Laçın dəhlizi: Rəsmi İrəvanı qane etməyən vəziyət yaranır - ŞƏRH


Rəsmi Moskva və Ankaradan Laçın və Mehri dəhlizləri ilə bağlı verilən açıqlamalar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmaların taleyini sual altına qoyur.



Xüsusi ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun Laçın dəhlizi ilə bağlı dedikləri narahatlıq yaradır. Lavrovun dediyi kimi, Laçın dəhlizinə Azərbaycan nəzarət etməsə və Ermənistandan Qarabağa qanunsuz səfərlər təşkil olunmaqda davam etsə, bu, Rusiya Prezidenti Vladimir Putinin Qarabağ münaqişəsinin keçmişdə qalması ilə bağlı dediklərinə zidd olar. Çünki Ermənistanı böyük bir fəlakətdən xilas edən 10 Noyabr bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi birmənalı olaraq təsbit olunub. Yəni, dəhlizlərdən nəzarətsiz istifadə etmək istisna olunub.

Amma kimsə Madrid prinsiplərində nəzərdə tutulan "dəhliz" məsələsini gündəmə gətirmək istəyirsə, o yanılır. Çünki Madrid prinsipləri Azərbaycanla Ermənistan arasında rəsmən qəbul edilmədiyindən bu, tərəflərin üzərinə heç bir öhdəlik qoya bilməz. Həmçinin, Azərbaycanın işğal olunmuş ərazilərinin mərhələli şəkildə geri qaytarılmasını nəzərdə tutan Madrid prinsiplərindən irəli gələn məsələləri ordumuz uğurla həll edib. Məhz, Ermənistan kapitulyasiyası kimi qiymətləndirilən 10 Noyabr bəyanatı da bunu göstərir.

Digər bir tərəfdən 10 noyabr bəyanatındakı əsas tələblərin (Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılması, Laçın dəhlizi, sülhməramlıların statusu) yerinə yetirilməsində maraqlı görünməyən Rusiya 4 bəndlik 11 yanvar razılaşmasının da həyata keçirilməsini gözləməməlidir. Belə ki, böyük ölçüdə Ermənistanı iqtisadi blokadadan çıxaracaq 11 yanvar tarixli sənəd Rusiyanı Cənubi Qafqazdakı forpostunda daha möhkəmləndirəcək. Çünki üzünü Qərbə çevirən Gürcüstan məlum səbəblərdən hər an ərazisini Rusiya üçün qapada bilər.

Rusiyanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi fonunda rəsmi Ankaranın da Mehri dəhlizi üçün eyni statusu, yəni Rusiya və Ermənistanın nəzərəti olmadan gediş-gəlişin təmin olunmasını istəməsini tam təbii və haqlı qarşılamaq lazımdır. Görünənlər onu deməyə əsas verir ki, Rusiya öhdəliklərinə əməl etməyəcəyi təqdirdə Türkiyə və Azərbaycan 11 yanvar anlaşmasının həyata keçməsinə imkan verməyəcək, Ermənistanla heç bir iqtisadi əlaqə yaradılmayacaq. Bu vəziyət isə rəsmi İrəvanı heç bir şəkildə qane edə bilməz. Çünki Paşinyan hakimiyyəti Ermənistanı xilas etməyin yeganə yolunu haqlı olaraq qonşu ölkələrlə əməkdaşlıqda görür…

Ən əsası nəzarətsiz dəhlizlər bölgədə ciddi təhlükəsizlik problemləri deməkdir ki, bu da iqtisadi əməkdaşlığın qurulmasına imkan verməyəcək. Və investorların bölgədən uzaq qalmasını şərtləndirəcək…



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu