Putun Paşinyanla Qərb arasında uçurum yaratdı - politoloq


“Əslində üçtərəfli görüşdə razılaşdırılmamış məsələlər Putin və Paşinyan görüşündə Paşinyan tərəfindən səsləndirilən məsələlərdir. Çünk ilk görüşdə, yəni Paşinyanla Putin arasında keçirilən görüşdə Paşinyan bir neçə məsələ qaldırdı. Onların içərisində birincisi Azərbaycan ordusunun 2021-ci il mövqelərinə çəkilməsi, ikincisi Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindən Azərbaycan silahlı Qüvvələrinin çıxarılması, üçüncüsü, erməni əsirlərinin Ermənistana təhvil verilməsi və dördüncüsü, ümumiyyətlə, Qarabağ məsələsinin yenidən müzakirə predmetinə çevrilməsi cəhdi idi ki, biz bəyanatda bu məsələlərin heç birinin öz əksini tapmadığını gördük”.


Bunu AFN.az -a açıqlamasında politoloq Rəşad Bayramov bildirib. O, görüşdə qeyri-adi heç nəyin baş vermədiyini deyib: “Dolayısıyla, nəzərə alsaq ki, Paşinyan öz sözünü demirdi və Paşinyanın hazır mətnlə üzündən oxuduğu, səsləndirdiyi fikirlər birbaşa elə Rusiya tərəfinin mövqeyi idi. O cümlədən də Rusiya sülhməramlılarının uzunmüddətli qalmasını ehtiva edən məsələlərlə bağlı Paşinyanın səsləndirdiyi fikirlər. Hansı ki, Putin mətbuat konfransında da bildirdi ki, bu məsələ də müzakirə olundu, amma sonraya saxlanıldı. Yəni onsuz da hələ beş il müddətinə sülhməramlıların orada mandatı var. Bunun sonrakı müzakirələrin predmeti olduğunu bildirdi. Yəni bunların hamısını Kreml əvvəldən Paşinyana təqdim eləmişdi və Paşinyan dəyərləndirmişdi. Təbii ki, bunların heç biri Azərbaycan tərəfindən məqbul hesab edilə bilməzdi və edilmədi də. Və son razılaşdırılmış bəyanatda da öz əksini tapmadı. Putinin dediyi razılaşdırılmamış məsələlər də birbaşa elə bununla bağlıdır. Əvvəldən də məlum idi ki, “Valday” diskussiya klubunda Putinin səsləndirdiyi fikirlər və yaxud da ondan sonra Paşinyanın səsləndirdiyi fikirlər Azərbaycanın maraqlarına cavab vermir və İlham Əliyevin də həmin məsələlərə razılıq verməsi mümkün deyildi. O baxımdan da adi bir sənəd ortaya çıxdı, hansı ki, özündə indiyə qədər razılaşdırılmış məsələləri ehtiva edir. 10 noyabr bəyanatı, 11 yanvar bəyanatı, ondan sonrakı bəyanat deyilən və oradakı öhdəliklərin icrasını şərt olaraq irəli sürən növbəti bir sənəd ortaya çıxdı”.
Rəşad Bayramov görüşün keçirilməsində əsas məqsədin Putinin Paşinyana öz yerini göstərməsi olduğu qənaətindədir. Onun sözlərinə görə, Putin də əvvəldən bilirdi ki, nəticə necə olacaq: “Yəni Putin Qarabağın statusu ilə bağlı məsələnin Azərbaycanın qırmızı cizgisi olduğunu kifayət qədər yaxşı bilirdi. Sadəcə 2-3 gün ərzində Paşinyana dedilər ki, bəyanatlar ver. Həmin bəyanatların Paşinyan tərəfindən səsləndirilməsi Rusiyaya lazım idi. Bu, Rusiyanın Qərbin “uşağı” olan Paşinyana yerini göstərmək cəhdi kimi də qiymətləndirilə bilər. Paşinyanın son bir neçə gündə KTMT-dən çıxmaq haqqında bəyanat səsləndirməsi, Rusiyanın ayrı-ayrı nümayəndələrinin Ermənistana girişinə qadağa qoyulması kimi bəyanatları onu deməyə əsas verirdi ki, Paşinyan Qərbin diktəsi ilə konkret mövqe ortaya qoyur, Putin də bunun qarşısını aldı və Paşinyana elə məsələləri qabartdırdı ki, bundan sonra Paşinyanla Qərb arasında münasibətlərin yenidən müsbət istiqamətdə irəliləməsi faktiki olaraq qeyri-mümkündür. Çünki biz nəzərə alaq ki, həm Avropa İttifaqı, həm də ABŞ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün təkcə sülhməramlı kontingentin buradan çıxarılması deyil, eyni zamanda, Ermənistandakı rus hərbi bazasının da çıxarılması üzərində işləyir və o istiqamətdə fəaliyyət göstərir. Bu məsələdə Paşinyandan istifadə edilməsi, ona təzyiq göstərilməsi də görsənirdi və bunları Rusiya da görürdü. Bunları Putin də görürdü və faktiki olaraq Paşinyan tərəfindən Rusiya sülhməramlılarının mandatının 20 il və uzadılmasına razılıq verməsi, nə bilim digər başqa sərhəd xidmətinin Rusiyanın nəzarətinə tamamilə verilməsi və digər bu kimi səsləndirdiyi bəyanatlar və ən sonda da Rusiya tərəfinin sülh sazişinin Ermənistan üçün daha məqbul olduğunu ifadə etməsi Paşinyanla həm ABŞ, həm də Qərb arasında faktiki bir uçurum yaratdı. Putinə də elə bu lazım idi. Yəni Ermənistana öz nəzarətindən çıxmasına imkan verməmək lazım idi, buna da nail oldu. Yəni belə demək mümkünsə, Paşinyan görüşdə istədiklərini ala bilmədi. Rusiya tərəfi Ermənistanı müəyyən müddət də olsa, Qərbdən və ABŞ-dan uzaqlaşdıra bildi. Azərbaycan isə görüşdən heç nə itirmədi və indiyə qədər qalan mövqeyində qaldı, qırmızı xətlərini kiminsə keçməsinə imkan vermədi”.

Fərahim Rəhimov



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu