Gündən-günə artan cərimələr vəziyyətdən çıxış yoludurmu? MÜZAKİRƏ
Müxtəlif sahələrdə mövcud qaydaları pozmağa görə tətbiq edilən cərimələrin sayı getdikcə artır. İndiyə qədər tətbiq edilən cərimələrə son bir ildə pandemiya ilə bağlı cərimə növləri də əlavə olunub. Məsələ ondadır ki, müxtəlif qurumlar yarandıqca hər biri özü ilə bərabər yeni qaydalar, yeni cərimə növləri gətirir. Məsələn, Bakı Nəqliyyat Agentliyinin şəhərin müxtəlif ərazilərində dayanma-durmaya görə tətbiq etdiyi cərimələr son dövrlər ən çox tənqid olunan məsələdir. Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, maska taxmaqla bağlı qoyulan qaydaların pozulmasına görə polisin tətbiq etdiyi cərimələr vətəndaşların etirazlarına səbəb olur.
Bu günlərdə isə daha bir cərimə növünün İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi ilə bağlı müzakirələr gedir. Belə ki, kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə fermerlərə cərimə tətbiqi də nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni - 411-2 maddənin əlavə edilməsi təklif olunur. Ümumiyyətlə, cərimələr vəziyyətdən çıxış yoludurmu? Cərimələrlə vəziyyəti stabilləşdirmək mümkündürmü, yoxsa maarifləndirici və ya stimullaşdırıcı tədbirlər daha effektiv olar?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Erkin Qədirli AFN-ə açıqlamasımda bildirdi ki, cərimələrin məbləğinin yüksək, yaxud aşağı olmasını qətiyyətlə demək olmur: “Məsələn, karantində eyni əmələ görə Avropada 600-800 avro, daha yüksək məbləğində cərimələr var. Onunla müqayisədə bizdə bu rəqəm daha fərqlidir. Sadəcə olaraq əhalinin gəlirləri, məhkəmə sisteminə etibarı və digər məsələlər var ki, ayrıca qiymətləndirmək olmur, buna kompleks şəkildə baxmaq lazımdır. Cəza da olmalıdır, maarifləndirmə, həvəsləndirmə də olmalıdır. Bir tək cəzayla, yaxud maarifləndirməylə iş bitmir. Çünki insanlar fərqlidir. Hər bir cəmiyyətdə inkişaf səviyyəsindən asılı olmayaraq bir qrup insan var ki, onlar qanuna prinsip, dəyər olaraq baxır və ona əməl edir. Heç onu məcbur etmək, qorxutmağa da ehtiyac yoxdur. Hesab edir ki, olmazsa olmaz. Cəzadan qorxduğuna görə yox, sadəcə qanuna hörmət edir. Hər bir cəmiyyətdə belə insanlar azdır. Elə insanlar da var ki, hər hansı bir qaydaya qarşı çıxmaq təbiəti, həvəsi var. O cür insanlar daha çox cəzadan qorxduqlarına görə qaydalara əməl edirlər. Hər bir cəmiyyətdə belələri var. Ancaq əksəriyyət cəmiyyətdə insanlar qanuna fayda gözü ilə baxır. Onlar qanunda nə dəyər görür, nə cəza görür. Bütün cəmiyyətlərdə əksəriyyətlər də uyğunlaşan insanlardır. Onlar görür ki, bu qanunun faydası var, ona əməl etməyə başlayırlar”.
Millət vəkilinin sözlərinə görə, cəmiyyətə o qanuna əməl etməyin faydasını göstərmək lazımdır: “Onun da müxtəlif yolları var. Məsələn, əgər vətəndaş görsə ki, eyni qaydanı məmur pozarkən cəzalandırmırlar, adi vətəndaşı cəzalandırırlar, o zaman onun qanuna nə hörməti olacaq, nə onun cəzasından qorxacaq, nə də bir faydasını görəcək. Bu, hansısa konkret bir tədbirlə həll olunacaq məsələ deyil, böyük bir siyasət tələb edir”.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev isə bildirdi ki, ümumiyyətlə, hüququn təminatının bir çox şərtləri var: “İlk növbədə istənilən qanunvericiliyə dəyişiklik, ehtiyacların diqqətlə öyrənilməsi, mövcud problemlərin aşkar edilməsi problemlərin həllinə yönəlik praktik tədbirlər sırasına daxil olmalıdır. Doğrudan da buna zərurət varmı və yaxud yoxdurmu? Məsələn, konkret olaraq subsidiyaların verilməsi prosesində sui-istifadələrin həcmi, miqyası və s. ilə bağlı son illər bu istiqamətdə bir sıra irəliləyişlər var. İstər-istəməz sui-istifadə hallarının qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində, bütövlükdə qanunvericilikdə belə cərimələrin tətbiqi prosesi genişləndirilib. Daha doğrusu, pozulacaq hüququn qarşısının alınması üçün sanksiyalar sərtləşdirilib. Bu, son deyil, istənilən hüquq pozuntusunun qarşısının alınması üçün yalnız cəza siyasətinin sərtləşdirilməsi yeganə effektiv, səmərəli nəticəyə gətirib çıxara bilməz”. Ə.Nuriyevin sözlərinə görə, bununla bağlı genişmiqyaslı, önləyici tədbirlərin həyata keçirilməsi çox vacibdir: “Başqa sözlə desək, bütövlükdə geniş maarifləndirici tədbirlərin həyata keçirilməsi, məsələn, subsidiyalar necə verilir, mexanizmlər nədən ibarətdir və s. məsələlərlə bağlı şəffaflıq olmalıdır, əlçatanlıq olmalıdır. Bu məlumatı təqdim etmək lazımdır ki, fermerlər bununla bağlı geniş məlumata malik olsunlar. O zaman onlar öz hüquqlarını bilib onu müvafiq strukturlardan tələb edəcəklər. Bildiyimə görə, bu istiqamətdə geniş məlumatlandırıcı proseslər paralel olaraq həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumatın verilməsi, elektronlaşdırılması ilə bağlı çox əhəmiyyətli addımlar atılıb. Görünür, burada əlavə tədbirlərə də ehtiyac var. Bu əlavə tədbir hər şeydən əvvəl onunla bağlıdır ki, vətəndaş cəmiyyəti strukturlarını, medianı bu prosesə daxil etmək lazımdır. Bu istiqamətdə çoxsaylı məlumatların verilməsi, broşüraların paylanması çox vacibdir. Hətta kənd təsərrüfatı rayonlarında bunla bağlı reklamların yerləşdirilməsi də çox vacibdir. Məsələn, “subsidiyanın verilməməsi ilə bağlı hər hansı problemlə rastlaşsanız bu qaynar xəttə zəng edin” və yaxud sosial xarakterli reklamların çəkilməsi və yerləşdirilməsi çox vacibdir. İstər regional televiziyalarda, sosial şəbəkələrdə bunlardan istifadə etmək lazımdır. Ümumiyyətlə, məlumata çıxış vacib bir məsələdir ki, bunun həlli belə pozuntuların qarşısını həm alacaq, həm də son dərəcə məhdudlaşdıracaq. Bu prosesləri müşahidə etdiyim üçün və eyni zamanda Şəffaflıq Azərbaycan təşkilatı açıq hökumət platforması mütəmadi olaraq bütövlükdə müxtəlif sektorlarda hüquqa çatımlıqla, informasiya azadlığının nə dərəcədə təmin edilməsi ilə bağlı məsələləri mütəmadi müşahidə etdiyi üçün bu qənaətdəyik ki, bu istiqamətdə addımlar atılır. Ancaq maraqlı şəxslərin bu prosesə qoşulması, əhatəliliyin genişlənməsi çox vacibdir. Bu, istər istəməz önləyici tədbirlərin həyata keçirilməsinə gətirib çıxarır ki, qanunvericilikdə sanksiyaların dəyişdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə ehtiyac olmur. Eləcə də inam və etimadın daha da dərinləşməsi prosesi gedir və bu sahələrə cavabdeh olan şəxslərin də məsuliyyəti artır. Onlar görür ki, bu sahədə tamam bir şəffaflıq var və hər hansı bir sui-istiafdə halı hər kəsə məlum olacaq. Bu baxımdan kompleks tədbirlərin həyata keçrilməsi bütövlükdə hər hansı hüququn dəqiq icra olunmasına gətirib çıxaracaq”.
NİGAR







