Elektrik enerjisinin qiymətinin bahalaşması haqda xəbər nəbz yoxlaması idi – ekspertlərdən ETİRAZ


Son günlər güdəmdə olan mövzulardan biri elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması ilə bağlıdır. Yayılan məlumatlara görə, Tarif Şurasının qərarı ilə hər kVT/s elektrik enerjisiin qiyməti 14 qəpik olacaq. Qeyd edək ki, hazırda bu rəqəm əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpikdir. “Azərişıq”ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev elektrik enerjisi tariflərinin artırılması barədə yayılan məlumatlarla bağlı bildirib ki, şirkət qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib. Lakin qeyd edək ki, qiymət artımı ilə bağlı dəyişiklik bir neçə dəfə təcrübədə olub. Məsələn, son olaraq “Azərsu” ASC qiymət artımının olacağı ilə bağlı yayılan məlumatları təkzib etsə də, çox keçmədən bu artım təsdiqləndi. Hazırda ictimaiyyətdə belə bir rəy var ki, əgər elektrik enerjisinin bahalaşması ilə bağlı xəbər ortaya atılıbsa, demək yenə nəbz yoxlamasıdır.





İiqstisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, bu, qiymətartımı öncəsi nəbz yoxlanmasıdır. Ekspert AFN-ə açıqlamasında da bildirdi ki, “Azərişıq” Tarif Şurasına müraciət edilmədiyini, qiymətlərin qaldırılmayacağını açıqlayıb: “Amma Azərbaycan reallığını nəzərə alsaq, ola bilər ki, ictimai rəyin sadəcə bu məsələyə hazırlanması, informasiya dövriyyəsi yaşandı. Yəni insanların bu məsələ ilə bağlı ilkin fikirlərini öyrənmək üçün nəbz yoxlaması oldu. Əslində “Azərişıq” da, “Bakıelektrikşəbəkə”də digər dövlət qurumları kimi, dəfələrlə bəyan ediblər ki, ziyanla işləyirlər. Yəni, maya dəyəri yüksəkdir. Yanvar ayının əvvəlində təbii qazla da bağlı müraciət edilmişdi, Tarif Şurası hələlik qəbul etmədi. Ancaq suyun qiyməti qaldırıldı və bunun səbəbi kimi də əsasən “Azərsu”nun ziyanla işlədiyi göstərilirdi”. İqtisadçının sözlərinə görə, hökumətin yanaşması ondan ibarətdir ki, dövlət şirkətləri dövlət büdcəsindən dotasiya almasın: “Yeni yaradılmış strukturlar da var ki, məhz dövlət şirkətlərinin optimal çalışmasına, izafi xərclərdən azad edilməsinə, onların gəlirlə rentabelli çalışmasına şərait yaratmalıdırlar. Ancaq “Azərsu” timsalında gördük ki, daxili audit xərclərinin azaldılmasındansa ilkin addım kimi qiymətlərin artırılması yolu seçildi. Ona görə də istisna deyil ki, dövlət büdcəsindən dotasiyalar getdiksə kəsiləcəksə, dotasyalar ayrılmayacaqsa, büdcəyə yük olmaqdan çıxarılacaqsa, dövlət şirkətlərinin qiymət artımına getməsi ehtimalı mümkündür. Ola bilər ki, bir müddət sonra həm qazla, həm elektrik enerjisi bağlı qiymət artımı barədə qərarlar verilsin”.
“Buna indiki şəraitdə ehtiyac varmı?” - sualına gəldikdə isə ekspertin sözlərinə görə, təbii ki, yoxdur: “Alıcılıq qabiliyyətini, pandemiyanın vurduğu ziyanları nəzərə alaraq əhalinin sosial vəziyyəti daha da ağırlaşıb. Təəsüf ki, hökumətin optimallaşdırma addımları həmin şirkətlərin xərclərinin azaldılması yönündə deyil, hələlik biz bunu görmürük. Ona görə də əgər dotasiyalara qalacaqsa, paralel olaraq izafi xərclərin azaldılması yönündə bir addım atılmayacaqsa bir müddət sonra qiymət artımın şahidi ola bilərik. Təbii ki, kommunal xidmətlərin qiymət artımı əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir. Bu, həm də inflyasiyanı sürətləndirən amilə çevrilə bilər. Çünki istənilən anda mal və xidmətlərin maya dəyərində kommunal xidmətlərin böyük rolu olur. Elektrik enerjisi və yaxud, təbii qazın qiymətində artım olacaqsa, digər sahələrdə qiymət artımına səbəb olacaq. Əhalinin soisial vəziyyətinin daha da pisləşməsi ilə nəticələnəcək”.



İqtisadçı ekspert Samir Əliyev mövzunu AFN-ə şərh edərkən bildirdi ki, bu məsələyə iki istiqamətdən yanaşmaq lazımdır: “Birincisi, buna nə dərəcədə ehtiyac var? Yəni, pandemiya əhalinin gəlirlərinə mənfi təsir vurub, xəstəliklə bağlı əlavə xərclər çəkmək məcburiyyətində qalıb. Bu istiqamətdə yanaşsaq, qiymətin artırılması indiki məqamda yolverilməszdir. Onsuz da suyun, ərzağın qiyməti qalxıb. Bir tərəfdən də enerjinin qiymətinin qalxması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərəcək. Bu, həm də əhalinin tərkib hissəsi olan sahibkarlar üçün arzuolunmazdır. İkinci istiqamət isə odur ki, bu artım gözlənilirdimi? Əlbəttə, gözlənilirdi. Bir sıra sahələr var ki, su, qaz, işıq, rabitə, nəqliyyat və s. qiymətlər dövlət tərəfindən tənzimlənir. Bazar tərəfindən tənzimlənmədiyindən onun real qiymətini bilmirik. İndi yanaşma belədir ki, hər şeyin qiyməti qalxıb, ancaq işığın qiyməti bir neçə il öncə artıb. Bu baxımdan hesabatda da göstərilir ki, maya dəyəri baha başa gəlir, şirkət üçün rentabelli deyil.Həmin hesabatlar tam açıqlanmır, biz necə bilə bilərik ki, şirkət şəffaf işləyir, səmərəlilik yüksəkdir? Bunlar hamısı qapalıdır, açıq deyil. Qiymət artımı ortaya çıxdıqda biz bunun vacib olduğunu sual altına alırıq. Şəffaflıq olmadığına görə, bunun səmərəsi olmayacaq”.
İqtisadçının fikrincə, hər bir halda qiymət artımı olacaq, bu gün olmasa da bir müddət sonra reallaşacaq: “Əhalinin gəlirləri azalıb, ərzağın, yanacağın, suyun qiyməti artıb, bu bir tərəfdən əhalinin xərclərini artırır, digər tərəfdən aldığı malların qiymətini bahalaşdırır. Onsuz da əhali zərər çəkib, enerjinin qiymətinin artması bunu daha da artıra bilər. Bu hər bir halda mənfi təsir göstərəcək”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu