Bu il Qulu Məhərrəmlinin 65 yaşı tamam olur
Ziyalı ifadəsini hərə bir cür anlayır, bir cür izah edir. Məncə ziyalılıq heç də hakimiyyət uğrunda mübarizə aparmaqdan, hansısa siyasi partiyada təmsil olunmaqdan ibarət deyil. Heç bir təmənna güdmədən, yaşadığın cəmiyyəti narahat edən problemləri dilə gətirməyi, ictimaiyyətə doğru yol göstərməyi bacarmaqdır. İxtisasından asılı olmayaraq hər kəs ziyalı ola bilər. Yazıçı, şair, həkim, müəllim, mühəndis, aktiyor və ya …
Ziyalının ən böyük xidməti isə təfəkkürlərdə inqilaba vasitəçi olmaqdır. Axı insanların həyat tərzi, düşüncəsi, ictimai davranışı, yeniliklərə münasibəti dəyişməsə köhnə qaydalardan qurtulmaq çətindir. Avropada, Amerikada olduğu kimi Azərbaycan cəmiyyətinin də tərəqqisində ziyalıların rolu danılmazdır. Bu gün mən sizə onlardan biri, dörd aydan sonra 65 yaşını qeyd edəcəyimiz professor Qulu Məhərrəmli haqqında söhbət açmaq istəyirəm. Sözsüz ki, bütün ziyalılar kimi o da bir mənalı qarşılanmır. Ümumiyyətlə səhvləri deyən, problemləri qabardan, naqislikləri tənqid edən insanların sevənləri kimi, sevməyənləri də olur. Bunun isə bir səbəbi vardır- düz söz acı olar…
Jurnalistika ixtisasdır və hər bir ixtisasın arxasında insan faktoru dayanır. İnsanlar isə müxtəlifdir, qorxağı da var, cəsarətlisi də. Ola bilsin ki, başqa ixtisas sahiblərinə cəsarət anlamı elə də vacib deyil, amma jurnalistikada bu keyfiyyət kəm olanda qabarıq nəzərə çarpır…
O da cəmiyyətdə kifayət qədər cəsarətli jurnalist kimi tanınıb. Öz sözünü deməyi bacaran, hadisələri olduğu kimi qələmə alan yazarlardandır. Kiməsə yarınmaq, üzgörənlik, nədənsə çəkinmək ruhuna yaddır. Hər dəfə onun haqqında söz düşəndə- kişi kimi yaşayır, kişi kimi də alnıaçıq, üzüağdır- kəlmələrini eşitmişəm. Məncə, bu deyim jurnalistin yaradıcılığına verilən ən böyük dəyərdir…
Bəli, bir peşəkar kimi Azərbaycan jurnalistika tarixinə adı qızıl hərflərlə yazılıb. Adətən, ustadlar xəsis olur, peşəsini başqalarına öyrətməyə tələsmirlər. Bu baxımdan, Allah ondan səxavəti əsirgəməyib. Tələbələri kifayət qədərdir…
Qulu Məhərrəmli insan kimi də kamildir. Keçdiyi ömür yolunda gördüklərini saf-çürük edə bilib. Onların ən yaxşılarından dərs alıb. Yüksək insani dəyərləri özündə ehtiva edib. Və püxtələşdikcə zəmanəsinin görkəmli şəxsiyyətlərindən birinə çevrilib, ustadlar ustadıdır…
Yuxarıda qeyd etdiyim kimi dörd aydan sonra əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin 65 yaşı tamam olur. Necə deyərlər, 2019-cu il Azərbaycan jurnalistikasının inkişafında xidmətləri ilə xalqın ürəyində özünə yuva quran bu insanın yubiley ilidir. Dörd ay elə də uzun zaman deyil. Qoy ehtiramla qələmə aldığm bu kəlmələr Onun şəninə yazılacaq silsilə məqalələrə bir başlanğıc olsun!
Elman Eldaroğlu,
ABŞ, Miçiqan