İngiltərədə ilin ən isti günündə çoxsaylı yanğınlar baş verib
İngiltərədə temperaturun 38,1 dərəcəyə yüksəldiyi ilin ən isti günündə West Midlands bölgəsində çoxsaylı yanğınların baş verdiyi bildirilib.
AFN.az xəbər verir ki, Stourbridge Golf Course yaxınlığında baş verən böyük ot yanğınına təxminən 100 yanğınsöndürən müdaxilə edib, 6 evə ziyan dəyib, 2 nəfər yaralanıb.
Hadisənin şahidləri alovların bəzi ərazilərdə yollara qədər yayıldığını bildiriblər.
Yanğınsöndürmə xidmətinin sözçüsü təhlükəsizlik məqsədilə bəzi yerli qatar reyslərinin dayandırıldığını açıqlayıb.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, bölgədəki bəzi evlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Stourbridge bələdiyyə binası evlərini tərk etmək məcburiyyətində qalan şəxsləri qəbul etmək üçün hazır vəziyyətə gətirilib.
Yerli Məclis üzvü Andrew Southall yanğın səbəbindən qocalar evinin sakinlərinin də təxliyə edildiyini bildirib.
West Midlands bölgəsində Stourbridge ilə yanaşı, Warwickshire ərazisində də böyük yanğın baş verib. Birmingham şəhərinin Castle Vale bölgəsində evlərdə baş verən yanğında isə bir qadın ağır yaralanıb.
Stoke-on-Trent şəhərinin Sandyford bölgəsində və Worcestershire ərazisindəki Pershore qəsəbəsində də yanğınların davam etdiyi bildirilib.
M6 avtomobil yolunun şimala gedən hissəsi yolda yaranan tüstü səbəbindən bir müddət nəqliyyata bağlandıqdan sonra yenidən açılıb. Bağlanma səbəbindən bölgədə təxminən 2,5 saatlıq gecikmələr yaşanıb.
İngiltərədə bu gün 38,1 dərəcə ilə ilin ən yüksək temperaturu qeydə alınarkən, ölkə tarixindəki ən isti 5-ci gün yaşanıb.
Worcestershire əyalətinin Pershore bölgəsində temperatur 38 dərəcəyə çatıb, ölkənin 40 müxtəlif bölgəsində isə 36 dərəcə və daha yüksək temperatur qeydə alınıb.


