Prezident: “Bu lövhə erməni fərariliyinin təzahürüdür”
Bir löhvə düzəltmişdilər ki, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıblar. Əslində o hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər o lövhəni xarici turistlərə nümayiş etdirərək, öz ordusunun gücünü göstərməyə çalışırdılar, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var, azərbaycanlılar isə öz şəxsi maşınlarını qoyub öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq.
Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.
“Bu lövhə isə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya hərbi qənimət kimi götürülmüşdür. Müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik. Dekabrın 10-da keçirilmiş hərbi paradda bu löhvə nümayiş etdirildi, Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Və bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Burada sərgilənən yük maşınlarının nömrələri sadəcə götürülmüş texnikanın kiçik hissəsini təşkil edir. Hər bir insan, Azərbaycan vətəndaşı, ölkəmizin qonağı bura gələrək bu lövhəni görəcək, ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!”.