Astronomlar yeni kosmik cisim kəşf etdilər: Qara dəlik ulduzu



“James Webb” Kosmik Teleskopunun məlumatlarını araşdıran astronomlar kainatın dərinliklərində Günəş sistemi böyüklüyündə və nəhəng enerji yayan yeni bir kosmik cisim növü olan qara dəlik ulduzu kəşf ediblər.

AFN.az xəbər verir ki, beynəlxalq astronomlar qrupu kainatın ilkin dövrlərinə aid görüntülərdə bütün Günəş sistemi böyüklüyündə və parlaq qırmızı işıq yayan yeni bir kosmik cisim növü müəyyən edib.

“James Webb” Kosmik Teleskopunun qeydə aldığı məlumatları araşdıran alimlər qara dəlik “ulduzu” adlandırdıqları bu strukturun milyardlarla işıq ili uzaqlıqda yerləşdiyini və Böyük Partlayışdan 660 milyon il sonra yarandığını bildirirlər.

Qütb Ulduzu istiqamətindəki Balina bürcündə aşkar edilən göy cismi xarici görünüşü ilə nəhəng ulduzu xatırlatsa da, məlum olan bütün ulduzlardan 100 milyard dəfə daha çox enerji yayır.

Yaydığı nəhəng enerji miqdarı ulduzlardan çox qara dəliklərin davranışı ilə uyğun gələn cisim astronomlar tərəfindən unikal struktur kimi xarakterizə edilir.

Alimlər obyektin nüvə sintezi ilə işləyən ənənəvi ulduzdan daha çox, ətrafı sıx qaz buludları ilə əhatə olunduğu üçün ulduz kimi parlayan nəhəng qara dəlik olduğunu bildirirlər.

“Nature” jurnalında dərc olunan araşdırmaya görə, bu kəşf kosmik görüntülərdəki digər sirli qırmızı nöqtələrin də oxşar strukturlar ola biləcəyini göstərir.

Mütəxəssislər qara dəlik ulduzlarının qalaktikaların təkamülündə kritik rol oynadığını və bu gün Süd Yolu da daxil olmaqla bir çox qalaktikanın mərkəzində yerləşən superkütləli qara dəliklərin toxumlarını meydana gətirdiyini düşünürlər.

Superkütləli qara dəliklərin qalaktikalarda ulduzların yaranmasına, dolayısı ilə planetlərin və həyatın meydana gəlməsi prosesinə birbaşa təsir etdiyi məlum olduğundan, bu kəşfin kainatın ilkin dövrləri ilə bağlı mövcud təsəvvürləri dəyişdirəcəyi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu