QHT-lərlə bağlı yeni qurumun fəaliyyət mexanizmi necə olmalıdır? - MÜZAKİRƏ


Son günlər əsas müzakirə olunan məsələlərdən biri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətidir. Xüsusilə Hesablama Palatası tərəfindən aparılan yoxlamalar haqda xəbər və yoxlamaların nəticələri açıqlanandan sonra müzakirələr ən qızğın formanı alıb. Bir sıra məlumatlara görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının ləğv olunmasına hazırlıq gedir. Şuranın 2021-ci il üçün qrant müsabiqəsini elan etməməsi bu məlumatların doğruluq payını artırır. O da bildirilir ki, Şuranın yerində başqa qurum yaradılacaq və fərqli fəaliyyət mexanizmi qurulacaq. QHT-lərə Dövlət Dəstəyi Şurasının indiyə qədərki fəaliyyətini QHT nümayəndələri necə dəyərləndirir? Yeni qurum yaradılarsa, fəaliyyət mexanizmi necə olmalıdır?


Mövzu ilə bağlı AFN-ə açıqlamasında Azərbaycan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov bildirdi ki, ümumiyyətlə, QHT Şurası imkan daxilində əlindən gələni etməyə çalşırdı: “Hətta son zamanlar bir pəncərə təminatını təmin edən SƏLİS sistemi yaradılıb. QHT-lər onlayn rejimdə həm layihələrini, həm də layihə icra edilib bitdikdən sonra hesabatlarını təqdim edirdi. Mənim fikrimcə, yaxşı fəaliyyət göstərirdilər. İndi publik hüquqi şəxsə də çevirə bilərlər. Ancaq istənilən halda QHT-lərə yardım olaraq dövlət büdcəsi tərəfindən vəsait ayrılmalıdır. Məsələ orasındadır ki, publik hüquqi şəxs qismən özləri qazanmalıdır, bu qurum haradan qazanacaq? Əgər düşünürlərsə ki, dövlət büdcəsi ilə yanaşı, beynəxalq təşkilatlar, donor təşkilatlar da yardım edəcək, mən buna inanmıram. Yenə dövlət büdcəsinin gözləntilərində qalacaq. Ona görə də bilmirəm ki, onların publik hüquqi şəxsə çevrilməsi nə dərədəcə düşünülmüş və hesablanmış bir addım olar. Mən QHT Şurasının üzvü olmamışam. Layihələrimiz olub, Şura dəstəkləyib, biz də işləmişik. Sonuncu layihəmiz isə iki il öncə olub”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev isə QHT Şurasının üzvü olmadığını, yəni onlardan layihə almadığını və layihə üçün müraciət etmədiklərini deyir: “Əvvəlcədən belə hesab edirik ki, belə bir qurum əslində olmamalıdır. QHT-lər müstəqil fəaliyyət göstərməlidir. Nə mətbuata, nə QHT-lərə dəstək fondu olmamalıdır. Hökumət tərəfindən belə fondların yaradılması onların müstəqilliyinin məhdudlaşdırılmasına xidmət edir. Belə qurumların yaradılmasının əleyhinə olmuşuq. Ona görə də onlarla hansısa əməkdaşlıq edib fəaliyyətlərini izləməmişik. Belə bir qurumun fəaliyyətini qəbul eləmirəm, ona görə də onun hər hansı bir formada olmasını düzgün hesab eləmirəm”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, QHT Şurası fəaliyyətə başlayandan uzun müddət əlaqəsi olmayıb: “Çünki ehtiyacımız olmayıb. QHT Şurasıyla əlaqəm o olub ki, 2-3 dəfə layihələr vermişik. Bunlar ekologiya, korrupsiya ilə bağlı olub. Həmin layihələri təqdim edəndə heç bir ədalətsizliklə rastlaşmamışıq. Bu da onunla əlaqədardır ki, layihələrində elə böyük məbləği yox idi nəsə problem olsun. Sonuncu dəfə də ölkədə korrupsiya ilə bağlı vəziyyəti araşdırarkən Korrupsiya ilə mübarizə komitəsinə 41 təklif vermişik. Burada da hər bir şey köçürmə yolu ilə olub. QHT Şurası ilə əlaqəmiz az olub”. M.Qəhrəmanlı deyir ki, ümumiyyətlə, 2013-cü ildən ölkədə QHT-lərlə bağlı siyasət başlayıb: “Səhv etmirəmsə 2012, yaxud 2013-cü il idi və Əli Həsənov bizi topladı, bütün problemləri soruşdu. 2014-cü ildə qanun qəbul olundu və QHT-lərin həbsi başladı. İndi də QHT-lərin məhvi ilə bağlı İctimai Şuralar yaradılıb. Bu ictimai nəzarət deyil. QHT-lər qapazaltı olaraq nazirliklərə paylanır. Ölkədə KİV-lərlə bağlı bir təşkilat var idi, indi agentlik yaranıb. Şuranın fəaliyyəti ilə də bağlı yəqin ki, bir müddətdən sonra nə isə olacaq, adlar da çəkilir, təyinatlar da deyilir. Necə olacaq, mənim üçün maraqlı deyil. Mən müstəqil bir təşkilatın rəhbəri olmuşam və belə də olacam. Mənim üçün fərqi yoxdur ki, Şura, yaxud agentlik olsun. Məni narahat edən odur ki, müstəqil ölkədə vətəndaş cəmiyyəti məhv olur, xüsusilə də hüquq müdafiəçiləri. Təhlükə bundadır. Fərqi yoxdur, QHT Şurası, agentlik, istər ictimai şura birləşib bir yerdə müstəqil vətəndaş cəmiyyətini məhv edib. Sayt və qəzetlərin bir hissəsini də göstərmək olar. Harada müstəqil mətbuat yoxdursa, orada demokratiya, insan haqlarına hörmət də yoxdur. İnsan hüquqlarının kütləvi surətdə pozulması, tapdanması gedəcək və necə ki, indi gedir”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu