Məmurlar baş sındırır ki, necə edək bu sektoru ələ keçirək - MÜSAHİBƏ


Ərzaq təhlükəsizliyinin təminatı üçün kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində tədbirlər qaçılmazdır. Bu məqsədlə də davamlı strateji layihələrin həyata keçirilməsinə ehtiyac var. Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində reallaşdırılan tədbirlər bu sektorda irəliləyişə imkan verirmi və mövcud problemlər, onların həlli yolu hansılardır? Müsahibimiz iqtisadçı-ekspert Akif Nəsirlidir:


- Regionların sosial-iqtisadi inkişafını və xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə dəyərləndirirsiz?

- Son 20 ildə ölkədə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 proqram həyata keçirilib. Ancaq buna rəğmən ölkədə kənd təsərrüfatının inkişafında ciddi irəliləyişlər müşahidə etmirik. Azərbaycanın regionlarında iqtisadiyyatın aparıcı növü kənd təsərrüfatı, yəni aqrar sahədir. Hələ sovet dövründə əməkqabiliyyətli əhalinin 65 faizi kənd təsərrüfatı ilə məşğul idi. Ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının 80 faizdən çoxunu yerli istehsal təmin edirdi. İndi isə ölkədə kənd təsərrüfatı məhsullarına olan tələbatın təxminən 50 faizi yerli istehsal hesabına təmin edilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar başlayana qədər də belə idi, indi də belədir. Bu proqramlara nəzər salsaq, görərik ki, kənd təsərrüfatı üçün əsas məsələ kosmetik sayıla bilən tədbirlərdir. Məsələn, həmin proqramlar çərçivəsində bir neçə rayonda tərəvəz anbarları tikdik, həmin anbarlara milyonlarla vəsait xərclənib, lakin onların böyük əksəriyyəti bu gün boşdur. Bu, səmərəsiz xərc sayıla bilər. Ona görə də regionların sosial-iqtisadi inkişafına investisiya qoyduqda əvvəlcədən dəqiq müəyyənləşdirməliyik ki, hansı sahələrə, nəyə investisiya qoymalıyıq. Sözsüz ki, bol məhsulun yaranmasına şərait yaratmalıyıq. Ancaq biz götürdük bol məhsul reallaşdırmamış tərəvəz anbarları tikdik, bu gün həmin anbarlar ağzı günə qalıb. Mənim fikrimcə, proqramlar səmərəsizdir. Məsələn, pambıqçılığı strateji sahə kimi qəbul etmişik, kəndlərdə yalnız pambıq əkməyə stimullaşdırmağa çalışırıq. Hansı əlamətinə görə pambığı strateji məhsul elan etmişik? Pambıq Azərbaycana valyutadan başqa heç nə gətirmir. Azərbaycan pambığı da dünyada ən az lif çıxımına malik olan, ən keyfiyyətsiz pambıqdır. Bizim pambıq Misir, Meksika, Özbəkistan pambığı deyil. Özbəkistan pambığının 250 kiloqramından çıxan lif bizim pambığın 1 tonundan çıxır. Biz kənd təsərrüfatının inkişaf etdirilməsinin istiqamətlərini doğru müəyyənləşdirməmişik. İndi gələcəkdə hansı dəyişikliklər olacağını hökumət daha yaxşı bilir. Ancaq indi fermerlərin nə ucuz kreditə, nə ucuz gübrələrə əli çatır, nə su təminatı, toxum təminatı var. Kənd təsərrüfatı ilə məşğul olan insanlar çox ciddi problemlərlə üzbəüzdürlər. Bu gün az-çox heyvandarlıqla məşğul olan fermerlər müəyyən qədər qazanc əldə edə bilirlər. Lakin onların da gələcəkdə ciddi problemləri yaranacaq. Çünki bizdə heyvanların bəslənməsi daha çox təbii otarma vasitəsilə, son vaxtlar ətlik heyvanların bağlı şəraitdə bəslənilməsinə diqqət ayrılıb. Heyvan sayı artdıqca örüş yerlərinin otarılması ekoloji problemlər yaradacaq. Bu gün fermerlərə pul vermək, gübrə, toxumla təmin etmək azdır. Fermeri həm də maarifləndirmək lazımdır ki, dünyada kənd təsərrüfatının inkişaf trendləri nədən ibarətdir, torpağa necə qulluq etmək lazımdır. Kəndlərdə fermerə desən ki, torpağa qulluq etmək lazımdır,
deyər bu nədir? Məsələ burasındadır ki, bu gün heyvandan çox, torpağa qulluq etməliyik. Torpağın tələbatı, onun sıradan çıxmaması üçün vacib aqrotexniki qaydaları həyata keçirməliyik ki, sabah əlimizdə qısır torpaqlar sahəsi genişlənməsin. 2019-cu ilə nisbətən 2020-ci ildə kənd təsərrüfatında ümumi məhsuldarlıq 20 faiz aşağı düşüb. Aqrotexniki qaydalara əməl etmədiyimizə görə torpaqların münbitliyi azalır. Hazırda kənd təsərrüfatının çox ciddi problemləri var və hələ ki, həll etmirik, bunun səbəbi də siyasi məsələdir.

- Mövcud problemlər düzgün strategiyanın olmaması, yoxsa kadr problemi ilə bağlıdır?

- Bunlar ikisi bir-biri ilə əlaqədardır. Birincisi kadr olmalıdır, ikincisi strategiyanı dəqiq müəyyən etməlidirlər. Bunu da dəqiq müəyyən etmək üçün fermerin özündən soruşmaq lazımdır. Biz Bakıda kondisionerli otaqda oturub, kənd təsərrüfatının imkanlarını müəyyənləşdirə bilmərik. Bu gün savadsız fermer, məsələn, Sabirabad rayonunda bilir ki, nəyi yaxşı becərə bilər. Bir qədər kəndliyə, fermerə sərbəstlik vermək lazımdır. Kəndli iki məsələni həmişə diqqətdə saxlayır - nəyi yaxşı əkib becərə bilər, nəyi sata bilər. Ona görə də strategiyanın əsasında fermerlərin sərbəstliyi durmalıdır. Biz fermerlərə heç nəyi diktə etməməliyik. Biz sadəcə fermerlərə şərait yaratmalıyıq ki, onların ehtiyacları ödənilsin, onların lazım olan resurslara əlləri çatsın və müəyyən yollarla da onları stimullaşdırmaq olar. Məsələn, hökumət istəyirsə ki, hansısa məhsul daha çox istehsal olunsun, onda müəyyən yollarla, vergi güzəştləri, ucuz kredit, dotasiyalarla stimullaşdıra bilər. Necə ki, indi pambıq stimullaşdırılır. Əslində biz bu gün kənd təsərrüfatı məhsullarının 50 faizini xaricdən idxal ediriksə, nəyə görə ixracat üçün məhz pambıq istehsal edilməlidir? Bu çox maraqlı bir sualdır. Pambıq da dünya bazarında ən ucuz qiymətə gedir.

- KTN bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsinə başlayıb. Məqsəd vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir. Sizcə, bu, daha çox gəlir əldə etməyə imkan verəcəkmi?

- Ümumiyyətlə, torpaqların birləşdirilməsi, böyük torpaq sahələrinin olması kənd təsərrüfatı üçün daha səmərəli məhsul istehsalına şərait yaradır. Bu dünyada da təsdiqlənmiş bir faktdır. Yaxın keçmişimizdə bizdə də kolxoz və sovxozlar olub, səmərəli şəkildə işləyib, bol məhsul yetişdirilib. Ancaq torpaqların inzibati qaydada birləşdirilməsi, bir əldə cəmlənməsi hüquqi baxımdan doğru deyil. Biz sadəcə elə layihələr işləməliyik, elə şərait yaratmalıyılq ki, kəndlilər öz arzuları ilə torpaq sahələrini birləşdirsinlər və birlikdə fəaliyyət göstərsinlər. Bunun bir variantı hökumətin həyata keçirdiyi model ola bilər. Ancaq bu model dövlət fondu torpaqlarında həyata keçirilmə üçün səmərəlidir. Biz onun variantını tapmalıyıq ki, necə edək ki, fermerlərə düşən kiçik pay torpaqları təbii şəkildə birləşdirilsin, o sahə ümumi olaraq becərilsin. Əks təqdirdə, fermerlərin, pay torpağı olanların hüquqlarını pozmuş olacağıq. Ancaq qeyd etdiyim kimi, torpaqların cəmləşdirilməsi, təmərküzləşməsi bol məhsul yetişdirməyin əsas şərtlərindən biridir.

- Rusiya pomidor və alma idxalına olan qadağanı götürüb. Son vaxtlar Rusiyanın tətbiq etdiyi qadağa ilə bağlı ölkədəki bazarlarda kifayət qədər və ucuz qiymətə pomidor yer aldı. Sizcə, yerli istehlakdan əldə edilən gəlirlə ixracdan əldə edilən gəliri müqayisə etmək olarmı?

- İxracdan əldə edilən gəlir təbii ki, daha çoxdur, ancaq yerli bazarlarda o səviyyədə alıcı yoxdur. Yerli bazarla o ixracatın yerini doldura bilmərik. Yayda da pomidor 30-50 qəpik idi, qışda da təxminən bu qiymətə oldu. Bu da onunla əlaqədar idi ki, Rusiya bazarları üçün istehsal edilmiş pomidor sərhəddən kənara çıxa bilmirdi və onun daxili bazara qayıtması məcburiyyəti yaranırdı. Ona görə də həm bir tərəfdən bolluq yaranırdı, digər tərəfdən Azərbaycanda qış aylarında pomidora tələbatla bağlı ənənə yoxdur. Baxmayaraq ki, biz dünyada pomidor istehsalçısı kimi tanınırıq. Yəni, Rusiya bazarlarının Azərbaycan üçün bağlanması fermerlərin bankrot olmasıdır. Elə bir problem ortaya qoymuşdular ki, heç bir zərəri yox idi. Buradan da görünür ki, siyasi xarakter daşıyan bir qadağa idi. Bu da ölkədə fermerlərə ziyan vurdu. Belə hallarda fermerlərə dəyən ziyanı hökumət kompensasiya etməlidir. Çünki burda fermerlərin günahı yoxdur, siyasi bir məsələ idi. Ancaq təəssüf ki, bizdə bu ənənə yoxdur. Məsələn, mən şimal zonasında belə bir problemlə qarşılaşdım, yanvar ayında gəlib fermerlərin istixanalarından sayğacları söküb aparıblar ki, bu sayğacların yoxlama vaxtıdır. Təbii ki, sayğaclar sökülürsə, qaz da yoxdur, istixanalar məhv olub gedir. Rusiyanın qadağa qoyması bizdən asılı deyil, ancaq yerlərdə olan bu problem isə bizim özümüzdən asılıdır.

- İşğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” layihəsinə başlanılacaq. Bu layihənin regionun sosial-iqtisadi, o cümlədən kənd təsərrüfatının inkişafında rolunu necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, "Ağıllı kənd", "Ağıllı şəhər" layihələrini 30 il ərzində ermənilərin viran qoyduğu ərazilərdə salınmasını anlamaq çətindir. Belə layihələr, o ərazilərdə tətbiq olunur ki, orada əhali çox yaşayır, əhalinin problemləri ənənəvi qaydada aradan qaldırıla bilmir və burada həmin layihələr tətbiq edilir. Təsəvvür edin ki, 2007-ci ildə "Nəqliyyatın intellektual idarə edilməsi" layihəsini Bakıda deyil, Yevlaxda həyata keçiririk, bu gülməlidir. Yevlaxda heç bir tıxac yoxdur, əhali seyrəkdir, nəqliyyatın hərəkətində heç bir problem yoxdur. Bu baxımdan da mən hesab edirəm ki, daşı-daş üstündə olmayan bir yerdə "Ağıllı kənd" layihəsini həyata keçirmək doğru deyil. Birincisi, orada kimlərin yaşacağını bilmirik, bəlkə heç kim getməyəcək. Bir tərəfdən də bu layihənin eskizlərini belə təsəvvür edirəm ki, həmin ərazilərdə torpaq islahatı aparılması nəzərdə tutulmur, həmin torpaqlar pay torpağı kimi deyil, böyük təsərrüfatlar yaradılacaq, orada çalışanlar da yəqin ki, bu kiçikhəcimli "Ağıllı kənd", "Ağıllı şəhər"lərdə yaşayacaqlar. Loru dillə desək, bu gün "Ağıllı kənd" layihəsi həyata keçirməklə, kənd təsərrüfatında gələcəkdə qurulacaq oliqarx-monopolist şirkətlərin məskunlaşması, əməkçi kontingentlərinin yaşaması üçün kənd tikirik. Məsələn, Beyləqan rayonunda fermerlərə necə torpaq verilibsə, işğaldan azad edilən ərazilərdə də belə bir islahat həyata keçirilməlidir. Əmlak isə kompensasiya olaraq dövlət tərəfindən verilməlidir. Ondan sonra orada məskunlaşma gedəndən sonra "Ağıllı kənd" layihəsi həyata keçirə bilərik. Oliqarxların kənd təsərrüfatı müəssisələri yaradılacaqsa, bu məhsulların istehsalına böyük töhfə verəcək, lakin bu töhfə işğala qədər məskunlaşmış əhalinin hüquqlarının pozulması hesabına başa gəlir.

- Belə bir fikir səslənir ki, artıq işğaldan azad edilmiş ərazilərdə əvvəllər yetişdirlən məhsullara deyil, bu gün bazarda tələbat olan məhsullara üstünlük vermək lazımdır. Sizcə, bu nə dərəcədə doğrudur?

- Ümumiyyətlə, yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, bütün ərazilərdə fermerlərə sərbəstlik vermək lazımdır ki, istehsal edəcəyi məhsulu özü seçsin. Biz isə onları maarifləndirməliyik, bazara çıxışı zəifdirsə onu aradan qaldırmalıyıq. Son 10 ildə Bakı şəhərinə fermerlərin hansısa məhsulu gətirib satmaq imkanlarının yaradılmasının şahidi olmamışıq. Satış yarmarkaları yaradılır, burada heç bir fermer yoxdur, hansısa bazardan gətirilmiş alverçilərdir. Yəni, biz fermerə kömək etməliyik, diqtə etməməliyik, nəyisə istəyiriksə onu stimullaşdırma yolu ilə etməliyik. Məsələn, istəyiriksə, çox taxıl əkilsin, o zaman fermerlərə aşağı faizlə kredit verməliyik, dotasiyalarını artırmalıyır, hər kiloqrama görə əlavə pul verməliyik və s. Ancaq inzibati qaydada tələb etsək söhbət əksəriyyətdən gedirsə, o xeyir götürə bilməz. Əslində bu qaydalar hər kəsə bəllidir. Azərbaycanda iqtisadiyyatın bütün sahələri inhisarlaşıb, qalan sahə yalnız kənd təsərrüfatıdır. Neçə illərdir ki, məmurlar baş sındırır ki, necə edək bu sektoru ələ keçirək. Ələ keçirəndən sonra görünəcək ki, kənd təsərrüfatına büdcədən milyardlarla vəsait ayrılacaq. Bu sahənin inkişafdan geri qalmasının bir səbəbi bu sahədə inhisarlaşmanın olmamasıdır.

Nigar ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu