XİN: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə heç kəs şübhə etməsin


XİN: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə heç kəs şübhə etməsin


Ermənistan Xarici İşlər Nazirliyi (XİN) 10 mart tarixində bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanla dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə, regional sülh və təhlükəsizliyə hədə təşkil etməkdə ittiham edib.

AFN-in xəbərinə görə, Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva məsələyə münasibət bildirib.

“Öncə bir məsələyə aydınlıq gətirək, bu bəyanatı kim verir? Bu açıqlama Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını hərbi işğal edib bu ərazilərdəki azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan işğalçı ölkənin XİN-in dilindən səslənir. Bu bəyanatlar son həftələr ərzində Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan sərhədçi əsgərlərimizi məqsədyönlü şəkildə qətlə yetirən Ermənistan Respublikasına aiddir.

Ermənistan tərəfinin diqqətinə bir daha çatdırırıq ki, güc tətbiqi və etnik təmizləmə nəticəsində yaranmış hazırkı status-quo vəziyyəti təhlükəsizlik anlayışı ilə heç cür uyğun gəlmir. Azərbaycanın ərazilərinin işğalı və bu ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu Azərbaycanın təhlükəsizliyinə əsas təhlükə mənbəyidir. Azərbaycan hər zaman təhlükəsizlik anlayışının bölünməzliyi və universallığı mövqeyindən çıxış edib. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, eləcə də bölgənin erməni və azərbaycanlı əhalisinin birgə sülh və qanunun aliliyi şəraitində yaşaması, birgə təhlükəsizliyin təminatı və bölgənin rifahı naminə etimadın və yaxınlaşmanın yaranmasını müəyyən edən şərtlərdir.

Ermənistan tərəfi mövcud reallığı düzgün dərk etməli və beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tam, dərhal və qeyd-şərtsiz boşaldılması, yerli azərbaycanlıların öz evlərinə geri qayıtmasının təmin olunması tələblərini yerinə yetirməlidir. Azərbaycanın ədaləti və beynəlxalq tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcəyindən heç kəs şübhə etməsin”, - deyə XİN rəsmisi vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu