ASK-da turizm sənayesi nümayəndələri ilə görüş keçirilib - FOTOLAR
Avqustun 12-də Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) "Skal Baku" klubunun rəhbərliyi və turizm sənayesi nümayəndələrinin görüşü keçirilib.
AFN.az xəbər verir ki, ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun iştirakı ilə baş tutan görüşdə turizm sahəsi ilə bağlı gündəlikdə duran əsas məsələlər, bu sahədə fəaliyyət göstərən sahibkarların hazırkı vəziyyəti, turizmin inkişafı ilə bağlı sənaye nümayəndələrinin hazırladığı təkliflər müzakirə olunub.
"Skal Baku" klubunun prezidenti Ceyhun Aşurov bildirib ki, rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə iyulun 15-də turizm sənayesi nümayəndələrinin və bu sahəyə aidiyyəti olan bütün dövlət və özəl qurumların təmsilçilərinin iştirakı ilə Azərbaycanda turizm sahəsinin vəziyyəti, mövcud problemlər müzakirə olunub və nəticə olaraq sahənin inkişafına dair təkliflər hazırlanıb. Bu sənəd həm turizmə birbaşa və dolayısı ilə aidiyyəti olan dövlət qurumlarına, həm də turizm fəaliyyəti ilə məşğul olan özəl təşkilat və assosiasiyalara göndərilib. Ceyhun Aşurov məsələni diqqətdə saxladığına görə ASK rəhbərliyinə təşəkkür edib.
Vüqar Zeynalov keçirdikləri bütün görüşlərdə bu təklifləri diqqət mərkəzinə gətirəcəklərini bildirib.

