Jurnalistlərə vahid kartın verilməsi ideyası narazılıqla qarşılandı
Jurnalistlərə vahid kartların verilməsi ilə bağlı Medianın İnkişafı Asgentliyinin icraçı direktoru Əhməd İsmayılovun açıqlaması müzakirələrə səbəb olub. Ə.İsmayılov bildirib ki, “Medi haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bu məsələ müzakirə edilə bilər. Jurnalistlərə vahid kartların verilməsinə ehtiyac varmı?
Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu AFN-ə açıqlamasında bildirdi ki, vahid kartların normal demokratik ölkələrdə, media azadlığı olan yerlərdə tətbiq olunması mümkün deyil: “Çünki medianın özü-özünü tənzimləməsi mexanizmi prioritetdir və dövlət qurumları hansısa formada sənəd vermir. Yəni, sənəd vermə bütün halda lisenziyalaşma anlayışına aparıb çıxarır. Belə olan halda dövlətin həmin jurnalisti qeydə alması və vahid kart verməsi demokratik yanaşmada yol verilən deyil, ancaq istisnalar var. Belə ki, Türkiyə təcrübəsində əvvəllər var idi. Jurnalistlərə əlavə üstünlüklərə görə vahid kart verilirdi. Kimsə o üstünlükdən istifadə etmək istəyirdisə o kartı alırdı. Məsələn, pulsuz nəqliyyatdan istifadə etmək, polisin telsiz sisteminə qoşulma və s. O zaman kimsə qoşula bilirdi, ancaq o demək deyildi ki, hamı qoşulurdu, könüllü idi. Ancaq indiki halda bizim təcrübəmiz onu göstərir ki, vahid kart dedikdə daha çox kontrol altına almaq nəzərdə tutulur. Onsuz da son 12 ildə KİV DF-nin fəaliyyəti müddətində gördük ki, jurnalistləri dolayı yolla özündən asılı hala salmaq, beləliklə onların gerçək funksiyasını icra etməyə mane olmaq istəyi var. Jurnalistikanın gerçək funksiyası ilk növbədə hökumətə nəzarətdir. Hökumətə nəzarəti hökumət müəyyənləşdirirsə, təbii ki, özünə sərf edənləri müəyyən edəcək. Bu aspektdən baxanda vahid kartın tətbiq olunması nə hüquqi mühitdə mümkün deyil, ona görə ki, Konstitusiya buna imkan vermir. Nə də ki, bundan sonra bu istiqamətdə qanun qəbul edilməsi normal yanaşma sayıla bilməz. Dövlət mühit yaratmalıdır, informasiya azadlığı mühitini qorumalıdır, hər kəsin informasiyaya çıxışını təmin etməlidir. Qalan məsələni izləyici, oxucu, media özü müəyyən edəcək. Nəyi oxusanız, nəyə baxsanız onun reytinqi yüksək olacaq. Kimi bəyənməsəniz o silinib gedəcək. Bu, dövlətin işi deyil, oxucu, izləyici öz ölçüsü ilə səliqə-səhman yarada bilər”.
Ekspertin fikrincə, daha əvvəllər də jurnalistlərə belə bir kart verdilər, sonra məlum oldu ki, verilməsində iştirak edənlərin bəzilərini “reketliklə” bağlı həbsə atdılar: “KİV DF-nin rəhbəri hazırda həbsdədir. Deməli, korrupsiya ilə məşğul olmaq istəyən, yaxud da hüquqa zidd işlə məşğul olmaq istəyənə hansı formada nə verirsizsə verin, əsas vicdan, ictimai nəzarət məsələsidir. Ona görə vahid kart heç nəyi həll etmir. Azərbaycan jurnalistikasında problem var. Amma jurnalistikanın problemi sadəcə içərdəki “reket jurnalistika”dedikləri kateqoriya deyil, həm də onu bəsləyən ciddi şəkildə məmur qrupu var. Hansısa formada kimlərisə kontrolda saxlamaq üçün jurnalistlərə dolayı yolla pul ötürənlər var. Bunlar varsa jurnalistikanı təmizləyə bilməzsiz”.
“Reuters” agentliyinin əməkdaşı Nailə Balayeva isə bildirdi ki, çalışdığı agentliyin jurnalistləri adətən “Reuters”in kartları ilə fəaliyyət göstərirlər: “O cümlədən məndə bu kart var. Lakin mən Azərbaycan ərazisində bu kartla fəaliyyət göstərə bilmirəm. Çünki xarici agentliklərdə çalışan jurnalistlər çoxdan XİN-ə akkreditasiya kartları ilə işləyirlər. Bu da Azərbaycanda xarici medianın fəaliyyətini tənzimləyən qanunla tənzimlənir. Biz hər birimiz akkreditasiyadan keçirik və XİN kart verir. Bizdə iki kart var. Mən hansısa tədbirə gedəndə ikinci kartımı göstərməliyəm. Məsələn, Amerkada, İngiltərədə bizim müxbirlərimiz “Reuters”in kartları ilə işləyir”. Vahid kartların verilməsinə gəldikdə isə N. Balayeva deyir ki, vahid kartların verilməsini uğurlu ideya hesab etmir: “Məsələn, müxtəlif tədbirlər, konfranslar olur, oraya müəyyən KİV nümayəndələri buraxılır, bir qismi buraxılmır. Mən istisna etmirəm ki, bu kartların verilməsində də ayrı-seçkilik olmayacaq. KİV-in kartlardan başqa bir çox problemi var. Əgər bu problemlər həll olunsa inanmıram ki, “reket jurnalistlər” olsun, yaxud belə vəsiqədən istifadə edən jurnalistlər olsun. Yəni, bir stategiya olmalıdır, hansı ki, əsaslı inkişafa aparsın. Bu olduqdan sonra kartları tətbiq etməklə şəffaflaşma üçün hansısa addımlar atmağa ehtiyac qalmayacaq”.
NİGAR