Başlıbel Ermənistan əleyhinə istifadə oluna biləcək ən böyük hüquqi arqument ola bilər - MÜZAKİRƏ


Bu günlərdə işğaldan azad ediən ərazilərimizdə daha bir dəhşətli faktın üstü açılıb. 1993-cü il aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər. Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. Bu xalqımıza qarşı törədilən növbəti soyqırımı hadisəsidir. Həmin faktla bağlı terror dövləti olan Ermənistanı beynəlxalq məhkəməyə vermək mümkündürmü?




Politoloq Natiq Miri AFN-ə bildirdi ki, əslində bu Ermənistana qarşı iddiaların çox ciddi şəkildə lokomativi ola bilər: “Bu məsələ çox ciddi şəkildə araşdırılmalı və davam etdirilməlidir. Çünki bu hadisə toplu məzarların digər Qarabağ ərazilərində də mümkünlüyünü ortaya qoyur. 1988-ci ildən bəri Azərbaycan əhalisinə qarşı həm Ermənistanda, həm Qarabağda həqiqətən soyqırımı törədildiyi haqqında konkret tarix və informasiyalar mövcuddur. Bunu hər zaman həm Ermənistandan gələn soydaşlarımız, həm də Qarabağdan məcburi köçkün vəziyyətinə salınan soydaşlarımız bildiriblər. Xüsusilə Xocalıda baş verən hadisələr fonunda bu cür yeni toplu məzarların tapılması mümkünlüyünü ortaya qoyur. Bu, Ermənistan əleyhinə istifadə oluna biləcək ən böyük hüquqi arqument ola bilər. Bu gün Türkiyə əleyhinə qondarma “erməni soyqırımı”nı təsdiqləməklə, heç bir hüquqi qərar olmadan siyasi qərarlar verməklə Azərbaycan və Türkiyəyə təzyiq etmək istəyirlər. Ancaq bir də var ki, bu hadisələr hüquqi sənədlər vasitəsilə təsbit olunur və beynəlxalq cəza məhkəməsinə müraciət olunur. Bundan sonra artıq bu məhkəmələrin geriyə çəkilmək imkanı olmur. Nəticə etibarilə Ermənistanı beynəlxalq hüquq səviyyəsində cəzalandırmaq mümkün olur. Ona görə də bu hadisə həm həqiqətin yerini alması, həm də bu hadisələri törədən ünsürlərin, bir dövlətin cəzalandırılmasına yol açır”. Politoloqun fikrincə, mütləq mənada bütün Qarabağ ərazilərində bu cür qazıntılar aparılmalı və toplu məzarlıqlar aşkar olunmalıdır: “Bunun yolu da o dəhşətli faciələri yaşayan insanlarla təmasdan keçir. Bu hadisələri yaşayan insanların qohumlarını danışdırmaq, hər hadisənin kontekstində bu cür qazıntılar aparmaqla toplu məzarları ortaya çıxarmağa ehtiyacımız var. Artıq Azərbaycan və Türkiyəyə qarşı yalançı ittihamlar müxtəlif siyasi qərarlar fonunda yer almağa başlayıb. ABŞ-ın Dini azadlıqlar komissiyasının Türkiyə və Azərbaycanı “Nəzarət” siyahısına salması hadisəsi də göstərir ki, ortada qərəz mövcuddur. Halbuki dini azadlıqlar baxımından hər iki ölkə dünyada ən tolerant ölkələrdir. Azərbaycanda heç bir dini sekta təzyiqə məruz qalmır. Eyni amili biz Türkiyə haqqında da deyə bilərik. Bu faktların özü və antiTürkiyə və antiAzərbaycan kampaniyalarının başlaması, qondarma “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınması göstərir ki, bu cür hadisələrin qarşısını yalnız ciddi hüquqi arqument, faktlarla çıxaraq ala bilərik. Bu cür toplu məzarların ortaya çıxarılması həm tarixi, həm də ədalət baxımından doğrudur. Cinayətkarların cəzasını alması baxımından ən doğru addım olardı”. Politoloq onu da vurğuladı ki, Azərbaycan beynəlxalq cəza məhkəməsinin üzvü deyil, ancaq başqa ölkələrin vasitəsilə bunu edə bilərik: “Konkret beynəlxalq tribunallar mövcuddur. İkinci Dünya müharibəsindən sonar Nürnberq tribunalı mövcud idisə, 90-cı illərdən sonra Yuqaslaviya parcalandıqda Serbiyanın müsəlmanlara qarşı tutduğu divanla yenidən beynəlxalq cəza məhkəməsi, tribunallar ortaya çıxdı. Digər dost ölkələr vasitəsilə Azərbaycan müraciət edə bilər. Fikrimcə, son hadisə yetərli deyil, Azərbaycanda başqa toplu məzarlıqlar da mövcuddur. Bu toplu məzarlar təkcə Azərbaycan deyil, Ermənistan ərazisində də mövcuddur. 1988-ci ildə Ermənistandan qovulan soydaşlarımızı Quqark rayonunda böyük həcmli turbanın içərisinə yığaraq hər iki tərəfi qaynaqlanıb, dağdan ataraq bu insanları məhv ediblər. Bu hadisələri xatırlayan soydaşlarımız mövcuddur və onları danışdıraraq ifadələrini qeydə almaqla, digər toplu məzarları da ortaya çıxarmaqla beynəlxaql cəza məhkəməsinə müraciət etməyə ehtiyacımız var. Belə olduğu təqdirdə bu, ədalət yerini almaqla yanaşı həm də dünyada bizim mövqelərimizi gücləndirər”.

Hərbi ekspert, istefada olan polkovnik-leytenant Nazim Bayram bildirdi ki, bu faktlar erməni faşizminin növbəti cinayətinin göstəricisidir: “Bundan əvvəl də, Başlıbeldən sonra da belə hadisələr olub. Təəssüf ki, Azərbaycan müvafiq qaydada beynəlxaq məhkəmə strukturları qarşısında bu hadisələri qaldırmayıb. Ermənistanın dövlət terroru Azərbaycan tərəfindən sübut olunub. İndiyədək bu dünyaya tam şəkildə çatdırılmayıb. İstər Xocalı faciəsi, istər Kəlbəcərdə 1992-ci il aprel 7-də baş verən Ağdaban qətliamını göstərmək olar. Bundan başqa Ermənistanın xüsusi xidmət orqanlarının Rusiyadakı erməni əsilli əməkdaşlarının Azərbaycana qarşı keçirdiyi birbaşa dversiyalar, dəmiryolunu partlatmaq cəhdi olub. Belə ki, İqor Xotkovski adlı bir dversant Ermənistan xüsusi orqanları tərəfindən Rusiya ərazisində gizlicə əməkdaşlığa cəlb olunub. Ermənistanın Krasnaselsk ərazisində Azərbaycana qarşı əvvəlcə metro partladan diversantları hazırlayıb. Sonraözü nü göndəriblər, gəlib burada dəmiryolunda partlayışlar törədib. Lakin Montin qəsəbəsində qaz xəttini partlamağa cəhd edərkən yaxalanaraq, bütün əlaqələri açılıb. O cümlədən məlum olub ki, Ermənistanın Rusiyadakı səfirliyində 19 nəfər xarici kəşfiyyatlara işləyən əməkdaşlar var. 1994-cü ildə Xotkovskinin məhkəməsi oldu, onunla işləyənlər ifşa olundu”. Azərbaycan bu istiqamətdə bir çox işlər gördüyünü deyən ekspertin fikrincə, ancaq Ermənistanı terrorçu dövlət kimi tanıtdırmaq məsələsində hələ ki, ciddi nailiyyətlərə nail olmamışıq: “Ermənistan terror dövlətidir və əməlləri tam sübut olunub. Biz soyqırımda qətlə yetirilən vətəndaşlarımızı unutmamalıyıq. Bunun üçün müxtəlif formada muzeylər yarada bilərik, əsas odur ki, xalqımız bunu unutmasın. Erməni faşizmini dünyaya tanıtdıraq. Dövlət başçısının dediyi kimi biz sadəcə Ermənistan ordusunu deyil, Azərbaycan erməni faşizmini darmadağın edib. Bu təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük xidmətdir ki, belə bir faşizm yuvasını dağıtmışıq. Başlıbellə bağlı da muzey olmalııdr, soyqırıma uğrayan azərbaycanlılar yad olunmalıdır. Ancaq hüquqi tərəfi də davam etməlidir. Araik Arutunyan dövlət cinayətkarıdır. Dövlət terroru həyata keçirən, Ermənistanın göstərişi ilə Azərbaycanın dinc yaşayış məskənlərini vuran cinayətkardır. Bu barədə materiallar toplanmalı, beynəlxalq hərbi tribunalın çağırılması istiqamətində işlər görülməlidir. Muzey yaratmaqla dünyaya göstərilsin ki, hansı vəhşilərlə qonşuyuq. 1988-ci ildən onlar bizim avtobusları, metroları partladan vaxtdan, bizə qarşı terror tipli müharibə aparılıb, soyqırımı siyasəti həyata keçirib. Əsas odur ki, biz bunun hüquqi əsaslandıraq və bu baxımdan məsuliyyətə cəlb edilsinlər. Millət kimi başımıza gətirilənləri unutmamalıyıq və bundan dərs almalıyıq”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu