KOBİA-da turizm sənayesinin nümayəndələri ilə görüş keçirilib
Avqustun 5-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “Skal Baku” rəhbərliyi və turizm sənayesinin bir qrup nümayəndəsi ilə görüş keçirilib.
“Skal Baku” klubunun prezidenti Ceyhun Aşurovun AFN.az-a verdiyi məlumata görə, iyulun 15-də “Skal Baku”nun təşkilatçılığı ilə Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dəmir Yollarının (ADY) təmsilçiləri, Milli Məclisin deputatları, ölkənin turizm və qonaqpərvərlik sektorunun aparıcı assosiasiyalarının rəhbərləri, hotel və turizm şirkətlərinin, eyni zamanda ali təhsil müəssisələrinin və ölkə mediasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bu görüşdə Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, dövlət və özəl sektor arasında açıq dialoqun gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması müzakirə edilib, eyni zamanda ölkə turizminin inkişafına yönəlmiş birgə təşəbbüslər müəyyənləşdirilib.
“Bu görüşün nəticəsi olaraq biz Azərbaycanda turizm sahəsinin inkişafına dəstək verəcək təkliflər paketi hazırladıq və onu müxtəlif dövlət qurumlarına göndərdik. KOBİA-dakı görüş də bu təkliflərlə bağlı idi. Bizə bildirildi ki, turizm sahəsində fəaliyyət göstərən sahibkarların problemləri ilə tanışdırlar və bu problemlərin həlli üçün mümkün dəstəyi verəcəklər. Çünki turizmin inkişaf etməsi üçün ölkədəki bir çox qurumlar koordinasiyalı işləməlidir. Turizmlə bağlı sahəvi görüşlərə bizi də dəvət edəcəklərini bildirdilər. Həmçinin Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illəri əhatə edən yeni dövlət proqramının hazırlanmasından məlumatlı olduqlarını dedilər.
Biz xahiş etdik ki, müvafiq qurumların rəhbərləri ilə görüşlərində bizim təkliflərimizi də çatdırsınlar. Eyni zamanda turizmlə bağlı məsələləri diqqətdə saxlasınlar, öz tərəflərindən mümkün dəstəyi versinlər. Çünki turizm fəaliyyəti ilə məşğul olan sahibkarların da öz çətinlikləri var. Onların qarşısına çıxan bəzi bürokratik əngəllərin həll edilməsində bizə dəstək vermələrini istədik”, – deyə C.Aşurov qeyd edib.


