Qulu Məhərrəmli: "Azərbaycanda müstəqil və tənqidçi media son 10-15 ildə sıradan çıxarılıb"


Qulu Məhərrəmli:


Tanınmış jurnalist, teletənqidçi, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Prezident İlham Əliyevin Fərman imzalamasını təqdir edib.



Q.Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin olması əhəmiyyətli məsələdir:

"Bu cür mərkəzlər bir çox dövlətlərdə var. Bunlar bəzən ictimai əsaslarla yaradılır. Cəmiyyətdə gedən proseslərdən doğru-dürüst xəbər tutmaq üçün hakimiyyət və dövlət qurumlarında obyektiv araşdırmalar olmalıdır ki, dəqiq qərar çıxarmağa kömək edə bilsin. Bir sıra dövlətlərdə bu missiyanı azad, müstəqil media yerinə yetirir. Azərbaycanda isə azad və müstəqil media olmadığı üçün real vəziyyətdən obyektiv nəticələr çıxartmaq mümkün olmur. Bizdə müxalifət mediası hər şeyin çox pis olduğunu, iqtidar mediası isə hər şeyin lap yaxşı olduğunu deyir. Əlbəttə ki, bunların ikisi də doğru deyil. Nəticədə isə real vəziyyət dəqiq təhlil oluna bilmir".

Professor deyib ki, müstəqil hər şeyin yaxşı olduğunu deyən media ölkə başçısını da aldadır:

"İstənilən demokratik dövlətdə müstəqil medianın olması vacibdir. Misal üçün, ABŞ-da hökumətə bağlı olan media yoxdur. Onlar belə hesab edirlər ki, dövlətdən maliyyələşən medianın verdiyi materiallar reallığı özündə əks etdirmir. Obyektiv vəziyyəti yalnız azad və müstəqil media formalaşdıra bilər. Azərbaycan telekanallarına baxın, tez-tez ekspertlər çıxıb hər şeyin yaxşı olduğundan danışırlar. Əlbəttə ki, bunlar çox zaman arzu və istəkləri bildirir. Ancaq onların dedikləri nə qədər obyektiv və doğru qərarlar çıxarmaq üçün fikirlərdir, bax bunlar hələ ki, yoxdur. Əvvəllər bununla məşğul olan qeyri-hökumət təşkilatları və araşdırma mərkəzləri mövcud idi. İndi onların əksəriyyəti fəaliyyətini dayandırıb. Ona görə də, ölkə Prezidentinin Fərmanı ilə belə bir Sosial Tədqiqatlar Mərkəzinin yaradılması çox vacib addımdır. Yəqin ki, bu mərkəz tərəfindən ölkədəki ictimai rəyin öyrənilməsi obyektiv təhlil olunacaq. Əgər bu doğrudan da səmərəli olacaqsa, o zaman ölkədəki vəziyyətin obyektiv öyrənilməsinə və mövcud problemlərin aradan qaldırılmasına yardımçı olacaq".

Q.Məhərrəmli qeyd edib ki, müstəqil media olmayanda, yaranan boşluğu zərərli amillər doldura bilir:

"Müstəqil media ictimai nəzarətçidir. Həm də hakimiyyətlə xalq arasında körpü rolunu oynayır. Yəni, müstəqil media xalqın fikrini hökumətə, hökumətin də fikrini xalqa çatdırır. Çox təəssüf ki, son 10-15 ildə Azərbaycanda müstəqil və tənqidçi media məhv edilərək sıradan çıxarılıb. İndi az-çox müstəqil fikirli jurnalistlər qalıb ki, onların da fikirləri həmin çevrəyə buraxılmır. Prezidentin istəyi olmadan hər şeyin qarşısını "dəmir pərdə" ilə almağa çalışırlar. Bu isə indi artıq mümkün deyil. Çünki əlavə alternativ imkanların, internetin olduğu şəraitdə bu cür addımları atmaq ən azı savadsızlıqdır. Ona görə müstəqil media hakimiyyət üçün mütləq olmalıdır. Bu cür Sosial Tədqiqatlar Mərkəzinin olması da çox vacibdir. Yoxsa ki, yalançı təriflər söyləyən qəzet və saytların, televiziya kanallarının ümidinə qalsaq, o zaman cəmiyyətdə gedən tendensiyaları doğru-düzgün görə bilməyəcəyik. Mən bir daha qeyd edirəm ki, ölkə Prezidentinin Sosial Tədqiqatlar Mərkəzinin yaradılması barədə Fərmanı çox təqdirəlayiq addımdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu