Vaksin vurdura bilməyənlər COVID pasportunu necə alacaqlar? - AÇIQLAMA
“Vaksin vurdura bilməyən şəxs yoxdur. Bu sadəcə həmin şəxslərin kaprizləridir. Vaksin elə yanaşı xəstəliyi olan şəxslərə vurulmalıdır ki, sonra problemlə üzləşməsinlər”.
Bu sözləri BAKU.WS-ə açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, anti-vaksin kampaniyası yaradanlar və bu prosesə qoşulanlar, əfsuslar olsun ki, yetərincə var: "Bu şəxslər nəinki özlərini, hətta ətraflarında da vaksinasiyaya qarşı şübhə yaradırlar. Biz qırmızı zonada olanda və xəstələri orada görəndə sual edirdik ki, vaksin olunmaq yaxşıdır, yoxsa bu vəziyyətdə əziyyət çəkmək?
Buna görə vaksin vurdurmaq lazımdır. Vaksin tərəddüdü insan sağlamlığını təhdid edən 10 amildən biri sayılır. Vaksindən qaçanlar və onu vurdura bilməyənlər bu işə çox ciddi zərbə vuranlardır.
Xüsusi allergiyası olan şəxslərə də fon yaradıb vaksin vurmaq olar. Onların bədəninin həssaslığı aşağı salınaraq vaksin vurula bilər".