Məktəblərdə tədrisin forması ilə bağlı fikirlər haçalanır - MÜZAKİRƏ
Bu gün pandemiya ilə bağlı ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müxtəlif tədris sistemi müşahidə etmək mümkündür. Belə ki, korononavirusa yoluxma səbəbindən bir sıra məktəblər tədrisi əyani, bir qismi isə distant formada davam etdirir. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, bu gün ümumi təhsil müəssisələrinin 98,4 faizində tədris ənənəvi üsul ilə təşkil edilib. Şagird davamiyyəti 80 faizə qədərdir. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiyasına başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. 1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib.
AFN xəbər verir ki, Təhsil Nazirliyi pandemiya dövründə təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirir. “Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinini fəaliyyətinin hansı formada təşkilini məqsədəuyğun hesab edirsiniz?” sorğusuna insanlar müxtəlif fikirlər bildirirlər. Onların arasında distant təhsilə etraz edənlərlə yanaşı, əyani təhsil istəməyənlər də var. Maraqlıdır ki, ikincilər birincilərdən çoxdur. Məktəblər yenidən bağlanmalıdırmı?
Pediatr Vaqif Qarayev AFN-ə açıqlamsında bildirdi ki, koronavirus peyda olandan uşaqlar arasında istər yoluxma, istərsə də ölüm baxımından həyəcan yaradıcı statistika yoxdur: “Amma fakt odur ki, uşaqlar da yoluxur. Hətta yeni doğulan körpələr arasında da yoluxma halları müşahidə edilir. Müxtəlif ölkələrdə belə hallara rast gəlinir. Mən düşünürəm ki, konkret bir məktəbdə epidemioloji vəziyyət istər müəllimlər, istərsə də uşaqlar arasında yaxşı deyilsə ona məhdudiyyətlər qoyulmalıdır. Ancaq bunu bütün ölkə üzrə etmək düzgün olmaz. Yaxud ölkədə bütün məktəbləri açıq saxlamaq da düzgün alınmır. Epidemiyanın qanunu var. Epidemiyalar zamanı yoluxma ocağı varsa, o ocaq təcrid olunmalıdır. Bu istər məktəbdə, istər restoranda olsun fərqi yoxdur. Məktəb spesifik məkandır və orada minlərlə uşaq oxuyur, yüzlərlə müəllim çalışır. Yəni orada istənilən epidemiyanın yayılması üçün kifayət qədər optimal şərait var. Hansı məktəbdə yoluxma varsa orda məhdudiyyət vacibdir”.
Bu gün nazirliyin sorğusuna uşaqları ümumi təhsil müəssisələrində təhsil alan jurnalistlər də birmənalı yanaşmır. Jurnalist Ülkər Abdullayeva AFN-ə açıqlamasında distant təhsilə keçməkdə bir məna görmədiyini dedi: “Hazırkı şərtlərdə, sinifdə şagirlərin sayını azaltmaqla və sanitar-epidemioloji, sanitar-gigiyenik normalara riayət etməklə dərsləri davam etdirmək lazımdır. Çünki distant təhsil xüsusilə aşağı siniflərdə lazımi effekti vermir. Bizə faktlar məlumdur ki, məktəb yaşlı uşaqlar məsələn, bayram günlərində getdikləri əyləncə yerlərində, kafe-restoranlarda, parklarda yaşıdları ilə oynayarkən virusa yoluxublar. Demək ki, virusa yoluxma ehtimalı təkcə məktəblərdə deyil, başqa yerlərdə də var. Heç kəs qarantiya verə bilməz ki, uşaqlar məktəbə getmirlərsə, ancaq evdə otururlar və yoluxmurlar. Məncə uşaqlar viruslarla yaşamağı öyrənməlidirlər”.
Digər həmkarımız Zülfiyyə Quliyeva bu fikirdədir ki, indiki vəziyyətdə uşaqlar da valideynlər də çox çətin durumda qalıb: “Əsas dərslər əyani keçirilir. Digər dərslər isə distant. Uşaqların çoxu isə hazırlığa gedir. Məcbur olur uşaq əsas dərsləri məktəbdə keçsə də, digərlərinə qoşulmasın. Çünki belə olanda hazırlığa gedə bilmir. Mən məktəblərin normal təhsili davam etdirməsinin tərəfdarıyam. Qonşu ölkələrdə ən azı 9-cu sinifə qədər normal şəkildə təhsil davam edir. Uşaqlar onsuz da bu gün həm bayırda oynayır, həm hazırlığa gedir, həm də valideynləri ilə kafe-restoranlarda olurlar. Yəni səmimi desək, əksəriyyət uşağını virusa görə xüsusi qorumur. Necə olur bu virus uşağa bu şəraitdə keçmir, ancaq məktəbdə keçə bilir? Ümumiyyətlə, virusla mübarizədə verilən qərarlar çox ziddiyyət təşkil edir. Ən yaxşısı məktəblərdə təhsilin əvvəlki qaydada ənənəvi formada davam etdirilməsidir. Mən hətta deyərdim ki, tam distant təhsil indikindən yaxşı idi. Uşaq tezdən otururdu telefonun qabağında, dərs bitən kimi də yeməyini yeyib dərslərini hazırlayıb sonra hazırlıqlarına gedirdi. İndiki şəraitdə aləm qarışıb bir-birinə”.
Jurnalist Həbibə Abdulla isə fərqli düşünür. Onun fikrincə, yoluxma sayında artım belə davam edərsə, ənənəvi təhsili mütləq saxlamaq lazımdır: “Sinif otaqları qapalıdır. Hər nə qədər maska ilə yola salsaq da, uşaqlar sinifdə maskalarını çıxarırlar. Biri çıxarmasa da, o biri çıxarır. Ötən yay bizim ailəmizdə koronaya yoluxma olmuşdu, qardaşımın 6 yaşlı oğlunun testi pozitiv çıxdı, amma heç bir əlamətsiz keçirdi. Yəni uşaqlar xəstə olmasalar da, daşıyıcı olurlar. Məsələ uşaqların özlərinin sağlamlığından daha çox virusun yayılma təhlükəsidir. Bildiyiniz kimi, ölkəmizdə və dünyada koronavirusun uşaqlarda ölümcül olması ilə bağlı ciddi faktlar olmadı, rast gəlinmədi. Amma onlar çox rahat daşıyıcıdırlar. Bütün bunlarla yanaşı, bizim məktəblərdə ciddi qorunma yoxdur. Hətta mən fakt bilirəm ki, ibtidai sinif müəlliməsi koronavirusdan dünyasını dəyişdi, amma məktəb qapanmadı, tədris davam etdi. Təsəvvür edin, o müəllimənin sinfində neçə uşaq evə virus daşıdı. Bu kimi halları nəzərə alaraq yoluxmanın belə sürətlə artacağı təqdirdə məktəblərin qapanmasının tərəfdarıyam. Özümün iki övladım məktəblidir, artıq mən onları dərsə göndərmirəm. Özlərinin və ailəmizin sağlığı daha önəmlidir”.
NİGAR





