Avropada kəskin istilər və meşə yanğınları: Minlərlə şəxs təxliyə olundu



Cənubi Avropa miqyasında təsirini sürdürən və hava temperaturunun 44 dərəcəni keçdiyi istilik dalğası İtaliya, İspaniya və Fransa başda olmaqla bir çox ölkədə meşə yanğınlarına səbəb olub.

AFN.az xəbər verir ki, yanğınlar səbəbindən 20 mindən çox insan təxliyə edilib.

İtaliyayanın Siciliya adasında küləyin də təsiri ilə böyüyən yanğınlar Aqridento bölgəsindəki Bivona ətrafını cənginə alarkən, paytaxt Palermoda elektrik kəsintiləri yaşanıb.

Fransanın cənub-qərbindəki Bordo yaxınlığında yerləşən Leje Kap-Ferre qəsəbəsində baş verən yanğına 700-ə yaxın yanğınsöndürən müdaxilə edib.

Səlahiyyətlilər bölgədə 20 mindən çox şəxsin təhlükəsizlik səbəbilə təxliyə edildiyini bildiriblər.

Yanğının söndürülməsi işləri zamanı Bordo Hava Limanı yaxınlığında iki yanğınsöndürən həlak olub.

Böyük Britaniyaya bağlı Uels bölgəsində isə quraqlıq və yüksək temperatur səbəbindən rəsmi olaraq quraqlıq vəziyyəti elan edilib.

Mütəxəssislər iqlim dəyişikliyinin təsiri ilə artan temperaturların Avropa miqyasında torpaq və çaylardakı rütubət nisbətini ciddi dərəcədə düşürdüyünü vurğulayırlar.

Yunanıstanda hava temperaturunun 42 dərəcəni keçməsi ilə birlikdə paytaxt Afinanın da daxil olduğu cənub və mərkəz bölgələrdə meşə yanğını təhlükəsinə qarşı ən yüksək həyəcan səviyyəsinə keçilib.

Cənubi Kipr Rum Administrasiyası da temperaturların 43 dərəcəyə çatacağı gözləntisi ilə xəbərdarlıq yayımlayıb.

İspaniyada günlərdir sürən yanğınları nəzarət altına alma işləri davam edir.

Dəmir yolu infrastrukturu operatoru "Adif" Madrid yaxınlığındakı rels xəttinə yaxınlaşan yanğın səbəbindən qatar səfərlərinin dayandırıldığını açıqlayıb.

Fasilə Madrid ilə Barselona arasındakı sürət qatarı xəttində də problemlərə yol açıb.

İspaniya Meteorologiya Agentliyi bəzi bölgələrdə temperaturun 44 dərəcəyə çatması səbəbindən fövqəladə təhlükə xəbərdarlığı edib.

Ölkə miqyasında bu il yanan ərazinin miqdarının 100 min hektarı keçdiyi bildirilib.

İtaliyada isə Siciliyanın San Kataldo qəsəbəsi yaxınlığındakı yanğına müdaxilə edən 59 yaşlı bir yanğınsöndürən səhhətinin pisləşməsi nəticəsində həyatını itirib.

Ada miqyasında 100-dən çox şəxs evlərindən və səhiyyə mərkəzlərindən təxliyə olunub.

Tüstü və yüksək temperatur səbəbindən bəzi bölgələrdə yaşayış məntəqələri və yollar tədbir məqsədilə bağlayıb.

Siciliyadakı yanğınların Afrika üzərindən gələn güclü sirokko küləkləri ilə yayıldığı, təsərrüfatların, zeytunluqların və infrastruktur sistemlərinin zərər gördüyü diqqətə çatdırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu