Ebola epidemiyasına görə Afrikada fövqəladə vəziyyət elan edilib



Afrika İttifaqının ixtisaslaşmış qurumu olan Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri Demokratik Konqo Respublikası (DKR) və Uqandada yayılan Ebola qızdırması epidemiyası ilə əlaqədar qitədə ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

AFN.az xəbər verir ki, qurum bu xəstəliyin bütün Afrika qitəsinin təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını bəyan edib.

Rəsmi açıqlamada əhalinin sərhədyanı bölgələrdə intensiv hərəkəti, dağ-mədən sənayesi ilə bağlı yüksək mobillik, epidemiya zonalarında hökm sürən qeyri-sabitlik və infeksiyaya nəzarət tədbirlərinin zəif olması ucbatından virusun regional miqyasda yayılma riskinin çox yüksək olduğu bildirilir. Xüsusilə yoluxma ocaqlarının Ruanda və Cənubi Sudan sərhədlərinə yaxın olması narahatlığı daha da artırır. Fövqəladə vəziyyət rejiminin tətbiqi virusla mübarizəyə əlavə maliyyə və texniki resursların cəlb edilməsinə, həmçinin qitə boyu epidemioloji nəzarətin gücləndirilməsinə imkan verəcək.

Konqo rəsmilərinin son məlumatlarına görə, ölkədə Eboladan ölənlərin sayı 131 nəfərə çatıb, ümumilikdə isə 513 şübhəli yoluxma halı qeydə alınıb. Uqandada isə artıq bir nəfər bu xəstəliyin qurbanı olub. Ümumilikdə son 50 ildə Ebola qızdırması Afrikada 15 mindən çox insanın həyatına son qoyub.

Hazırkı epidemiyanın episentri DKR-in şərqindəki İturi əyalətidir. Burada ilk ölüm halı aprelin 24-də bir tibb bacısının vəfatı ilə qeydə alınıb. İnfeksiyanın əyalət mərkəzi Buniya şəhəri yaxınlığında qızıl hasilatı ilə məşğul olan mədənçilər arasında başladığı ehtimal olunur. Mayın 14-də konqolu həkimlər xəstəliyə səbəb olan törədicini müəyyən ediblər. Bu, hazırda heç bir peyvəndi və ya xüsusi dərmanı olmayan "Ebola-Bundibugyo" virusudur. Vəziyyətin ciddiliyini nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı da mayın 17-nə keçən gecə bu iki ölkədəki Ebola epidemiyasını beynəlxalq dərəcəli fövqəladə vəziyyət kimi tanıyıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu