Qənirə Paşayeva qazi leytenant Sabir Əsgərovla görüşüb - FOTOLAR


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində yaralanmış qazi leytenant Sabir Eldar oğlu Əsgərovla Milli Məclisdə görüşüb, onun müalicədən sonrakı durumu ilə maraqlanıb, ürək sözlərini bölüşüb.


“Düşmənin 2020-ci il iyulun 12-də Tovuz başlayan hücumu bütün Azərbaycan xalqının, özəlliklə gənclərimizin – əlbəttə, bir vətənpərvər zabit olaraq şəxsən sizin hiddətinizə səbəb olmuşdu. Siz hətta ailənizdən xəbərsiz, könüllü cəbhəyə getmək, işğalçı düşmənlə üzbəüz döyüşmək üçün səfərbərlik və hərbi çağırış idarəsində qeydiyyatdan keçmişdiz. Bu istəyinizi 2020-ci ilin sentyabrında Qarabağda növbəti düşmən hücumu başlayınca, yeniləmiş və bu dəfəki müraciətiniz nəzərə alınmışdır. Siz Füzuli rayonundan başlayaraq, Vətən Müharibəsində iştirak etmiş, sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə cəlb olunmuş və orada qəlpə yarası almısız.
Həkimlərimizin şəfqəti sayəsində indi sağlamlığınızı önəmli dərəcədə bərpa etmisiz. İnanırıq ki qarşı günlərdə tamamilə öz sağlamlığınıza qovuşacaqsız.
Siz cənab Prezidentin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmusuz.
Sizi tarixi zəfərimiz və dövlət təltifinə layiq görülməyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

Q.Paşayeva qazi zabitə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
S.Əsgərov səmimi görüş üçün təşəkkür edib.

Qeyd edək ki qazi Sabir Əsgərov ali təhsilli hüquqşünasdır. 2011-ci ildə Milli Ordu sıralarında Ağcabədidəki “N” saylı hərbi hissədə xidmətdə olub; həmin ilin noyabrında Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində xüsusi kursları bitirdikdən sonra ədliyyə leytenantı rütbəsi alaraq, xidmətini Naxçıvandakı “N” saylı hərbi hissədə hüquqşünas olaraq davam etdirib.
O, Vətən Müharibəsində Füzuli və Cəbrayıl rayonları ərazisindəki döyüşlərdə iştirak edib. Cəbrayıl döyüşlərində yaralandıqda, döyüşçü yoldaşları onu arxaya – həkim yanına aparmağa cəhd etsə də, o, döyüşlərin qızğın vaxtında bununla razılaşmamış, həmin günü döyüşlərə davam etmişdir. Nəhayət nisbi sakitlik yaranınca silahdaşlarının köməyi ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılmış, burada ilkin müalicədən sonra döyüşçü yoldaşlarının yanına qayıtmaq istəsə də, həkimlər durumu dəyərləndirərək, onun Bakıya – Müdafiə Nazirliyinin Hərbi hospitalına göndərilməsini məqsədəuyğun bilioblər.
Həkimlərin şəfqəti sayəsində indi sağlamlığına önəmli dərəcədə bərpa etmiş qazimizə möhkəm can sağlığı diləyirik!






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu