ARDNF yalnız LBMA standartlı qızıla yatırım edir – yerli qızılımızı kimlər alır?


Azərbaycan Dövlət Neft Fondu İnvestisiya Siyasətinə və daxili təlimatlara əsasən yalnız London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının (LBMA - London Bullion Market Association) müəyyən etdiyi “Good Delivery Rules” standartlarına uyğun qızıl külçələrin alınmasına investisiya edə bilər:



AFN.az xəbər verir ki, bu barədə fondun qızıl alınmasına dair açıqlamasında qeyd edilib. “Qeyd edilən standartlara uyğun qızıl külçələrin emalı yalnız LBMA-yə üzvlük haqqını qazanmış, bu sahədə geniş təcrübəsi olan nüfuzlu müəssisələr tərəfindən həyata keçirilir. İstehsal edilmiş qızıl külçələr müvafiq olaraq, LBMA üzvü olan banklar tərəfindən investorlara satılır” – deyə açıqlamada vurğulanır.



Həmçinin bildirilir ki, ARDNF müxtəlif illərdə “AzerGold” QSC tərəfindən hasil edilən, LBMA üzvü olan müəssisədə emal olunan qızıl külçələr əldə edib: “Belə ki, ARDNF təqribən 3 tona yaxın (249 qızıl külçə) “AzerGold” QSC tərəfindən hasil edilən və İsveçrənin “ARGOR-HERAEUS SA” şirkəti tərəfindən emal edilən “Good Delivery Rules” standartına uyğun qızıl əldə edib. Qızıl külçələrin alınması, LBMA üzvü olan “JP Morgan” bankı vasitəsi ilə baş tutub”.



Neft Fondunun bu siyasəti təbii olaraq suallar yaradır:



“AzerGold” QSC-nin hazırda hasil etdiyi qızıl hansı beynəlxalq standarta uyğundur?



Ötən il ərzində “AzerGold” QSC Azərbaycanın daxili pərakəndə bazarda nə qədər qızılı satılıb?



Məsələ ilə bağlı AFN.az-ın sualları “AzerGold” QSC tərəfindən cavablandırılıb. Bildirilir ki, “AzerGold” QSC 2016-cı ildən ölkəmizdə qızıl və gümüş filizlərinin hasilatını həyata keçirir: “Milli dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliyyətini genişləndirən “AzerGold” QSC ötən illər ərzində uğurlu mədənçilik fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunu təmsil edən əsas ixracatçı dövlət şirkətləri sırasında lider mövqelərdə qərarlaşmağa nail olub. Həmçinin sevindirici haldır ki, dağ-mədən sənayemizin əsas məhsulu olan qızıl 2024-cü ildə olduğu cari ilin ötən dövrü ərzində də ölkəyə ən çox valyuta gətirən, qeyri-neft sektoruna aid ixrac malları siyahısında birinci yerdədir.



Məlumat üçün bildirək ki, QSC tərəfindən hasil edilmiş qiymətli metal filizlərindən qızıl və gümüş tərkibli xəlitələr hazırlanır. Bu xəlitələrin 999.9 əyarda, yəni ən yüksək keyfiyyətdə saflaşdırılması və beynəlxalq bazarda satışının təşkil olunması üçün 2017-ci ildən dünyanın ən böyük affinaj şirkətlərindən biri olan İsveçrənin “ARGOR-HERAEUS SA” ilə əməkdaşlıq qurulub.



Sözügedən şirkət London Qiymətli Metallar Bazarı Assosiasiyasının (LBMA) üzvüdür və istehsal etdiyi qiymətli metallar “Good Delivery Rules” standartına malikdir. Yəni QSC-nin hasil etdiyi qızıl beynəlxalq səviyyədə qəbul olunan bu standartlara tam cavab verməklə, ən yüksək keyfiyyətli məhsul olaraq yerli və xarici bazarlarda satışa təqdim edilir.



Qeyd edək ki, beynəlxalq təcrübəyə uyğun olaraq nüfuzlu affinaj şirkətləri hasilatçı şirkətləri müxtəlif meyarlar əsasında araşdırır, dünya səviyyəsində tətbiq olunan əsas tələblər – KYC (Know Your Customer – Müştərini Tanı)“Due Diligence” (hüquqi ekspertiza) prosedurları üzrə müxtəlif mərhələli yoxlamalardan keçirirlər. Yalnız bütün standartlara cavab verdiyi müəyyən edildikdən sonra şirkətə hasil edəcəyi xəlitələri saflaşdıra biləcəkləri barədə müsbət rəy verilir.



Belə ki, “ARGOR-HERAEUS SA” şirkəti Səhmdar Cəmiyyətin fəaliyyətini beynəlxalq standartlar və şəffaflıq meyarlarına uyğun olaraq dağ-mədən əməliyyatları; keyfiyyətə nəzarət və hasilat üzrə proseslər; sağlamlığın qorunması, əməyin və ətraf mühitin mühafizəsi; layihələrin idarəolunması; hüquq, cari qanunvericilik tələbləri, idarəetmə və korrupsiyaya qarşı mübarizə; yerli əhali ilə fəaliyyət üzrə qiymətləndirib.



Həmin qiymətləndirmə nəticəsində İsveçrə şirkəti tərəfindən “AzerGold” QSC-yə 2017 və 2023-cü illərdə yoxlamalara dair müsbət rəylər verilib.



O da bildirilib ki, “AzerGold” QSC tərəfindən 2024-cü ildə qızıl və gümüşün yerli bazarlarda da satışı uğurla davam etdirilib. Ötən il daxili pərakəndə bazarın tələbatına uyğun olaraq hazır məhsul formasında 999.9 əyarda hazırlanmış 4.36 min unsiya qızıl sikkə və külçə, 0.21 min unsiya gümüş sikkənin satışı həyata keçirilib. Bu satışlardan 20.28 milyon manat gəlir əldə edilib: “2023-cü illə müqayisədə yerli bazarda qızılın və gümüşün satış gəlirlərində 77.48% artım qeydə alınıb”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu