ÜST ebolanı Konqo tarixində ən böyük epidemiya adlandırıb


Konqo Demokratik Respublikasının (KDR) şərqində baş qaldıran hazırkı ebola epidemiyası, ilkin mərhələdə yayılma sürətinə görə ölkə tarixinin ən böyük epidemiyası olub.

AFN.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallara Operativ Cavab Departamentinin direktoru Abdirahman Mahamud təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən brifinqdə bildirib.

"Mənim iyunun 9-da Buniya şəhərindən verdiyim son brifinqdən bəri infeksiyanın yayılma coğrafiyası genişlənməkdə davam edir" - deyən A.Mahamud qeyd edib ki, söhbət infeksiyanın yayılmasının ilk ayı ərzində DR Konqo tarixində qeydə alınan ən böyük ebola epidemiyasından gedir.

Xatırladaq ki, KDR-də növbəti ebola epidemiyası mayın 15-də başlayıb. Konqo hökumətinin məlumatına görə, hazırkı günə qədər laboratoriya üsulu ilə təsdiqlənmiş 1 048 yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 267 nəfərə çatıb. Mütəxəssislər vurğulayırlar ki, bu epidemiya həm də ilk ayda təsdiqlənmiş yoluxma halları baxımından bütün Afrika tarixindəki ən genişmiqyaslı yoluxma dalğasıdır.

KDR-dəki epidemioloji vəziyyəti "mürəkkəb" olaraq xarakterizə edən ÜST rəsmisi, "Genişlənən epidemiya ilə ayaqlaşmaq üçün cavab tədbirlərini mütləq artırmaq lazımdır və hazırda baş verənlər məhz budur", – deyə bildirib. A.Mahamud həmçinin əlavə edib ki, ÜST Afrikada Ebolaya qarşı mübarizə məqsədilə əlavə 115 milyon dollar vəsaitin ayrılması üçün donorlara müraciət edir.

İyunun 23-nə olan göstəricilərə görə, ölüm və yoluxma sayına görə hazırkı vəziyyət bu təhlükəli xəstəliyin yalnız iki böyük epidemiyasından geri qalır. Bunlardan birincisi 2014-2016-cı illərdə Qərbi Afrikada baş verən Eolba epidemiyası (28 616 yoluxma və 11 325 ölüm), ikincisi isə 2018-2020-ci illərdə elə KDR-in şərqində qeydə alınan epidemiyadır (3 470 yoluxma və 2 287 ölüm).




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu