UnitedHealthcare-nin CEO-sunu öldürməkdə təqsirləndirilən şəxs təqib ittihamlarını qəbul edib
ABŞ-nin aparıcı tibbi sığorta şirkətlərindən biri olan UnitedHealthcare-in Baş icraçı direktoru (CEO) Brian Thompsonu öldürməkdə ittiham olunan Luigi Mangionenin barəsində irəli sürülən federal təqib ittihamlarını qəbul etdiyi bildirilib.
AFN.az xəbər verir ki, UnitedHealthcare-in CEO-su Thompsonu öldürməkdə ittiham olunan Mangione Manhettendə hakim qarşısına çıxıb.
İnvestor kimi davranaraq UnitedHealthcare-dən məlumat topladığını və Thompsonun iştirak edəcəyi konfransın yerini müəyyən etdiyini bildirən Mangione ona qarşı irəli sürülən federal təqib ittihamlarını qəbul edib.
Onurğasındakı zədə səbəbindən illərlə şiddətli ağrılara dözdüyünü və tibbi sığorta sistemindəki maneələri aşmağa çalışdığını qeyd edən Mangione “4 dekabr 2024-cü il səhəri Thompsonu silahla vurdum və o öldü” ifadəsini işlədib.
Federal səviyyədəki iş üzrə yalnız təqib cinayətində ittiham olunan Mangionenin gələn ay qətl ittihamı ilə ştat məhkəməsində hakim qarşısına çıxması gözlənilir.
Digər tərəfdən, Mangionenin vəkilləri eyni cinayətə görə iki dəfə mühakimə olunmamaq prinsipinə əsaslanaraq, ştatdakı ittihamnamənin ləğv edilməsi üçün səylərini davam etdirirlər.
Mangionenin alacağı cəzanın 18 dekabrda keçiriləcək məhkəmə iclasında müəyyənləşməsi gözlənilir.
Xatırladaq ki, ABŞ-də UnitedHealthcare-in CEO-su Brian Thompson 4 dekabr 2024-cü ildə Nyu-Yorkun Manhetten rayonunda konfrans üçün gəldiyi otelə daxil olarkən silahlı hücuma məruz qalaraq həyatını itirmişdi.


