Bu ölüm xəbərləri biabırçılıq, vicdansızlıqdır: Onlar jurnalist deyil...




"Bunun qarşısını almağın bir yolu var. O da sayt rəhbəri, müxbir vicdanlı, dürüst, dəqiq, peşəkar olmalıdır".

AFN xəbər verir ki, bu sözləri tanınmış şərhçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli Qaynarinfo-nun tanınmış şəxslərin mediada yayılan dəqiqləşdirilməmiş ölüm xəbərlərinin qarşısını neçə almaq olar sorğusuna cavabında deyib.

O, mediada yaranmış bu vəziyyəti biabırçılıq adlandırıb:

"Son vaxtlar görürəm ki, bir az da iyrənc, bir az da əcaib, arzuolunmaz bir vəziyyət yaranıb. Hansısa dərədə yatıb, insanların arzuolunmaz vəziyyətlərini görməyə çalışırlar. Bu bizim media üçün, xüsusilə də saytlar üçün biabırçılıqdır. Güya kiminsə ölməyini birinci xəbər verən sayt çox hörmətli olur?! Siz normal media olmaq istəyirsinizsə, problemləri, cəmiyyəti doğru-düzgün əks etdirin. Yolu budur. Ciddi, mötəbər və nüfuzlu media olmaq üçün başqa amillər də var. Təkcə ölüm-itim xəbəri ilə insanlar sayta rəğbət bəsləmirlər, operativlik bununla müəyyən olunmur. Ona görə də bu cür davranmaq tamamılə yanlışdır. Peşə etikasına ziddir".

Tanınmış jurnalist, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı isə saytımıza açıqlamasında bu sistemi sərt tənqid edib:

"Oxucu sayını artırmaq üçün atılan addımdır. Təəssüf ki, xəbərləri yayanların jurnalistikadan xəbəri yoxdur. Onlar jurnalist deyil. Bunun qarşısını almaq çətin məsələdir. Ya ictimai qınaq olmalıdır, ya da həmin saytlar belə xəbərlərdən sonra oxunmamalıdır. O da ki, mümkün deyil. Bu hal peşəkarlığının olmamasından, bu peşəyə təsadüfi adamların gəlməsindən yaranır".

Qeyd edək ki, iki gündür Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olmuş Vurğun Əyyubun ölümü haqqında mediada ard-arda yanlış xəbərlər yayılıb. Onun əmisi oğlu İsmayıl Əyyub Qaynarinfo-ya açıqlamasında yayılan xəbərləri təkzib edərək jurnalistlərdən ailə ilə danışmadan xəbər yaymamalarını xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu