“Azercell”dən yeni "innovasiya": 12 ayda 13 "aylıq" paket...


“Azercell Telekom”un elan etdiyi yeni dəyişikliklərlə bağlı etirazlar səngimir.



AFN.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şirkətin yeni qiymət siyasətini sərt tənqid edib. O bildirib ki, “Azercell”in yeni mobil internet tarifləri qonşu ölkələrlə müqayisədə yetərincə bahadır:


“Lakin bu başqa mövzudur. Maraqlı məqam odur ki, bu dövlət şirkətinin təqdim etdiyi internet paketləri “aylıq” adı ilə satılır, amma əslində bu paketlər 30 gün yox, cəmi 28 gün keçərlidir. Bu, “Azercell” tərəfindən təklif edilən yeni “innovasiyadır”. Əvvəllər belə hal müşahidə etməmişik.”



O.Gündüzün sözlərinə görə, adi hesablama göstərir ki, bu qayda ilə müştəri ildə 12 dəfə yox, 13 dəfə ödəniş etməyə məcbur edilir. Yəni ildə 12 yox, 13 “aylıq” internet paketi alınmış olur:


“Bu isə az da olsa hər istifadəçidən əlavə qazanc əldə etmək deməkdir. Kiçik görünən bu rəqəm milyonlarla istifadəçidən toplananda şirkət üçün milyonlarla əlavə gəlir deməkdir.



“Azercell” bu təcrübəni turistlər üçün nəzərdə tutulan Avropa ölkələrindəki 28 günlük SIM kart təcrübəsi ilə eyniləşdirə bilməz. Çünki orada bu sistem yalnız qısa müddətli istifadə – yəni turistlər üçün nəzərdə tutulur. Bizdə isə bu “28 gün” yerli əhali üçün “aylıq” adı altında tətbiq olunur.

“Azercell”də kimsə deyə bilər ki, biz xırda işlərə baş qoşuruq. Amma bu 30/28 yanaşması etik deyil axı. Bu, istehlakçının etibarından sui-istifadə etməkdir.

Bu, rəqəmsal bərabərliyə zidd bir addımdır. “Azercell” dövlətə məxsus şirkətdir və bu cür praktikalar ictimai məsuliyyət və sosial ədalət prinsiplərinə ziddir.

Ekspert Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini, aidiyyəti qurumları bu məsələni araşdırmağa, "aylıq" anlayışının ədalətli və şəffaf istifadəsini təmin etməyə çağırıb.

O.Gündüzün fikrincə, proseslər o qədər sürətlə inkişaf edir ki, hər şeyi izləməyə də zaman çatmır:


“Azercell-in “1 manat – 1gün” absurd açıqlamasından sonra bir daha bu qurumun son zamanlardakı tarif siyasətinə göz gəzdirdim. Sadəcə təəssüflənməmək mümkün deyil.



Bütün istiqamət var qüvvə ilə müştəridən əlavə pul qopartmağa yönəlib. Amma qarşılığında yeni xidmətlər, yeni innovasiyalar yoxdur, 5G-dən xəbər yoxdur.

Amma qonşu ölkələrin mobil operatorlarına baxsaq görərik ki, bütün qüvvələrini innovasiyalara, 5G/6G-yə, süni intellektə investisiya yatırmağa, yeni xidmətlərdən gəlir əldə etməyə yönəldiblər! Zamanında Azərbaycanın ən innovativ qurumunun belə halı ürəkaçan deyil. “Azercell”i özəlləşdirməyə çıxarmağın məqamı çoxdan yetişib.

Tanınan aparıcı Nigar Sabirqızı da yeni qiymət siyasətindən narazılığını bildirib. O qeyd edib ki, “Azercell” Azərbaycanın ən öndə gedən şirkətlərindən biridir:


“Qiymət artımına münasibət bildirməyəcəm, çünki mübahisəli məsələdir. Məni belə böyük şirkətin öz istifadəçilərinə qarşı hörmətsizliyi təəccübləndirdi. İki gündür hamı “Azercell”in qiymət artımından danışır, şirkət yeni qərarını sadə dillə izah etməyi lazım bilmir. Bir şirkət sübut etdi ki, ancaq pul qazanmaq barədə düşünür, ona pul qazandıran istifadəçilər ona maraqlı deyil.



Sizcə, başqa ölkədə şirkətlər öz müştərisinə belə hörmətsizlik edər? Əslində “Azercell”in primitiv reklamları bu şirkət haqqında hər şeyi deyir. Təkcə onun da yox. Bizdə öz bahalı şirkətini ucuz reklam etdirmək adi haldır. Məsələn, “Türkcell”in reklamları filmə bənzəyir, “Azercell”in reklamları multfilmə.

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev isə bildirib ki, neçə aydır “Azercell”in internet xidmətindən imtina edib:


“Yalnız pulumu ödəyib sizdən danışıq alıram. İndi Asan imza üçün pul ödəmişəm, avtomatik 20 AZN pul tutularaq məcburi Gigamax+ tarifinə qoşmusuz. Operatorunuz suallarım qarşısında mat qalır.



Nə qədər absurd bir şirkətsiz! 20 manatımı oğurlayıbsız, təklifiniz isə "2 manatlıq tarifə keçin, 20 manatınız silinsin" deməkdi. Ayıb olsun, bu xalqın sizə ödədikləri sizi bir gün xərçəng xəstəsi edəcək. Bu xalqdan mədəd umsanız da, amma çox gec olacaq.”



Bütün qeyd edilənlərlə bağlı şirkətin mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu