Vaksin olunan şəxs nə vaxt yoluxucu ola bilər? - Professor açıqladı


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom deyib ki, yaxın aylarda koronavirus pandemiyası nəzarət altına alınacaq: "Əgər əlimizdə olan alətlərdən davamlı və balanslı şəkildə istifadə etsək, pandemiyanı nəzarət altına ala bilərik”, - deyə Adhanom bildirib. Nəhayət ki, bu yay qorxu-ürküsüz, rahat bir mövsüm yaşaya biləcəyikmi? Bu, koronavirusun sona çatması anlamına gəlirmi?


Bu arada insanlar arasına peyvəndlərlə bağlı narahat doğuran suallar da yaranıb. Peyvənd vurduran insanlarda adətən koronaya xas simptomlar özünü göstərir, bu vəziyyətdə həmin şəxs ətrafdakılar üçün yoluxucu sayılırmı? Həmçinin allergiyası olan şəxslər vaksin olunmaqdan çəkinirlər. Bildirirlər ki, belə şəxslərə vaksin olunmaq təhlükəlidir.

Bu və digər suallarla bağlı Musavat.com-a tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb:

"Ümumdünya Səhiyyə Təşkilatının bu qərarı əslində məntiqlidir. Bu dalğadan sonra xeyli insanın xəstələnməsi, həm də vaksin olunanlar arasında immunitetin formalaşması kollektiv immunitetə xeyli yaxınlaşma deməkdir. Burda artıq həm mutasiyaların olması, həm də immunitetin formalaşması yavaş-yavaş pandemiyanın sonunu yaxınlaşdırır. Yəqin ki, ÜST rəsmiləri bunu nəzərə alıb proqnoz verir”.

Professor son günlər vaksinlərlər bağlı yayılan şayiələrə də münasibət bildirib: "Vaksinasiyadan sonra immunitet formalaşır. Vaksin innaktiv formada virusun və ya mokekulyar biologiyanın ən müasir üsulları ilə alınmış antigenin bədənə yeridilməsidir. Bu xəstəliyin bizə gedişini xatırlada bilər, müəyyən əlamətlər ortaya çıxa bilər. Bu da tam normaldır. Bundan başqa iynə vurulan yerdə qızartı, ağrı hərarət bir neçə gün davam edə bilər. Bu da keçici xarakter daşıyır. Vaksinasiyadan hələlik dünya üzrə ağır fəsadlar müşahidə edilməyib. Çünki dünya xəstəliklərə nəzarət mərkəzləri buna ciddi nəzarət edirlər. Bu kütləvi vaksinasiyadır. Yayılan şaiyələrin çoxu əsassızdır. O ki qaldı, vaksinin yoluxucu olub-olmamasına, peyvənd inaktiv virusun bədənə vurulmasıdır. Vaksindən sonra insan yoluxucu olmur. Ola bilər ki, xəstə adam xəbəri olmayıb, vaksin olunub, xəstəlik yeni başlayıb, vaksindən sonra onun xəstəliyi kəskinləşə bilər. Bu başqa bir məsələdir. Amma vaksin olunandan sonra ətrafdakıları yoluxdurmaq mümkün deyil”.

Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə baş allerqoloqu Lalə Allahverdiyeva isə bildirib ki, allergiyadan əziyyət çəkən xəstələr COVID-19-un inkişaf etməsinə görə risk qrupuna daxil deyillər: "Ona görə ki, belə xəstələrin tənəffüs yollarının hüceyrələrində AÇF2 (angiotenzin çevirici ferment-2) geninin ekspressiyasının azalması müşahidə olunur. Lakin ağır dərəcəli, nəzarət olunmayan bronxial astmalı və COVID-19-un geniş yayılmasına görə yüksək risk qrupunda olan xəstələr istisna təşkil edirlər. Virus xəstəlikləri və COVID-19 allergiyanın simptomlarını ağırlaşdıra bilər. Bu, respirator allergiya - bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir. Virus iltihablaşmış selikli qişadan asanlıqla orqanizmə daxil olur və xəstədə allergiyanın gedişini ağırlaşdırır. Digər bir klinik mənzərə də ola bilər. Məsələn, xəstə bronxial astmanın remissiya mərhələsində olub, lakin koronavirus infeksiyasına yoluxub. İnfeksiya tənəffüs yollarının selikli qişasının virus mənşəli iltihabına gətirib. Allergenlərin zədələnmiş selikli qişadan keçməsi artır və biz beləcə allergik iltihabın kəskinləşməsini izləyə bilərik.

Allergik xəstəliklər peyvəndlənmə, o cümlədən də COVID-19 əleyhinə peyvəndləmə üçün əks-göstəriş deyil. İstənilən peyvəndləmə üçün əsas əks-göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişin olmasıdır. Peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər yeridilmiş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır sistem və anafilaktik reaksiyaların olmasıdır. Peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil. Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır".

Qeyd edək ki, ölkəmizdə vurulan vaksinlərin ümumi sayı 1 381 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 917 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 464 090 təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu