Ölkə addım-addım adı islam olan inqilaba doğru gedir - RƏYLƏR


Son günlər ölkədə İslam pərdəsi altında bir çox oyunlar gedir. İrandan gələn təhdidlə isə pik həddədir. Artıq vəziyyət o həddə çatıb ki, Azərbaycan İran səfirliyinin əməkdaşlarını persona non-qrata elan edərək ölkədən qovdu. DTX və DİN tərəfindən hər gün keçirilən əməliyyatlarda onlarla şəxs casusluğa görə saxlanılır.


Ölkənin ziyalı kəsimi mövcud vəziyyətdən narahatdır. Artıq Azərbaycanda proseslərin İslam inqilabına doğru getdiyini düşünənlər də var. Şair-yazıçı Aqşin Yenisey bildirib ki, Azərbaycandakı vəziyyəti inqilab öncəsi İranla müqayisə edəndə açıq-aydın görünür ki, ölkə addım-addım adı islam olan inqilaba doğru gedir: "Sadəcə, bir fərq var; İranda inqilabın hədəfi höküməti yıxmaq idi, Azərbaycanda dövləti yıxmaqdır". A.Yeniseyin sözlərinə görə, dindarların gücündən istifadə edib hakimiyyətə gəlmək üçün onlara sığınan xam xəyallı siyasi liderlər var: "Ən əsası, ölkədəki aydın, ziyalı təbəqə ya küsüb, ya susub, ya da dini təbliğatın qulbeçəliyini qəbul edib. Yetişməkdə olan bu inqilabın qarşısını yalnız aydın, mütərəqqi düşüncələrə meydan verməklə almaq olar, başqa heç bir güc təcrübədə özünü doğrultmayıb".



Yazıçı Nadir Qocabəyli məsələ ilə bağlı maraqlı şərh verib. Onun sözlərinə görə, ən mühüm faktorlardan biri fəal və aqressiv kütlənin dindar və liberal siyasi mərkəzlər ətrafında cəmləşməsidir: Kütləvi aksiyalar, mitinq və piket keçirmək təcrübəsi yalnız onlarda inkişaf edib. Bunda xaricdən gələn maliyyənin də ciddi rolu var. Hakimiyyət başa düşməlidir ki, tezliklə konstruktiv müxalifətə meydan verməsə, radikalların sıraları daha da çoxala bilər. Bir də ki, vicdanlı vətəndaşlara, ziyalılara qarşı addımlar atılmalı, əhalinin işləməsi, pul qazanması üçün işlər görülməlidir. Müstəqil siyasi qüvvələrin yaranmasına şərait yaradılmalıdır. Ən pis şeylərdən biri odur ki, cəmiyyət xaricə satılandan çox hakimiyyətə satılanı qınayır. Çünki xaricə satılanların şüarları daha ədalətli və demokratikdir. Hakimiyyətə satılan isə yalnız tərif, mədhiyyə demək zorunda buraxılır. Elə etmək lazımdır ki, "hakimiyyətə satılmaq" anlayışını vətənə, dövlətə xidmət düşüncəsi əvəz etsin və bu, saxta yox, inandırıcı olsun. Asan deyil, amma mümkündür. Hakimiyyət onu səmimi tənqid edənləri təqib etməməlidir. Belə baxanda fiziki təqib yoxdur, amma maddi sıxışdırmalar var. Yəni tənqidi təfəkkürə malik vicdanlı adamlara heç yerdə iş verilmir, onları standart qəlibə salmağa, ehtiyacla sındırmağa çalışırlar. Bir sözlə, azadlıq, demokratiya müxtəlif vasitələrlə boğulur ki, bu da yad qüvvələrin qol-qanad açmasına şərait yaradır. Xalqa təlqin olunur ki, bütün problemlər hakimiyyət dəyişikliyindən keçir. Əslində isə yadlara xalqın problemləri yoz, öz mənafeləri maraqlıdır. Bu qədər bəsit. Təcrübə də göstərir ki, hakimiyyət dəyişikliyi keyfiyyət dəyişikliyi yaratmır. Biz bunu görmüşük. Bəli, hakimiyyət də dəyişməlidir, ancaq bu proses ağrısız olmalı, keyfiyyətli idarəçiliyə gətirib çıxarmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu