladı.

Türkiyə

Türkiyədə hökumət 2020-ci ilin mart ayında 100 milyard TL dəyərində "İqtisadi Sabitlik Qalxanı" adlı təşviq paketi elan etdi. Paket daxilində qısamüddətli iş müavinəti ilə istehsalını dayandıran iş yerlərində çalışanlara müvəqqəti gəlir dəstəyi, ehtiyacı olan ailələrə 2 milyard TL vəsait köçürməsi, ödənişsiz məzuniyyətdə olan işçilərə, qısa iş müavinətindən faydalana bilməyən və ya işdən çıxarıldıqda işsizlik müavinəti ala bilməyənlərə gündəlik 39,24 TL dəstək təyin olundu. Sosial dəstək daxilində ailələrə 2020-ci ilin avqust ayı etibarilə üç mərhələdə 1000 lirə dəstək verildi və minimum təqaüd 1500 liraya qaldırıldı. Aylıq gəliri 5000 lirədən az olanlara əsas ehtiyac dəstəyi və kredit imkanları təmin edildi. Daha sonra hökumətdən maliyyə dəstəyi ilə bağlı müxtəlif açıqlamalar gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan, karantin rejimindən təsirlənən cəmi 1 milyon 239 min 438 nəfərə 3 ay müddətində aylıq min lirə dəstək veriləcəyini açıqladı. Ailə və Sosial Siyasətlər Nazirliyi "Sosial Müdafiə Qalxanı" proqramı çərçivəsində vətəndaşlara göstərilən dəstəyin "60 milyard lirəni keçdiyini" açıqladı.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu