Afrika CDC xəbərdarlıq etdi: KDR-dəki Ebola epidemiyası tarixin ən pisi ola bilər
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Afrika CDC) baş direktoru Jan Kaseya Demokratik Konqo Respublikasındakı (KDR) Ebola epidemiyasının tarixin ən pis səviyyəsinə çata biləcəyi barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, o, hazırda xəstəlik daşıyıcısı olan şəxslərlə təmasda olmuş on minlərlə insanın hələ də nəzarətə götürülə bilmədiyini diqqətə çatdırıb.
Burundidə keçirilən və Afrika dövlət başçılarının qatıldığı onlayn iclasda çıxış edən Kaseya epidemiyanı çox qısa zamanda dayandıra bilməsələr, Qərbi Afrika və Konqonun şərqində əvvəllər yaşananlardan daha ağır bir mənzərə ilə qarşı-qarşıya qalacaqlarını ifadə edib.
Baş direktor Kaseya 2014–2016-cı illər arasında Qvineya, Liberiya və Syerra-Leoneyə ciddi təsir göstərən və 11 mindən çox insanın ölümünə səbəb olan böyük epidemiyaya, həmçinin Konqoda 2018-ci ildə baş verən və daha az ölüm göstəricisi qeydə alınan epidemiyaya istinad edib.
