Konqo Demokratik Respublikasında Ebola epidemiyasında ölənlərin sayı 1405-ə yüksəlib
Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan edilən Ebola epidemiyasında həyatını itirənlərin sayı 1405-ə, yoluxma hallarının sayı isə 3200-ə yüksəlib.
AFN.az xəbər verir ki, KDR Səhiyyə Nazirliyinin yayımladığı son məlumatlara görə, ölkədə təsdiqlənmiş Ebola yoluxmalarının sayı 3 min 200-ə, ölənlərin sayı isə 1405-ə çatıb.
Nazirlik İturi, Şimali Kivu, Cənubi Kivu, Haut-Uele və Tşopo olmaqla ölkənin 5 əyalətinə yayılan epidemiyada 773 xəstənin izolyasiya mərkəzlərində və xəstəxanalarda müalicə aldığını, 571 nəfərin isə sağaldığını açıqlayıb.
Səhiyyə rəsmiləri xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə xəstələrin idarə olunması və təmasda olan şəxslərin izlənməsi işlərinin davam etdirildiyini bildiriblər.
KDR-in şərqindəki İturi əyalətində 246 şübhəli yoluxma halı və 65 ölüm açıqlanmasının ardından mayın 15-də ölkədə epidemiya elan edilmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 17-də Ebola epidemiyası səbəbindən beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan etmişdi.
Səhiyyə rəsmilərinin məlumatına görə, mövcud epidemiya nadir Ebola variantı olan “Bundibugyo” virusundan qaynaqlanır və təsdiqlənmiş müalicəsi və ya peyvəndi yoxdur.
Bir növ hemorragik qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDR-in Yambuku şəhərlərində eyni vaxtda baş verən epidemiyalarla ortaya çıxıb.
KDR-dəki epidemiya Ebola çayının yaxınlığındakı bir kənddə başladığı üçün xəstəliyə bu çayın adı verilib.
Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılıb. Qvineya, Liberiya və Syerra-Leonedə 2014-2017-ci illərdə baş verən epidemiya zamanı 30 min nəfər virusa yoluxub və xəstələrin 11 mindən çoxu həyatını itirib.
