“Azərişıq”ın fəaliyyətindəki qaranlıqlar nə vaxt işıqlanacaq? - ARAŞDIRMA


Kommunal xidmət sektorunda fəaliyyət göstərən dövlət inhisarlarının fəaliyyətində səmərəlilik, şəffaflıq və hesabatlılıq uzun illərdir Azərbaycanda müzakirə mövzusudur. Dəfələrlə ölkə rəhbərliyi səviyyəsində məsələ qaldırılıb, kommunal xidmət müəssisələrində səmərəliliyi, şəffaflıq və hesabatlılığı artırmağa yönəlik sənədlər imzalanıb. Lakin indiyədək bu sahədə ciddi bir irəliləyişin əldə olunduğunu söyləmək qeyri-mümkündür.



Ölkənin ən böyük dövlət müəssisələrindən biri olan “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti kommunal sektorun mühüm həlqələrindən biridir. Bütün Azərbaycan ərazisində elektrik enerjisinin paylanması və istehlakçılara çatdırılmasını həyata keçirən ASC 2015-ci ildə “Bakıelektrikşəbəkə”nin bazasında formalaşdırılıb. İnternet saytında verilən məlumatda qeyd olunur ki, ölkənin 57 rayon və şəhərini əhatə edən "Azərişıq” ASC 7 regional enerji təchizatı satış idarəsi üzrə fəaliyyət göstərir: “Səhmdar cəmiyyətin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək; yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanı təmin etmək; ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq; istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək; elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və sairdir”.
“Azərişıq”ın fəaliyyətini qiymətləndirmək üçün Dünya Bankının hazırladığı “Doing Business” hesabatında Azərbaycanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə tutduğu yerə baxmağa dəyər. Belə ki, 2019-cu ilə dair hesabatda əksər indikatorlar üzrə Azərbaycan irəliləyiş əldə etsə də, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə ölkəmiz kifayət qədər aşağı - 74-cü yeri tutmuşdu. “Doing Business 2020” hesabatında isə bu indikator üzrə Azərbaycan 6 pillə geriləyərək 80-ci yerdə qərarlaşıb. Halbuki bu indikator üzrə prosedurların sayının 7-dən 2-yə, günlərin sayının isə 41 gündən 20 günə azaldılması ilə mövqeyimizin xeyli yaxşılaşacağı gözlənilirdi.
2016-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik enerjisinin itki səviyyəsinin Bakıda 8,5 faizdən 7 faizədək, regionlarda isə 12 faizdən 8 faizədək azaldılması hədəflənmişdi. Qurum Bakı və regionlar üzrə itki səviyyəsini ayrılıqda açıqlamadığına görə Yol Xəritəsində qarşıya qoyulan hədəfə həmin ərazilər üzrə çatılıb-çatılmadığını müəyyənləşdirmək mümkün deyil. “Azərişıq”dan verilən məlumata görə, ASC 2020-ci il üzrə texniki itki göstəricisinin 0,8 faiz bəndi endirilərək 8,9 faizə azalacağını proqnozlaşdırır. Qurum bildirir ki, 2015-ci ildə ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9 faiz olub. 2016-cı ildə bu göstərici 10 faizə, 2017-ci ildə 9,9 faizə, 2018-ci ildə 9,8 faizə, 2019-cu ildə isə 9,7 faizədək azaldılıb. Ümumilikdə, ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5 faiz azalmasına nail olunub.
Nəzərə alsaq ki, “Azərişıq” təchizat şəbəkəsinin yenidənqurulması üçün dövlətdən iri həcmdə əvəzsiz vəsaitlər alır, götürdüyü xarici kreditlər dövlət hesabına ödənilir, bu halda ASC-nin texniki itkilərinin olduğundan sürətlə azalması daha gözləniləndir. 2019-cu ilə dair maliyyə hesabatından aydın olur ki, 31 dekabr 2019-cu il tarixində tamamlanan il üzrə ASC-nin cari öhdəlikləri onun cari aktivlərindən 459 milyon 133 min manat çox olub. Fərqin əsas hissəsini 31 dekabr 2019-cu il tarixinə Asiya İnkişaf Bankına (AİB) olan 424 milyon 950 min manat məbləğində kredit borcunun cari likvidlik əmsalı şərtinin pozulması ilə əlaqədar uzunmüddətli öhdəlikdən qısamüddətli öhdəliyə təsniflənməsindən yaranan artım təşkil edir. Kredit müqaviləsinə əsasən ASC onun müəyyən bəndlərinə əməl etmədikdə, AİB kreditin hamısının eyni vaxtda ödənilməsini tələb edə bilərdi. Hesabatdan aydın olur ki, bu hal baş verib və AİB kreditin hamısının dərhal ödənməsini tələb edib. ASC isə AİB ilə kredit borcunun dərhal ödənilməsi tələbindən imtina məktubu almaq üçün danışıqlar aparır.
“Azərişıq” digər iri dövlət şirkətləri kimi, dövlət zəmanəti ilə aldığı kreditlər üzrə ödəniş etmir. Bu ödəniş Maliyyə Nazirliyinin Təminat Fondundan həyata keçirilir. 2019-cu il üzrə maliyyə hesabatına görə, ASC Asiya İnkişaf Bankından dövlət zəmanəti ilə cəlb edilmiş kreditin faiz borcunun ödənilməsi üçün Maliyyə Nazirliyinin idarəçiliyində olan Təminat Fondundan 2019-cu ildə 6,485 min manat vəsait cəlb edib. Alınmış vəsaitin kredit borcu kimi rəsmiləşdirilməsi 31 dekabr 2019-cu il tarixinə başa çatdırılmadığı üçün Maliyyə Nazirliyinə kreditor borc olaraq hesabatda təqdim olunur. 2020-ci ildə sözügedən borc üzrə faiz öhdəliyinin ödənişi üçün 9,734 min manat məbləğin cəlb olunması, dövlət zəmanətli bu borcun qaytarılmasında dövlətin maliyyə dəstəyinin gələcək dövrlərdə də davam edəcəyi gözlənilir.
Məlumdur ki, Azərbaycanda iri dövlət müəssisələrinin satınalmaları həmişə qeyri-şəffaflığı ilə seçilir. Araşdırmaçı Hafiz Babalının sözlərinə görə, “Azərişıq”ASC-nin illik satınalma planları bir qədər gecikmə ilə də olsa, qanuna uyğun olaraq açıqlanır: “Əvvəlki illərdə satınalma prosedurlarında qanunun tələbləri qismən pozulurdu: satın alınan malların tam siyahısı təqdim olunmurdu. 2020-ci ildən bu nöqsan aradan qaldırılıb. Fikrimcə, indiki zamanda mövcud çatışmazlıq kotirovka sorğularında potensial iştirakçılara satınalmaya qatılmaq üçün az vaxtın (2-4 gün) verilməsidir və bu metodla alınan malların siyahısının açıqlanmamasıdır. Eyni zamanda satınalmalara qatılan, lakin qalib gəlməyən iddiaçıların adlarının ictimaiyyətə təqdim olunması da şaffaflığın geniş tətbiqi baxımından səmərəli olardı”.
Araşdırmalarımız göstərir ki, “Azərişıq” ASC-nin satınalmalarında kotirovka sorğuları üstünlük təşkil edir. Məsələn, hazırda rəsmi reyestrdə qeydə alınmış satınalmalardan 5-i kotirovka sorğusu, 2-si açıq tender elanı, 1-i təkliflər sorğusudur. ASC-nin İnternet saytında “Tender” bölümündə yerləşdirilən elanların hamısı kotirovka sorğusudur. Qeyd edək ki, kotirovka sorğusu rəqabətli satınalma metodu hesab olunmur. Lakin Azərbaycanda yalnız “Azərişıq” deyil, əksər dövlət qurumları satınalmalarda bu metoda üstünlük verirlər. Hesablama Palatasının 2019-cu il üzrə dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, 2019-cu ildə dövlət vəsaitləri hesabına ümumilikdə 5 milyard 720 milyon manat məbləğində satınalma müqavilələri bağlanılıb və 11457 sayda müsabiqə keçirilib. 2019-cu ildə keçirilmiş müsabiqələr arasında say baxımından daha çox kotirovka sorğusuna (6323) üstünlük verilib. Belə ki, bu metod 55,2 faiz paya malik olub, hesabat ilində rəqabətli satınalma metodları 7,7 faiz daha çox istifadə edilsə də, bu metodların əhatə etdiyi məbləğ 46,7 faiz paya malik olmaqla əvvəlki illə müqayisədə cəmi 2,2 faiz bəndi çoxalıb.
Bundan əlavə, Hesablama Palatası bildirir ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də, birmənbədən satınalma metodunun xüsusi çəkisi böyük olmasa da (12,5 faiz), bu yolla xərclənən vəsait ümumi satınalma məbləğinin 53,3 faizini təşkil etməklə əhəmiyyətli paya malik olub. “Azərişıq” ASC də birmənbədən satınalmalara üstünlük verir. Məsələn, 2018-2019-cu illərdə ASC "Qlobal-Elektro" MMC adlı şirkətlə ümumi məbləği 21 milyon 742 min manat olan 6 müqavilə imzalayıb. İlk müqavilə 2018-ci ilin iyulunda müxtəlif kabellərin satın alınması məqsədilə imzalanıb. Müqavilənin məbləği 18 milyon 774 min 346 manat təşkil edib. Bu MMC məhsulun Azərbaycandakı istehsalçısı deyil. "Qlobal-Elektro" MMC-nin hüquqi ünvanı Quba rayonunun Nugədi kəndidir. 10 manat kapitala malik şirkətin direktoru Nazim Quliyevadlı şəxsdir. Və "Qlobal-Elektro" MMC 2018-ci ilin may ayında dövlət qeydiyyatına alınıb – “Azərişıq” tenderi elan etməzdən cəmi 2 həftə əvvəl.
"Azərişıq"la "Qlobal-Elektro" arasındakı münasibətlər həm də o baxımdan maraq doğurur ki, ASC MMC-dən ofis ləvazimatları, tədris kursu dəstləri, hətta avtomobil ehtiyat hissələri də satın alıb. MMC-nin fəaliyyət sahəsi həqiqətən heyrətdoğurucudur. Belə ki, bu MMC “Azərişıq”a "İşə davamiyyət və giriş-çıxış nəzarəti" və "Satınalma və sifarişlərin idarə olunması" üçün proqram təminatları da təqdim edib. Proqramların alınması 1 milyon 33.9 min manata (608.2 min ABŞ dolları) başa gəlib.
Maraqlı burasıdır ki, “Qlobal Elektro” MMC yalnız “Azərişıq” ASC-nin tenderlərinə qatılıb və yalnız bu qurumdan sifariş alıb. Hər halda, elektron reyestrdə bu MMC-nin digər hər hansı qurumla satınalma müqaviləsi qeydə alınmayıb.
“Azərişıq” ASC-nin satınalmalarında qeydə alınan başqa bir maraqlı məqam bu il ərzində elan etdiyi 15 açıq tenderin ləğv olunmasıdır. Ləğvetmələrin böyük əksrəyyətinin səbəbi kimi iddiaçıların sayının 3-dən az olması göstərilir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, “Azərişıq” ASC-nin satınalmalarında problemlər mövcuddur: “Bildiyiniz kimi, iri dövlət müəssisələrinin fəaliyyətində ən qaranlıq məqamlardan bir məhz satınalmalarla bağlıdır. Bu sahədə mövcud olan problemləri aşkarlamaq üçün obyektiv auditin aparılması yetərlidir. Lakin biz son 3 ildə “Azərişıq”da belə bir auditin aparıldığını görmürük. Tenderlərin keçirilməsində şəffaflıq təmin olunmur, qaliblərin seçim səbəbləri barədə ictimai maarifləndirmə həyata keçirilmir”.
Ekspertin fikrincə, “Azərişıq”da səmərəliliyə, şəffaflığa nail olunması üçün hökumət dövlətsizləşdirmə istiqamətini seçmiş kimi görünür: “Dövlət başçısının son açıqlamaları da göstərir ki, bir sıra sahələrdə özəlləşdirmə, idarəetməyə verilmə kimi addımlara gediləcək. Bu, ilk növbədə dövlətin maliyyə yükünün azaldılması baxımından vacibdir, dövlət də bu məqsədi güdür. Və özəlləşdiriləcək, yaxud idarəetməyə veriləcək qurumlar arasında “Azərişıq” ilk yerlərdən birindədir. Çünki bu qurumun idarəetməsi kifayət qədər qeyri-effektivdir. “Azərişıq” faktiki olaraq, dövlət dotasiyalarına oturub. Bu baxımdan, yaxın gələcəkdə bu şirkətin ya tamamilə, ya da qismən idarəetməyə verilməsi, törəmə müəssisələrinin özəlləşdirilməsi ehtimalı yüksəkdir”.
Onu da qeyd edək ki, “Azərişıq” ASC-nin 2019-cu il üzrə maliyyə hesabatına görə, ötən il qurumun xalis zərəri 2018-ci ilin yekunları üzrə 12 milyon 919 min manat məbləğində xalis mənfəətə qarşı 54,863 milyon manat təşkil edib. Maliyyə hesabatına əsasən, onun gəlirləri 1 milyard 232,441 milyon manat (artım 2,3 faiz), satışların maya dəyəri 1 milyard 134,344 milyon manat (2018-ci ilin göstəricisi ilə müqayisədə artım 3,4 faiz) təşkil edib.
“Azərişıq” dövlət büdcəsinin “ərköyün övlad”larından biridir. Belə ki, dövlət büdcəsindən ASC-yə müxtəlif məqsədlərlə ayrılan vəsaitlərin məbləği 2017-ci ildə 306 milyon 656 min manat, 2018-ci ildə 223 milyon 827 min manat, 2019-cu ildə isə 327 milyon 181 min manat təşkil edib. Bundan əlavə, ötən ilin sonunadək ASC Maliyyə Nazirliyindən 146,412 min manat (2018: 140,334 min manat) məbləğində, 0.0%-0.5% faiz dərəcəsi ilə (2018: 0.0%-0.5%) üç (2018: üç) aşağı faizli kredit götürüb. Bu kreditlərin müqavilə üzrə ödəniş tarixi 15 dekabr 2027- ci il, 30 mart 2027-ci il və tələblidir (2018: 31 dekabr 2018-ci il və 30 mart 2027-ci il).
Son olaraq qeyd edək ki, araşdırmamız boyunca yaranan suallara “Azərişıq” ASC-dən cavab almağa çalışdıq. Lakin quruma göndərdiyimiz informasiya sorğusu 2 həftə ərzində cavablandırılmadı.

Səbuhi Qafarov,
AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu