Aİ müdafiə nazirləri Brüsseldən hüquqi maneələrin aradan qaldırılmasını tələb edirlər

Avropa İttifaqının (Aİ) 11 ölkəsinin müdafiə nazirləri Brüsseldən Avropa silahlı qüvvələrinin yaradılmasına maneələrin aradan qaldırılması üçün Aİ qanunvericiliyinə düzəlişlər etməyi tələb ediblər.
AFN.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nazirlərin fikrincə, silahlı qüvvələrin və müdafiə təşkilatlarının, eləcə də müdafiə sənayesinin əməliyyat hazırlığı qarşısında hüquqi maneələri aradan qaldırmaq lazımdır. "Avropa İttifaqının bəzi qanunları silahlı qüvvələrin öz vəzifələrini yerinə yetirməsinə birbaşa maneələr yaradır", - deyə müdafiə yetkililərinin Avropa komissarı Andrius Kubiliusa ünvanladıqları müraciətdə bildirilir.
Onlar hesab edirlər ki, Aİ qanunvericiliyi qoşunların əməliyyat hazırlığını təmin etmək üçün lazımi tədbirlərin görülməsinə mane olur. Bəyanatda deyilir ki, məhdudiyyətlər ilk növbədə (lakin müstəsna olaraq) satınalma, ətraf mühit və təbiətin mühafizəsi qanunvericiliyi ilə, daha çox isə Aİ-nin müxtəlif hüquqi aktlarından irəli gələn müdafiə təşkilatlarının üzərinə düşən inzibati yüklə bağlıdır.
Müraciəti Niderland, Almaniya, Belçika, İsveç, Çexiya, Rumıniya, Finlandiya, Danimarka, Estoniya, Latviya və Litvanın müdafiə nazirləri imzalayıblar.
Qeyd edək ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Aİ ölkələrinin müdafiə üçün 150 milyard avroya qədər borc almasını nəzərdə tutan 800 milyard avroluq yenidən silahlanma planını irəli sürüb. AK bu pulu kapital bazarlarından borc götürmək və sonra Avropada birgə silah almaq şərti ilə dövlətlərə kredit şəklində köçürmək istəyir.
Brüsselin planlarına görə, bu vəsaitin bir hissəsi Ukrayna üçün silah istehsalına sərf oluna bilər.