Bərpaolunan enerjiyə keçid - iqtisadiyyatımız bundan nə qazana bilər?
Hazırda ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpaolunan enerji mənbələri hesabına əldə olunan enerjinin həcminin artırılmasını zəruri edir. Artıq bu istiqamətdə bir sıra ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə günəş, külək və digər bərpaolunan enerji mənbələrindən istifadə getdikcə genişlənir. Mütəxəssislər belə fikirdədir ki, Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ enerji potensialına malikdir, ancaq hələ ki, bu potensialdan istifadə edilmir. Bu günlərdə Prezident İlham Əliyev çıxışı zamanı bu istiqamətdə həyata keçirilən tədbirlərə də toxunub: "Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpaolunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək. Azərbaycanlılar həm inşaat dövründə orada işləyəcək, həm də istismar dövründə və bizə nə qədər xeyir gətirəcək".
Azərbaycan bu və bu kimi layihələrdən nə qədər qazanclı çıxa bilər?
Millət vəkili Azər Badamov AFN-ə açıqlamasında bu sahədə potensialın böyük olduğunu bildirdi: "Vətən Müharibəsində əldə etdiyimiz qələbə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, xalqın dövlətə inamı, iqtisadiyyatın dayanıqlı olması və siyasi sabitlik ölkəmizin xarici investisyalara cəlb ediciliyini artırıb. Ölkə başçımızın YAP VII Qurultayındakı çıxışında qeyd etdiyi kimi, cari ildə işğaldan azad olunmuş torpaqlarda həyata keçiriləcək 400-500 milyon dollar maliyyə tutumu olan iki investisya layihəsi təsdiq olunub. İşğaldan azad olunmuş ərazilərimizdə xarici investisiyaların yerləşdirilməsi üçün porensial genişdir. Ölkə başçısının qeyd etdiyi kimi, bu əraziləri yaşıl zonaya çevirəcəyik. Yəni, ekoloji təmiz enerji layihələri icra olunacaq". Millət vəkilinin sözlərinə görə, ölkəmizin investisiyalara açıq olması və potensialımızın genişliyi işğaldan azad olunmuş ərazilərimizdə investisya yatırmaq istəyən xarici şirkətlərin sayını da artırıb: "Yaşıl enerjiyə qoyulan investisiyaları çox yüksək dəyərləndirirəm və düşünürəm ki, bu, enerji ixrac potensialımızı daha da artıracaq. Ümumiyyətlə, iqtisadiyyata investisiyaların qoyulması ölkənin inkişafı deməkdir. Azərbaycan bu sahədə qısa bir zamanda böyük yol keçib və düşünürəm ki, gələcəkdə də ölkəmizə böyük həcmdə xarici investisiyalar gələcək. Təbii ki, qoyulan hər bir investisya layihəsi yeni istehsal sahələri, əlavə gəlirlər və iş yerləri deməkdir".
İqtisadçı-ekspert Natiq Cəfərli alternativ enerjinin dünyada son illər ən çox yatırım çəkən sahələrdən biri olduğunu deyir: "Yəni böyük bir trenddir, bir çox dünya ölkələri həm bu sahədə yatırımlar edir, həm də öz enerji ehtiyaclarını bərpaolunan enerjidən almaq üçün bəlli müddətlər də qoyulub. Hətta Avropa Birliyi ölkələrində 2050-ci il "sıfır tullantı ili" kimi qeyd edilib. Bu ilə qədər bərpaolunan eneji ilə bütün ehtiyacların ödənilməsi, hətta benzinlə işləyən avtomobillərin tamamilə sıradan çıxarılması gözlənilir. Bir çox ölkələrdə müəyyən tarix də məlumdur. Azərbaycanda bununla bağlı son illər bəzi işlərin görülməsinin şahidi olduq. Bir neçə xarici şirkətlərin, həm ərəb yarımadasından, həm Avropa şirkətlərindən Azərbaycanın alternativ enerji potensialına marağının olduğunun şahidiyik. Hələ ki, yatırımlar o qədər də çox deyil. Ancaq Azərbaycanın özünün böyük perspektivi var. Günəş, külək, su, axan çaylardan istifadə edilməsi getdikcə arta bilər və potensialı görən xarici investorlar yatırımlarla bağlı danışıqlar aparımağa çalışırlar. Ümumilikdə bu gün enerji istehsalında payı çox azdır. Ancaq potensialın böyük olması investorlar üçün maraqlıdır və yaxın gələcəkdə Azərbaycan hökuməti daha yaxşı şərtlər təklif etməkdə davam etsə və bunu genişləndirsə, böyük yatırımlar edə bilərik. Bu, Azərbaycanın qazancından daha çox ümumi dünyada gedən trendə də ayaq uydurmaqdır, həm ekoloji məsələdir, həm də elektrik enerjisinin bərpaolunan mənbələrdən alınması ölkədə gələcəkdə yeni qazanc mənbələri də yaradır".
Ekspertin sözlərinə görə, prosesin əsas cəlbedici istiqamətlərindən biri əhalinin də bura qoşulmasıdır: "Gələcəkdə Azərbaycanda elə bir sistem qurulmalıdır ki, bunun təşviq olunmasına da ehtityac var, hər bir ölkə vətəndaşı, xüsusilə də regionlarda yaşayanlar öz evlərini avtonom olaraq elektrik enerjisi ilə təmin etmək üçün infrastruktura malik olsunlar. Bir çox şirkətlər, o cümlədən Türkiyə şirkətləri məhz bu istiqamətdə fəaliyyət göstərmək üçün hökumətə müraciət ediblər. Bir çox ölkələrdə, o cümlədən Türkiyədə belə bir sistem tətbiq olunur. Bir ailə özünə yetəcək qədər elektrik enerjisi istehsal edirsə, onun generasiyasını da həyata keçirirsə, yəni əlavə elektrik enerjisi toplayırsa, bunu sonradan ya özəl şirkətlərə, ya da dövlətin özünə sata bilər. Bu, əhaliyə əlavə qazanc imkanları da yaradır. Azərbaycanda da bu sistemə keçidlə bağlı imkanlar çox genişdir. Mən düşünürəm ki, yaxın gələcəkdə bununla bağlı daha ciddi qərarlar alınmalıdır və təşviq siyasətinə ehtiyac var. Vergi, kredit güzəştləri olmalıdır və vətəndaşlara daha asan və tez o sistemə keçməyə yardımçı olmaq lazımdır".
Yaşıl enerjinin Qarabağda tətbiqinə gəldikdə isə iqtisadçı deyir ki, hazırda bu ərazidə sıfırdan infrastruktur qurulanda bunun tətbiqi daha asandır: "Ancaq bu o demək deyil ki, başqa yerlərdə buna ehtiyac yoxdur. Əksinə, Azərbaycanın elə aran rayonları var ki, məsələn, günəş enerjisi sərfəli istehsal vasitəsi ola bilər. İlin ən az 300 günü çox xoş və günəşli hava keçir və bu da elektrik enerjisinin generasiyasında mühüm rol oynayır. Tək işğaldan azad etdiyimiz torpaqlarla bu məhdudlaşmamalıdır. Bir məsələni də qeyd edim ki, əgər böyük elektrik stansiyalarından, günəş, külək, hidroelektrik stansiyalarından söhbət gedirsə təbii ki, texniki heyət, yeni qurğulara qulluq kimi sahələrdə yeni iş yerlərinin yaranması mümkündür".
NİGAR






