Alçaqları müdafiə etmək ən böyük alçaqlıqdır – Aqil Abbasdan dəbilqə söhbətinə sərt reaksiya


Bu günlərdə ölkə başçısının iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı oldu. Dövlət başçısı açılış zamanı bildirdi ki, Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü, iradəmizi görəcək. Artıq Hərbi Qənimətlər Parkı geniş ictimaiyyətin diqqət mərkəzindədir və hər kəs bu muzeyi ziyarət etmək istəyir. Lakin sosial şəbəkələrdə bəziləri “humanistlik” nümayiş etdirərək burada nümayiş olunan qənimətlərlə, o cümlədən erməni dəbilqələri ilə bağlı etirazlarını bildirirlər. Bəziləri isə muzeyə girişin ödənişli olması ilə bağlı narazılığını ifadə edirlər.


Millət vəkili Aqil Abbas AFN-ə bu məsələ ilə bağlı konkret fikrinin olduğunu bildirdi: “Deyir milçək bir şey deyil, ürək bulandırır, amma bu milçəklər təkcə ürək bulandırmır ey, həm də yaralarımıza miz salır, amma düşmən dəyirmanlarına da su tökür. Düşmən tək erməni olsaydı nə dərdimiz vardı ki? Bir deyil, iki deyil, nə çoxdu ermənilərə ağı verən kərtənkələlər. Həmin kərtənkələlərə də bizim kərtənkələlər qoşulub.Qrand yalakaları, qanı qarışıqlar möhtəşəm qələbəmizə bütün gücləri ilə kölgə salmağa çalışırlar. Düzdür, bunlar o qədər də çox deyil, amma varlar. Sosial şəbəkələrdə tumanlarını başlarına keçirirlər və düşmənlər də onlardan çox gözəl istifadə edir. Söhbət 44 günlük zəfərimizin, qələbəmizin təntənəsi kimi şəhərimizdə yaradılmış Hərbi Qənimətlər Parkını sindirə bilməyənlərdən gedir. Xüsusilə də boş dəbilqələr və erməni əsgərlərinin müqəvvaları onları çox incidir. Guya bununla biz erməniləri təhqir edir və alçaldırıq. Bütün müharibələrdə qələbələrdən sonra belə parklar, muzeylər açılıb. 1945-ci ildə alman faşistlərinin qənimət kimi ələ keçirilmiş həm dövlət bayraqları, həm də ordu bayraqları, hərbi hissələrin bayraqları Qızıl Meydana gətirilib ayaqlar altına atıldı. Faşist əsirləri Qızıl Meydandan keçirilib bütün Sovet xalqına nümayiş etdirilirdi. Yeri gəlmişkən, Bakıda da alman əsirləri küçələrdən keçirilərək (özü də müharibə zamanı) xalqda bir inam aşılayırdılar. Ramiz Rövşənin 70-ci illərdə “Azərbaycan” jurnalında çap olunmuş bir povesti var. Gərək ki adı “Daş”dı. Əsərdə belə bir yer var, alman hərbi əsirlərini küçələrdən keçirib işləməyə aparırlar. Camaat da tamaşa edir. Əsirlər təbii ki, əsir günündədilər – miskin. Və xalq görür ki, bunlar heç də təsvir elədikləri kimi əjdaha deyilmişlər. Bir nəfər bu miskin almanlara baxıb deyir: Bu nemeslər o nemeslərdən deyil! Gərək biz də döyüşdə götürdüyümüz əsirlərin Bakıda bir nümayişini keçirərdik. Şəhid analarının, qazilərin ürəyinə su səpmiş olardıq. Millət də görərdi ki, “bu ermənilər o ermənilərdən deyil” və erməni xalqı beləcə miskin bir xalqdır”.
Millət vəkili özünün müharibənin bütün ağrı-acısını yaşadığını deyir: “Ermənilərin nə qədər alçaq olduğunu, əsirlərimizə necə, hətta şeytanın da ağlına gəlməyən işgəncələr verməsinin, meyitlərimizi necə təhqir etməsinin şahidiyəm. Bildiklərimi və gördüklərimi demək istəmirəm, çünki gözümün qabağına gəlir, dözə bilmirəm. Bizim əsirlər o işgəncələrə necə dözüb, bundan heç Tanrının da xəbəri yoxdu. Müharibədə hər şey ola bilər, düşmən hər bir vəhşiliyə əl atır. Amma indiyədək görünməyib ki, hansısa düşmən insanların qəbirlərini dağıdıb meyitlərinə də işgəncə verələr. Ermənilər bu alçaqlığı ilə dünya tarixində bir ilkə imza atdılar. Boş dəbilqələr ermənilərə bir görkdür ki, yenidən özlərinə gəlməyib bizimlə müharibə eləsələr dəbilqələri bax, belə boş qalacaq. Alçaqları müdafiə etmək ən böyük alçaqlıqdır”.

Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə səslənən fikirlərlə razılaşmadığı bildirdi: “Mən 2020-ci ilin dekabr ayının 3-də ölkə başçısı tərəfindən Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılması ilə bağlı sərəncamını çox dəstəklədim. Hazırda universitetdə dünya muzeyləri fənnini tədris edirəm. Bilirəm ki, dünyanın bir çox ölkələrində yaradılan muzeylərdə tarixi faktlarla bağlı bir çox silah-sursat, dəbilqələr nümayiş olunur. Bu, həmin xalqın qəhrəmanlığını göstərir. Bizim Hərbi Qənimətlər Parkı unikal bir muzeydir. Dünya muzeyləri sırasında belə bir muzeylə hələ rastlaşmamışam. Hərbi muzeylər var, ancaq belə bir muzey yoxdur. Dünya ölkələrində, Almaniyada, Niderlandda, hətta Türkiyədə muzeylər var ki, orada tarixi hadisə ilə bağlı götürülmüş qənimətləri nümayiş etdirirlər. Ancaq bizim muzey dünya muzeyləri içərisində seçilən bir muzeydir. Biz bu muzeyi yaratmaqda haqlıyıq. Çünki bizim qəhrəman xalq kimi Vətən müharibəsində göstərdiyi şücaət və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsinə böyük haqqımız var. Hətta şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi üçün nəzərdə tutulan məqsədli bir addımdır. Biz heç kimin nə torpağını işğal, nə də bir xalqa təcavüz etməmişik. Bu muzeyi yaratmaqla dünyaya mesaj göndəririk ki, bizim torpağa göz dikənlərin aqibəti belə olur. Biz zəfər çaldıq və Azərbaycanın yaşadığı Vətən müharibəsini bütün dünya xalqları həyəcanla, maraqla izləyirdi. Çünki yüksək səviyyədə qəhrəmanlıq nümayiş olundu. Bu parkda olan qənimətlər, yüzlərlə silah-sursatları ermənilər qoyub qaçmışdılar”.
Muzeyə girişin ödənişli olmasına gəldikdə, V.Məmmədzadə bəzən buna etiraz edənlərin də olduğunu deyir: “Əslində dünya ölkələrində də bütün muzeylərin girişi pulludur. Sadəcə mən bir müəllim kimi istəyərdim ki, orta məktəb şagirdləri və tələbələr üçün pulsuz, yaxud güzəştli olsun. Ancaq digər şəxslər, ölkəmizə gələn turistlər üçün 2 manat normal bir məbləğdir. Yəqin ki, bu məbləğ “Yaşat” Fonduna ödəniləcək, belə olarsa çox sevinərəm və şəhid ailələri, qazilərimizə köməklik üçün çox yaxşı ola bilər”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu