Belçikada həddindən artıq isti səbəbindən bəzi qatar reysləri ləğv edilib



Belçikada temperaturun bəzi ərazilərdə 38 dərəcəyə çatmasının gözlənilməsi səbəbindən bu gün bəzi qatar reysləri ləğv edilib.

AFN.az xəbər verir ki, Belçikanın dəmir yolu şirkəti SNCB ölkənin bəzi bölgələrində havanın temperaturunun 38 dərəcəyə qədər yüksəlməsinin gözlənilməsi səbəbindən bu gün səhər və axşam pik saatlarda xidmət göstərən bəzi qatar reyslərinin ləğv edildiyini açıqlayıb.

Açıqlamada sözügedən qatarların işə gediş və işdən qayıdış saatlarında hərəkət etdiyi xatırladılaraq, bu qatarların günün digər saatlarında açıq ərazidə park edilmiş vəziyyətdə gözlədildiyinə diqqət çəkilib.

Açıqlamada qatarların əhəmiyyətli hissəsinin köhnə və kondisionersiz olduğu, vaqonların daxilində temperaturun həddindən artıq yüksəldiyi bildirilib. Mövcud hava şəraitində bu qatarlarla sərnişinlərin və personalın təhlükəsiz şəkildə daşınmasının mümkün olmadığı qeyd edilib.

Açıqlamada sərnişinlərə mümkün qədər pik saatlardan kənarda səyahət etmələri, səfərdən əvvəl aktual reys məlumatlarını yoxlamaları və yanlarında su saxlamaları tövsiyə olunub.

Həddindən artıq isti hava dəmir yolu infrastrukturuna da mənfi təsir göstərir. Yüksək temperatur zamanı qatarları elektrik enerjisi ilə təmin edən asma xətlər sallana bilər. Xüsusilə 35 dərəcədən yuxarı temperaturda relslərin genişlənərək deformasiyaya uğrama riski artır.

Belçikada bu gün ölkənin demək olar ki, bütün ərazisində həddindən artıq isti hava səbəbindən narıncı xəbərdarlıq tətbiq olunur.

Bu səviyyədə vətəndaşların tədbir görməsi və yerli idarələrin hazırlıqlı olması tələb olunur. Xəbərdarlıqda günün ən isti saatlarında çölə çıxılmaması, bol su içilməsi və ağır fiziki fəaliyyətlərdən uzaq durulması tövsiyə edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu