1030 işıqfor Bakı üçün fantastik rəqəmdir – İlqar Hüseynli


Bakı Nəqliyyat Agentliyinin işıqforların quraşdırılması və idarəedilməsi ilə bağlı fəaliyyəti bu sahədə mövcud olan nöqsanları aradan qaldırmadı. Halbuki, paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkətini işıqforlar vasitəsilə nizamlanması BNA-nın əsas funksiyalarından birini təşkil edir. Hətta BNA-nın ictimaiyyət üçün açıqlanan hesabatlarında piyada intensivliyinin yüksək olduğu, nəqliyyat axınına maneələrin yarandığı və mütəmadi olaraq yol nəqliyyat hadisələrinin baş verdiyi küçələrin kəsişmələrində işıqforların quraşdırıldığı qeyd edilir.


BNA bu tədbirlər nəticəsində nəqliyyat sıxlığının aradan qaldırıldığını, yol kəsişmələrində hərəkət növbəliliyinin təmin edildiyini, piyadaların və nəqliyyat vasitələrinin rahatlığının və təhlükəsizliyinin təmin edildiyini bildirir. Lakin Bakı şəhərinin nəqliyyat sistemində baş verən sıxlıq, eləcə də işıqforların fəaliyyəti ilə bağlı narazılıqlar real mənzərinin tamamilə fərqli olduğunu göstərir. Bunu həm paytaxtın müxtəlif ərazilərindəki problemlər, həm də ekspert rəyləri təsdiq edir. Ona görə də BNA ilə bağlı hər gün artan ictimai etirazlarına sırasına biri də əlavə olunub. İşıqforlar bir sıra yerlərdə normal rejimdə işləmir. İşləyənləri də nəqliyyatın və piyadaların hərəkətini tənzimləyə bilmir.
“Zabrat yolu, 1-ci işıqfor”, “Bolmart”ın qarşısı kimi tanınan ərazidə küləyin aşırdığı işıqforun bərpası təxminən 10 gün, bərpadan sonra işlək vəziyyətə gətirilməsi isə 1 həftə çəkdi. Eləcə də Bakıxanov qəsəbəsində oxşar problem diqqətimizi çəkdiyindən mövzunu gündəmə gətirməyi özümüzə borc bildik.

Məsələni AFN-ə şərh edən nəqliyyat məslələri üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi nəqliyyatın və piyadaların hərəkətinin işıqforlar vasitəsi ilə nizamlanmasına nail olmaq üçün orta statistik təhlil aparmalıdır. Bu zaman kütləvi nəqliyyat axınının miqdarı, piyada keçidlərinin sayı, həmin keçidlərdən intensiv istifadə edən piyadaların orta statistik göstəriciləri nəzərə alınmalıdır: “Mən bilmirəm, Bakı Nəqliyyat Agentliyi bu təhlili aparırmı. Çox güman ki, aparır. Ancaq görünür, onu peşəkarlıqla dəyərləndirə bilmirlər. İşıqforların fəliyyəti piyadaların bir istiqamətdən digər tərəfə maneəsiz hərəkətini təmin etmək, nəqliyyatın ötürücülüyünü təşkil etmək, eyni zamanda kəsişən yollarda nəqliyyat sıxlığını aradan qaldırmaq üçündür. Lakin bir sıra hallarda işıqforlar ehtiyac olmayan yerlərdə quraşdırılır. Məsələn, 9-cu mikrorayonda, Mir Cəlal küçəsində yolun ortasında işıqfor quraşdırılıb. Əgər bunu işıqforun sayını artırmaq xatirinə ediriksə, müsbət nəticə əldə olunmayacaq. Əslində, işıqforlar ilk növbədə, kəsişən küçə və prospektlərin kəsişdiyi yerdə quraşdırılımaldır. Belə yerdə kəsişən prospektlərdən biri əsas, digəri köməkçi olur. Əsas prospektdə nəqliyyatın sıxlığı müşahidə edilir. Baş yola birləşən köməkçi prospektdə isə intensivlik yaranmır. Belə olan halda köməkçi yola vaxt məhdudiyyəti tətbiq edilir ki, nəqliyyatın əsas axınını ötürən prospektlərdə sıxlıq baş verməsin. Bu cür təşkilati işlər yerinə yetirilsə, Bakı şəhərində nəqliyyatın intensiv hərəkətini təmin etmək olar. Ancaq onu da nəzərə almaq lazımdır ki, Bakı nəqliyyatın sayına görə, normadan artıq yüklənmiş bir şəhərə çevrilib. Urbanizasiya prosesi, bölgələrdə işsizlik problemi, qaçqın və məcburi köçkünlərin Bakı şəhərində sıx məskunlaşması paytaxtın həddindən artıq yüklənməsinə səbəb olur. İşıqforların sayından asılı olmayaraq Bakı bu problemi yaşayacaq. Lakin Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan Nəqliyyatın İntellektual İdarəetmə sistemi işıqforlara nəzarət etməlidir. Ümumiyyətlə, Bakı şəhəri nəqliyyatla o qədər yüklənib ki, şəhərdə yerüstü və yeraltı keçidlərin, avtobuslar üçün zolaqların sayı artırılmalıdır. Mərkəzi prospektlərdə bunu həyata keçirmək mümkün deyil. Azadlıq prospektinin bir hissəsində bu işləri görmək üçün böyük söküntü işləri aparılmalıdır. Təəssüf ki, tramvayların bərpasına nail ola bilmirik. Tramvay infrastrukturu saxlanılsa idi, o zaman avtobusların sayını azaltmaq şərti ilə nəqliyyatın intensiv hərəkətini təmin etmək mümkün olardı. Düşünmürəm ki, işıqforlar bu imkanlara çatmağa kömək etsin”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi işıqforları quraşdırmaqla öz işini bitmiş hesab edir. Aparılan müşahidələr isə göstərir ki, işıqforlara nəzarət, yəni onların idarəedilməsi məsələsi həllini gözləyən problem olaraq qalır. Sayından asılı olmayaraq, işıqforların yerləşdirilməsi heç də nəqliyyatın və piyadaların təhlükəsiz hərəkəti demək deyil. Bakı Nəqliyyat Agentliyi yaxın vaxtlarda paytaxtda 1030 ədəd işıqfor quraşdıracaq. “Techmaster” MMC işıqfor dirəklərinin alınması və quraşdırılması üzrə martın 12-də keçirilmiş elektron tenderin qalibi olub. BNA bununla da Bakı şəhərində tıxac probleminin həllinə və qəzaların qarşısının alınacağına ümid edir. Lakin İlqar Hüseynlinin sözlərinə görə, BNA keyfiyyətdən daha çox kəmiyyətə üstünlük verir. Ona görə də 1030 ədə işıqforun quraşdırılması heç bir fayda verməyəcək. Ekspert bildirdi ki, paytaxtda nəqliyyatın və piyadaların hərəkətiin tənzimlənməsi üçün işıqforların quraşdırılması və idarəedilməsi səlahiyyəti BNA-dan alınmalıdır. “İşıqforlara nəzarət iki cür olmalıdır. Birincisi, dövlət orqanının nəzarəti. Bu funksiyanı hazırda BNA yerinə yetirir. BNA-da kifayət qədər gənc kadrlar çalışsa da, problemlər o qədər çoxdur ki, onların informasiya almaq imkanları məhduddur. Belə olan halda ictimai nəzarət tətbiq edilməlidir. Vətəndaşlar yaranmış problemlərlə bağlı Bakı Nəqliyyat Agentliyinə zəng etməli, məlumat verməlidir. Bu sosial problem olduğuna görə, vətəndaşlar dövlət orqanlarını öz vəzifəsini yerinə yetirməyə məcbur etməlidir. Amma BNA-nin ərazi və ya bölgə üzrə nümayəndəliyi olmalıdır. Onlar gün ərzində bir neçə dəfə reydlər keçirib şəhərin daxilində nəqliyyatın hərəkəti imkanları, dayanma-durma ilə bağlı problemləri, piyada keçidlərinin rənglənməsi və yol infrastrukturundakı digər nasazlıqların aradan qaldılmasına cavabdehdirlər. Ancaq mənim fikrimcə, Bakı şəhərində 1030 ədəd işıqforun quraşdırılması bu problemləri 80 faiz daha da dərinləşdirəcək. Çünki Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın hərəkətini sürətləndirmək lazımdır. Bu proses kifayət qədər dəqiqliklə hesablanmalıdır. Tutaq ki, BNA işıqforu Tbilisi prospektində, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin yanında quraşdırsa, Sumqayıt-Masazır istiqamətindən gələn nəqliyyatın tıxacını necə tənzimləyəcək? Yəni 1030 ədəd işıqforu Bakı şəhərində hara quraşdıracaq? Bu, kifayətə qədər fantastik və böyük rəqəmdir. Bu rəqəm problemi daha da dərinləşdirəcək. Ola bilər ki, işıqforun sayı 300 olsun, amma daha səmərəli iş görmək olar. Ancaq buna nail olmaq üçün statistik təhlillər aparılmalıdır. Ümumiyyətlə, BNA mövsümə uyğun olaraq, nəqliyyatın sıxlığı və intensivliyi ilə bağlı dəqiq göstəriciləri nəzərə alaraq fəaliyyət göstərməlidir. Hahırda ən böyük narazılıqlar dayanma-durma ilə bağlıdır. Bu səlahiyyətləri də Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisindən alıb bələdiyyə orqanına vermək lazımdır. Daha doğrusu, Bakıda böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Bütün səlahiyyətləri də şəhər bələdiyyəsinə verilməlidir. Bələdiyyə həmin işıqforları həm ucuz quraşdıracaq, həm də bələdiyyə büdcəsinə pul gətirəcək ki, bu da vətəndaşlara xidmət göstərmək imkanı yaradacaq. Türkiyədə, Gürcüstanda, Yaponiyada bu sistem tətbiq olunub. Bələdiyyəyə işıqforları istehsal etmək üçün müəssisə yaradılmalı, eyni zamanda, quraşdırılması və idaəredilməsi ilə məşğul olmlalı və gəlir əldə etməldir”.

M.Vahidli, AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu