Hər xəbəri KİV-in gündəminə gətirmək olarmı? - Açıqlamalar


Ümumməlum həqiqətdir ki, cəmiyyətin formalaşmasında KİV ön sıradadır. İctimai rəyi daha çox media yönəldir. KİV-in xəbər siyasəti oxucu-dinləyici-tamaşaçı kütləsinin informasiya zövqünü ciddi şəkildə dəyişdirə bilir. Odur ki, mediada yayılan xəbərlərin əhəmiyyətli bir hissəsi ölkə əhalisinin düşünən qismi tərəfindən şiddətlə qınanır. Məsələnin zəruriliyini nəzərə alaraq, peşəkar KİV nümayəndələrinin mövzu ilə bağlı fikirlərini öyrənmək istədik. Dəyərli həmkarlarımıza "Cəmiyyətin həyatında baş verən hər bir hadisəni media xəbərinə çevirmək olarmı?" - sualı ilə müraciət etdik. Xeberlent.az verilən cavabları diqqətinizə çatdırır:

Əməkdar jurnalist Eyruz Məmmədov: Xeyr. Bu, bir. İkincisi, baxır hansı hadisədir? Dövlətin təhlükəsisizliyinə ziyan vurursa, qətiyyən olmaz. Təəssüflər olsun ki, bəziləri bunu dərk etmir. Məndə elə informasiyalar var ki, 30 ildir uzə çıxarmıram. Hər bir medianın öz siyasəti olmalıdır. İşini milli ideologiyaya uyğun qurmalıdır. Bir də ziyanlı və yaxud sensasiyalı informasiyalar düşmən tərəfindən bizə qarşı istifadə olunur. Buna görə ehtiyatlı olmaq lazımdır.

Əməkdar jurnalist İlqar Rüstəmov: Əlbəttə, əgər cəmiyyətdə hər hansı hadisə baş veribsə, o, artıq mediaxəbərdir və tez bir zamanda media resurslarda əksini tapacaq. Amma bu hadisə KİV üçün xəbər olmaya bilər. Çünki media ilə KİV arasında böyük fərq var. Media insanlar arasında, eləcə də sosial qruplar arasında ünsiyyəti tənzimləyən bir yardımçı, əlaqələndiricidir. KİV isə müxtəlif şəxslərin dairəsinə məlumat verir və bununla cəmiyyəti informasiya ilə təmin edir. KİV-in etimad göstərdiyi şəxs artıq ondan informasiya alan insanlar qarşısında məsuliyyət daşıyır. Burdan belə nəticəyə gəlmək olar ki, media yalnız insanlar arasında ünsiyyət qurmaq üçün bir platformadır, KİV isə özündə cəmiyyətə çatdırmaq üçün vacib olan mühüm informasiya daşıyır. Media bu və ya digər şəkildə bütün sosial dünyaya böyük təsir gücünə malikdir. Əlbəttə, müasir media cəmiyyətə həm pozitiv, həm də neqativ təsir xarakteri daşıyır. Bu təsir qlobal ictimai proseslərə təsir göstərdiyi kimi, ayrılıqda hər bir fərdin davranışına da təsir göstərir. Hazırki rəqəmsal media simvolik bir dünya formalaşdırır və ona çox böyük təsir göstərir. Bilməmiş olmazsınız ki, həm İngiltərədə, həm Fransada, eləcə də ABŞ-da müasir vətəndaş cəmiyyətinin inkişafı və bərqərar olması bütövlükdə jurnalistikanın meydana gəlməsi ilə bağlıdır. Eləcə də vətəndaş cəmiyyətinin inkişaf prosesinin mühüm aspektləri daha çox KİV-in inkişafı ilə əlaqəlidir. İngiltərədə konstitutsiyalı monarxiya dövrünün əsasını qoyan hüquqlar haqqında Bill söz azadlığını bəyan etdi və bu səlahiyyəti Kral hakimiyyətinə deyil, parlamentə və məhkəməyə verdi. ABŞ-da Konstitutsiyaya ilk düzəliş mətbuatın məzmununa müdaxiləni qadağan etdi. Fransada İnsan və vətəndaş hüquqları bəyannaməsi mətbuat azadlığını insanların ən ali və qiymətli hüququ elan etdi. Çünki, vətəndaş cəmiyyəti üçün hökumətin, ictimai təşkilatların, iqtisadi qurumların və sairlərin fəaliyyətini qiymətləndirmək üçün mühitin olması zəruridir və KİV bir çox cəhətdən vətəndaş cəmiyyətinin bu mühüm elementidir. Bütün bunlara nəzərən, cəmiyyətin həyatında baş verən hadisə öz-özlüyündə mediaxəbərdir. Sadəcə baş vermiş hadisənin təfsilatı olaraq.Onun baş vermə səbəblərinə gəldikdə isə, bu artıq KİV üçün ciddi mövzu ola bilər.

Jurnalist Əzizə İsmailova: Düşünmürəm ki, cəmiyyətin həyatında baş verən istənilən hadisəni xəbərə daşımaq lazımdır. Zənnimcə, media xəbərinə çevrilməli olan hər bir hadisənin cəmiyyət üçün hər hansı bir önəmi, anlamı, mesajı olmalıdır. Medianın cəmiyyəti tərbiyənləndirmək kimi bir öhdəliyi olmasa da, öz təsir gücündən də cəmiyyəti uçuruma aparmaq üçün necə gəldi istifadə etməməlidir. Media çox güclü silahdır və ondan necə gəldi istifadə enində-sonunda faciəyə səbəb ola bilər. O silahın lazımsız yerə açılmaması üçün sahibindən son dərəcə diqqətli və məsuliyyətli olmaq tələb olunmalıdır. Cəmiyyətə ötürülən istənilən xəbər alt şüura təsir edir. Qeyd etdiyim kimi, medianın işi cəmiyyəti tərbiyələndirmək olmasa da, hər şeyi mediaya daşıyıb alt şüuru darmadağın etmək də deyil. Məsələn, kriminal xəbərlərə, sarı mətbuata oxucu marağı çox olur, yaxşı İP yığır, çünki insan həmişə pərdəarxası nələr baş verdiyini bilmədiyi "olmaz"ların, qadağaların ardınca getməkdə maraqlı olur. Bu cür "xəbər"lərlə hər gün rastlaşan oxucu zamanla şüuruna yeridilən bu "zəhər"ə alışır və ən ağır cinayət belə sıradan bir hadisə kimi qarşılanır, kimlərsə oxuduqlarının təsiri altında eyni cür hərəkət etmək istəyir və s. Yəni medianın lazımsız, İP xətrinə bir çox insanın alt şüuruna yeritdiyi "xəbər"lər fonunda yaranan alışqanlıq kimlərinsə həyat tərzinə çevrilir və gələcəyi uçuruma aparır. Bu baxımdan, zənnimcə, medianın bəlli bir strategiyası olmalı və cəmiyyətə ötürdüyü hər mesajın məsuliyyəti dərk edilməlidir. Hər nə qədər söz azadlığı, demokratiya olsa da, hər şey müəyyən çərçivə daxilində olmalıdır. Çərçivəsizlik artıq anarxiya yaradır. Anarxiyanın fəsadlarını isə, düşünürəm ki, hamı bilir.

“Unikal” Media Qrupunun baş redaktoru Zaur Əhməd: Müasir texnologiya inkişaf etdikcə klassik medianın elektron mediaya uduzması normaldır. Dünyanın bütün ölkələrində analoji vəziyyət var. İndi əksəriyyət informasiyanı elektron mediadan alır. Amma təəssüflə qeyd etməliyəm ki, bu gün Azərbaycanda sosial şəbəklərə elektron medianı üstələyib. İnsanlar informasiyanı sosial şəbəkələrdən alırlar. Hətta elektron media sosial şəbəkələri informasiya mənbəyi kimi istifadə edirlər. Yəni sosial şəbəkədə yayılan hansısa informasiyadan xəbər düzəldib tirajlayırlar. Bu isə medanın sosial şəbəkərləin arxasınca süründüyünü göstərir. Təbii ki, bunun da müəyyən səbəbləri var. Ümumilikdə ölkədə söz və mətbuat azadlığı olsa da, bəzi məsələlərdə ciddi araşdırmaların aparılmasına qeyri-rəsmi senzuralar var, yaxud da media qurumları bu və ya digər formada fəqrli mənbələrlə rəsmi, yaxud qeyri-rəsmi əməkdaşlıq etdiyi üçün tam mənada müstəqil ola bilmirlər. Əslində bu məqam cəmiyyətin mediaya olan inamını da müəyyən dərəcədə sarsıdır. Ona görə də insalnar sosial şəbəkələrdən informasiya almaqı daha məqsədəuyğun hesab edilər. Amma bir məsələnin unutmaq lazım deyil, istənilən halda sosial şəbəkə dəqiq informasiya mənbəyi ola bilməz. “Fake” xəbərlərin yayılması üçün münbit şəraitin olduğu sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmaq lazımdır. Təəssüf ki, bəzi həmkarlarımız sosial şəbəkədə yayılan mənbəyi bəlli olmayan informasiyaları xəbərə çevirərək ictimaiyyətə örütürürlər. Bunun daha pis tərəfi odur ki, artıq həmin xəbər rəsmi bir media qurumunda tirajlanaraq “mənbəli xəbər” statusu qazanır və insanlarda çaşqınlığa səbəb olur. Ona görə bu məsələlərdə diqqətli və həssas olmaqda fayda var. Problemin inzibati üsullarla həllini də doğru saymıram. Hesab edirəm ki, düşünərək, istəyərək doğru yolu tapsaq, daha müsbət nəticələr olar.

Jurnalist Fərqanə Allahverdiqızı: İctimai əhəmiyyət daşıyan hər bir informasiya mediada işıqladırılmalıdır, bəzən geniş müzakirə olunmalıdır.

Azərbaycanda kütləvi informasiya vasitələrinin imici son illərdə xeyli korlandığı üçün ictimai fikrə təsir gücünü itirib. İnsanlarda hər şeyə etiraz etmək, hər şeyi inkar etmək kimi qeyri-adekvat psixologiya formalaşıb. Ancaq bir qrup insanlar öz mənfəətləri üçün bəzən bu şəraitdən öz xeyirlərinə məharətlə istifadə edə bilirlər. Bu da mənfi nəticələrə gətirib çıxarır, qruplararası münaqişələrin qızışmasına təkan olur. Ona görə də media belə qrupların əlində əlatə çevrilməməlidir. Öz müstəqilliyi, təsir gücü ilə cəmiyyətin inkişafına xidmət etməlidir. Bunun ən sivil yolu ictimai fikrə təsir edən informasiyaların verilməsidir. Məsələn, bu gün müharibədə sağlamlığını itirən yüzlərlə qazilərimiz var ki, onlara öncə tibbi-reablitasiya xidməti göstərilməlidir. Ardınca isə hüquqi biliklərini artırmaq, xəstəxanadan çıxdıqdan sonra öz hüquqlarını – müalicənin davam etdirilməsi, psixoloji yardımalması, pensiya təminatı, ailəsinin təminatları və s. barədə məlumatlandırılmalıdır. Təəssüf ki, bu gün media bu tipli informasiyalardan uzaqdır. Bunun əvəzində onların ailə münaqişələrinə, hansısa məmurla və ya həkimlə münaqişəsinə geniş yer ayırır. Çox hallarda da bu informasiyalar bir tərəfli qayda da verilir. Bu da cəmiyyətdə nifrəto vqatını daha da yüksəldir. Hazırki şəraitdə qazilərin, şəhid ailələrinin ailə daxili münasibətlərinin mediada çılpaqlığı ilə yayılmasının əleyhinəyəm. Hesab edirəmki, bu öncə şəhidlərimizin ruhuna hörmətsizlikdi, qazilərimizin mənəviyyatına hörmətsizlikdi. Digər tərəfdən, mediada yayılan materiallar həmin problemləri heç də həll etmir, əksinə ,onu daha da dərinləşdirir. İki nəfərin özarasında olan söhbəti heç kim bilmədiyi üçün öz aralarında razılaşıb yola davam edə bilirlər. Ancaq bu məsələ cəmiyyətin müzakirəsinə çıxarılanda artıq bütün körpülər yanmış olur. Təəssüf ki, nəticələri daha da ağır bitir. Başqa oxşar problem televiziyalarda uzunillərdir ki, davam edir. Ailə münaqişələri,valideyn-övlad münasibətlərindəki hansısa mənfi məqamlar günlərlə efirlərdə müzakirəedilir, tanıyan, tanımayan hər kəs bir başa və ya dolayısıyla bu müzakirələrə qoşulur. Xüsusilə, bu müzakirələrə uşaqların gözü önündə, onların bir başa iştirakı ilə aparılır. Bəzən efirə çıxmaq istəməyən uşağı aparıcı zorla studiyaya çıxardığının şahidi oluruq. Nəticədə münaqişə daha da dərinləşir və mənfi sonluqla bitir. Halbuki ailə daxilində 2-3 nəfərin iştirakı ilə bu məsələni müzakirə edib müsbət sonluğa nail olmaq olardı. Həmin verilişlərdə insanların hüquqları tapdanır. Ən əsası, bu müzakirələr cəmiyyətə heç nə qazandırmır. Ancaq bu efirdən istifadə edərək problemli ailələrə hüquqi yardım eləmək, qaydalar çərçivəsində davranmağın üstünlüklərini anlatmaq daha vacibdir. Şəxsi məlumatların yayılması da ciddi problem olaraq qalır. Bunun əsas səbəbi cəzasızlıq mühitinin formalaşması ilə bağlıdır. Bunun əvəzində, məsələn, sahibkarlara güzəştli şərtlərlə ayrılan kreditlərin hansı şərtlərlə, kimlərə verilməsini detallı şəkildə müzakirəyə çıxarmaq daha faydalı olardı. Çünki həmin güzəştdən istifadə edib biznesinə başlayan sahibkarın yaradacağı obyekt potensial işyeridir. Ən azı 3 nəfər orada çalışıb qazanc əldə edəcək. Beləliklə, cəmiyyətdə baş verən hər bir hadisənin mediaya çıxarılması doğru deyil. İctimai rəyə təsir edərək hansısa problemin həllinə kömək edəcək informasiyaya üstünlük verilməlidir.

Jurnalist Ramella İbrahimxəlilova: Bəli, hər bir hadisə xəbər kimi verilə bilər. İnsan cəmiyyətinin həyatında baş verən hər hadisə işıqlandırıla bilər. Hər şey medianın ixtisaslaşmasından asılıdır. Bu, əyləncə nəşridirsə, az və ya çox məşhur insanların həyatından yazır. Bu, maliyyə və iqtisadi sahəni əhatə edən bir nəşrdirsə, pul və iqtisadiyyatla və s... Əlbəttə ki, kiminsə dükana necə getdiyini oxumaq heç kimə maraqlı deyil, amma bu şəxsin istehlak səbətinin məzmunu, nə qədər xərclədiyi izah olunsa və buna ekspert şərhləri əlavə edilsə, daha faydalı olacaq, cəmiyyəti düşündürəcəkdir. Jurnalist bütün hallarda şəxsin həyatına müdaxilə demək olan, uşaq hüquqlarını pozan, dövlət və hərbi sirr barəsində məlumat yayımlamamalıdı – bunlar çox həssas mövzulardır və onlara ehtiyatla yanaşılmalıdır. Axı bir jurnalistin əsas vəzifəsi zərər verməməkdir. Cinayət hadisəsinə gəlincə də, hər bir cinayət hadisəsi açıq şəkildə işıqlandırıla bilməz. Əlbəttə ki, birinin arvad və ya ər tərəfindən necə aldandığı barədə yazmaq düz olmaz. .Jurnalist, bir insanın həyatındakı konkret bir hadisənin prizmasından bütün cəmiyyətin probleminə çıxmalı və oxucuya düşünmək üçün məlumat verməlidir. Jurnalistika çox istiqamətli və maraqlı bir sahədir. O cümlədən, içtimai fikir formalaşdıran, həssas yanaşma və ehtiyatlı davranış tələb edən ciddi bir sahədir.

Jurnalist Natiq Cavadlı: Cəmiyyətin həyatında yalnız cəmiyyətin maraqlarlna təsir edən, cəmiyyəti təhlükələrə məruz qoyacaq, yaxud təhlükələrdən sığortalayacaq hadisələri media xəbərlərinə çevirmək olar. Bu sıraya siyasi, iqtisadi, sosial sahə daha çox daxildir. Əlbəttə, əyləncə də lazımdır və bunu kənara qoymaq mümkünsüzdür, kimlərsə istəsə belə. Eyni zamanda, ədəbi hadisələr də xəbərdir və bu insanların zövqünü saflaşdırır, onların dünya ilə əlaqələrini gücləndirir, çünki insan daha çox ədəbiyyat və sənət vasitəsilə dünyanı tanıyır. Yaşadığımız əsr informasiya əsri olduğundan insnalar qısa xəbərlərə daha çox meyillidirlər, nəinki analizlərə və yaxud reportajlara. Bunun mənfi tərəfləri olsa da, qarşısıalınmaz proses axınındayıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu