ÜST: Ebola epidemiyası tarixin ən ölümcül epidemiyasını geridə qoymaq yolunda



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasının bu günə qədər qeydə alınan ən ölümcül epidemiyanı geridə qoymaq yolunda irəlilədiyini bildirib.

AFN.az xəbər verir ki, Qebreyesus keçirdiyi mətbuat konfransında 2026-cı il epidemiyasının hazırkı sürətlə davam etməsi halında ən azı 11 min insanın həyatını itirdiyi 2014-2016-cı illər epidemiyasını geridə qoyacağını açıqlayıb.

Bu il mayın 15-də elan edilən epidemiyada indiyədək ən azı 4 min 300 yoluxma halı müəyyən edilib, 2 mindən çox insan həyatını itirib.

ÜST çərşənbə günü verdiyi açıqlamada virusun yayılmasını üç ay ərzində geriyə çevirməyə ümid etdiyini, lakin bunun epidemiyanın tamamilə başa çatması deyil, yoluxmanın nəzarət altına alınması anlamına gəldiyini bildirib.

Epidemiya rəsmi olaraq may ayında elan edilsə də, səhiyyə rəsmiləri virusun ən azı üç ay əvvəl yayılmağa başladığını bildiriblər.

Epidemiyanın mərkəzinə yaxın Bunia şəhərində keçirilən mətbuat konfransında çıxış edən ÜST-nin Afrika üzrə direktoru doktor Mohamed Janabi, “Biz virusu təqib edirik, amma virus bizim qarşımızda gedir” ifadəsini işlədib.

Janabi araşdırmaların virusun fevral ayında yayılmağa başladığını və ilkin mərhələdə malyariya və ya tif xəstəliyi ilə qarışdırıldığını ortaya qoyduğunu bildirib.

2026-cı il epidemiyasına daha əvvəl yalnız 2007 və 2012-ci illərdə iki dəfə müşahidə edilən nadir Bundibugyo növü Ebola virusunun səbəb olduğu bildirilib.

Virusun bu növünü müalicə edə biləcək təsdiqlənmiş peyvənd və ya qəbul edilmiş dərman mövcud deyil.

Konqo Demokratik Respublikasının şərqindəki epidemiya bölgəsində davam edən regional qeyri-sabitlik xəstəliyin yayılmasının nəzarət altına alınması üzrə işləri çətinləşdirir. Janabi səhiyyə işçilərinin yoluxma hallarının yalnız təxminən 30 faizinə çata bildiyini qeyd edib.

Ebola infeksiyadan 2-21 gün sonra simptomları ortaya çıxan nadir, lakin ölümcül virus xəstəliyi kimi xarakterizə olunur.

Qəfil başlayan qızdırma, baş ağrısı və halsızlıq kimi qrip və ya malyariyaya bənzər simptomları xəstəliyin sonrakı mərhələlərində orqan çatışmazlığına səbəb ola bilən qusma və ishal izləyir.

Virus insandan insana qan və ya qusuntu kimi yoluxmuş bədən mayeləri ilə təmas yolu ilə keçir.

Böyük Britaniyanın Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) Bundibugyo növünə qarşı hazırlanan peyvəndin ilk insan üzərində sınaqlarına icazə verib.

Peyvənd “Oxford-AstraZeneca” COVID peyvəndində istifadə olunan texnologiya əsasında Oksford Universitetindən bir qrup tərəfindən hazırlanır. Daha üç fərqli qrup da Bundibugyo üçün peyvənd hazırlama işlərini davam etdirir, lakin bu peyvəndlər hələ klinik sınaq mərhələsinə keçməyib.

ÜST həmçinin mövcud iki antiviral müalicənin sağqalma nisbətlərini artırıb-artırmayacağını müəyyənləşdirmək üçün Konqo Demokratik Respublikasında ayrıca klinik sınağa sponsorluq edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu