İcbari tibbi sığorta insanların səhiyyədən narazılığını aradan qaldıra biləcəkmi? - MÜZAKİRƏ


Bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək. İcbari tibbi sığorta Azərbaycana nə verəcək? Vətəndaşların səhiyyə ilə bağlı narazılıqları aradan qalxacaqmı?




Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov AFN-ə bildirdi ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanda həyata keçirilən sosial islahatların növbəti mərhələsi kimi qiymətləndirilməlidir. “Yeni sistemə keçid bütün vətəndaşlar üçün tibbi xidmətlərin əlçatanlığını təmin edəcək” deyən millət vəkili qeyd etdi ki, icbari tibbi sığorta tibbi xidmətlərin keyfiyyətinə də müsbət təsir göstərəcək: “İcbari tibbi sığorta sistemi tibbi xidmətin təşkilinin və maliyyələşdirilməsinin yeni mexanizmlərinin tətbiqini nəzərdə tutur. Bu sistem bütün vətəndaşlara keyfiyyətli ilkin tibbi xidmətlər göstərilməsini təmin edəcək. Yeni sistem həkimlərin, bütün səhiyyə işçilərinin sosial durumunun yaxşılaşdırılmasına da imkan yaradacaq. Bu, eyni zamanda, həkimlərin peşəkarlığının daha obyektiv və ədalətli meyarlar əsasında qiymətləndirilməsi formulunu ortaya çıxarır. Yəni həkimlərin əməkhaqqları, aldıqları məvacib onların pasiyentlərə göstərdiyi xidmətin keyfiyyəti ilə müəyyən olunacaq. Burda kənar amillər deyil, məhz vətəndaşların seçimi həlledici rol oynayacaq. Bununla bağlı bütün zəruri hesablamalar aparılıb. Həkimlərin maaşı baza hissədən və göstərdiyi xidmətlərə görə gələn gəlirdən ibarət olacaq. Baza hissəsi dəyişməz qalacaq, digər hissə isə xidmətlərin səviyyəsi və keyfiyyətinə görə dəyişəcək”.
Həmsöhbətimizin sözlərinə görə, icbari tibbi sığorta sisteminin daha bir üstünlüyü səhiyyə sistemində idarəetmə mexanizminin təkmilləşdirilməsinə zəmanət yaratmasıdır: “İlkin ambulator səviyyədən stasionar səviyyəyə kimi tibbi xidmətlər zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinə nəzarət etmək mümkün olacaq. Bütün vətəndaşlar qeydiyyatda olduqları ailə sağlamlıq mərkəzlərində zəruri ilkin tibbi xidmətləri heç bir ödəniş etmədən ala biləcək. İcbari tibbi sığorta sistemi həmrəylik və ədalət prinsipinə əsaslanır. Bu sistemin əsas fəlsəfəsi ondan ibarətdir ki, insanlar sosial statusundan asılı olmayaraq ilkin tibbi xidmətlər zərfinə daxil olan bütün xidmətləri əldə edə biləcək. Burada sadəcə işləmək qabiliyyətinə malik olsa da, işləməyən, sosial həssas kateqoriyaya daxil olmayan insanlar müəyyən məbləğdə ödəniş edəcəklər. 18 yaşına çatmamış uşaqlar, əyani təhsil alan tələbələr, işləməyən təqaüdçülər və aztəminatlı ailələr, sosial həssas kateqoriyadan olan digər vətəndaşlara isə güzəştlər nəzərdə tutulub”. Millət vəkili icbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisələrinin dərmanlarla təchizatı sahəsində mövcud problemlərin də tədricən aradan qalxacağının gözlənildiyini qeyd etdi.



İqtisadçı-ekspert Azər Mehdiyev bildirdi ki, icbari tibbi sığorta əhalinin tibbi xidmətlərlə təminatında əhəmiyyətli alətlərdən biridir: “Çünki Azərbaycanda mövcud tibbi xidmətlər sistemində, demək olar ki, pasiyentin hüquqları müdafiə olunmur. Pasiyent həkimə gedir və həkim də müxtəlif müayinələr, dərmanlaar yazır. Bunun nə dərəcə doğru-düzgün müalicə olduğu barədə pasiyentin heç bir məlumatı olmur. Bir çox hallarda həkimlər müxtəlif dərman şirkətləri ilə müqavilə bağlayıb onları həmin dərmanları almağa yönəldirlər. Eyni zamanda dövlət səhiyyəsi əslində büdcədən maliyyələşməsinə rəğmən əhali bunu cibindən ödəyir. Həm də səhiyyə sistemində əmək haqqının aşağı olması keyfiyyətli tibbi xidmətin təqdim olunmasını çətinləşdirən amillərdən biri olur. İcbari tibbi sığorta əslində bütün problemlərin aradan qaldırılmasına xidmət edən mexanizmdir. Çünki burada yalnız dövlət büdcəsindən deyil, əhalinin müxtəlif təbəqələri müəyyən qədər tibbi sığorta ödəməklə maliyyələşmədə iştirak edirlər. Ən azı bu, imkan verə bilər ki, tibb işçilərinin maaşı artırılsın və onlardan keyfiyyətli xidmət tələb olunsun. İkinci vacib məqam odur ki, artıq tibbi xidmət göstərənlə maliyyələşdirən qurum arasında, iki müxtəlif qurum olduğuna görə göstərilən tibbi xidmətin keyfiyyətinə, düzgün müalicə aparılmasına, həm də sığorta təşkilatı nəzarət etməlidir. Bununla da tibbi xidmət alan pasiyent yalnız Allahın ümidinə, yaxud həkimin vicdanına buraxılmır, həm də sığorta təşkilatı aparılan müayinənin düzgün və lazımi olduğunu müəyyən etməklə bunun əsasında onun haqqının ödənilməsinə gedirlər ki, bu da bir nəzarət mexanizmi formalaşdırır. İnsanlar isə bundan onu qazanırlar ki, maliyyələşmə imkanları geniş olduğuna görə, lazım olduğu vaxt, lazım olduğu qədər tibbi xidmət əldə edə bilirlər. Mahiyyət etibarilə icbari tibbi sığortanın əhəmiyyəti bundan ibarətdir”. İqtisadçının sözlərinə görə, Azərbaycanda bu gün tətbiq olunan tibbi sığorta nə dərəcədə buna nail olacaq məsələsinə cavab vermək bir qədər çətindir: “Ona görə ki, bizdə hələ xalis icbari tibbi sığorta tətbiq olunmur, bir qədər hibrid modeli tətbiq olunur. Bu gün proseslərin necə getdiyi tam aydın deyil, hətta xaotik bir sistem var. Çünki səhiyyə müəssisələrinin bir hissəsi - poliknikalar, təcili yardım stansiyaları hələ də Səhiyyə Nazirliyinə tabedir. Xəstəxanalar TƏBİB-in ixtiyarındadır. TƏBİB özü İcbari Tibbi Sığorta Agentliyinin nəzarətindədir. Yəni faktiki olaraq xidməti göstərənlə maliyyəni ödəyən eyni qurum olur. Bu, yenə icbari tibbi sığortanın mahiyyətinə ziddir. İkincisi, ölkədə icbari tibbi sığortanın tətbiq olunması pandemiya ilə eyni vaxta təsadüf edir və bu proseslərin nə dərəcədə səmərəli olduğunu izləmək mümkün deyil. İnsanlar bundan sonra nə dərəcədə tibbi sığorta əsasında pulsuz xidmət əldə edəcəklər? Eyni zamanda bunun müəyyən elementləri ondan ibarətdir ki, icbari tibbi sığorta tətbiq olunduqdan sonra insanlar mütləq şəkildə ərazi və yaxud ailə həkiminə müraciət etməli və yalnız onun göndərişi ilə xəstəxanalara getməlidirlər. Ölkədə sistem belə olub ki, kim istədiyi vaxt xəstəxanaya gedib. Həmin o sahə və yaxud ailə həkiminin göndərişi olmadan xəstəxanaya müraciət edərsə öz cibindən ödəməli olacaqlar. Eləcə də ölkədə özəl sektor geniş yayılıb. Həkimlərin böyük əksəriyyəti həm dövlət, həm də özəl xəstəxanalarda çalışır. Dövlət müəssisələrinə gedən pasiyentləri həkimlər çox vaxt özəl xəstəxanalara yönəldiblər. Bu problemlər necə həll olunacaq, bunu zaman göstərəcək”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu