Bayden ailəsi 2023-cü ildə ümumi gəlirini açıqladı
ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cill Baydenin 2023-cü maliyyə ilində illik ümumi gəlirinin 619 min 976 dollar olduğu və federal gəlir vergisinə 146 min 629 dollar ödədikləri açıqlanıb.
Bayden ailəsinin vergi bəyannaməsi aprelin 15-də dərc edilib.
Ağ Evdən verilən açıqlamada Bayden və həyat yoldaşının birlikdə gəlir vergisi verdiyi və ümumi gəlirlərinin 619 min 976 dollar olduğu bildirilib.
Açıqlamada Bayden ailəsinin 2023-cü maliyyə ilində 146 min 629 dollar federal gəlir vergisi ödədiyi qeyd edilib.
Ailənin həmçinin Delaver əyalətinə 30 min 908 dollar, Virciniya əyalətinə 3 min 549 dollar gəlir vergisi ödədiyi, 17 müxtəlif xeyriyyə təşkilatına isə 20 min 477 dollar bağışladığı bildirilib.
Qeyd edək ki, Baydenin sələfi, keçmiş ABŞ prezidenti Donald Tramp 4 illik səlahiyyət müddətində vergi bəyannamələrini açıqlamaqdan imtina edib.