Hökuməti ərzaq təhlükəsizliyi ilə bağlı oxşar qərarları çoxdan verməli idi - EKSPERT


Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Qərar 30 gündən sonra qüvvəyə minəcək. Qeyd edək ki, Pakistandan Azərbaycana düyü idxalına 15 % gömrük rüsumu tətbiq olunurdu. Ümumiyyətlə, ölkəmizə cari ilin yanvar-sentyabr aylarında 43 min ton düyü idxal edilib. İdxal edilən düyünün dəyəri 36,4 milyon dollar olub.


Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında dəyəri 26,3 milyon dollar olmaqla 35,9 min ton düyü idxal edilib. Yola saldığımız ildə Azərbaycana düyü ixracında ilk sırada Hindistan qərarlaşıb. Cari ilin 8 ayında ümumi düyü idxalının 72,79 faizi Hindistanın payına düşüb. Bu ilin 8 ayında Qazaxıstan Azərbaycana düyü idxalında (4 min 836 ton) ikinci yeri tutur, sonrakı yerdə isə Rusiya (4 min 152 ton) gəlir. 2021-ci ildə ölkəyə idxal olunmuş düyünün 64,6%-i Hindistanın, 15,0%-i Qazaxıstanın, 13,4%-i Rusiyanın, 4,8%-i Pakistanın, 1,7%-i Tailandın payına düşüb. Pakistandan idxal edilən düyünün gömrük rüsumundan azad edilməsi bu sahədə ucuzluq yaradacaqsa, başqa hansı sahələrdə belə güzəştlərə ehtiyac var?
İqtisadçı-ekspert Razi Abbasbəyli AFN.az-a bidlirdi ki, əslində Azərbaycan hökuməti ərzaq təhlükəsizliyi ilə bağlı qərarları çoxdan verməli idi: “Çünki Azərbaycanda çəltik əkilən sahələrlə bağlı olaraq çox ciddi şəkildə geriləmə var. Yalnız ölkədə XX əsrin əvvəllərində, 1915-ci ildə çəltik əkini ilə bağlı göstəricilər müsbət olub. Nə sovetlər dövründə, nə də müstəqillik dövründə müsbət göstəcilər əldə emək mümkün olmayıb. Müstəqilik dövründə çəltik əkilən sahələrin həcmi 70 faizə qədər azalıb. Bu gün Azərbaycanın düyüyə olan ehtiyacının heç 5 fazini belə daxili istehsal hesabına təmin etmək mümkün deyil. Bir sıra ərzaq məhsulları var ki, onların bir qismini daxili potensial və tədarük hesabına təmin etmək mümkündür. Lakin bununla bağlı gömrük siyasətində bir sıra qüsurlar var. Məsələn, Azərbaycanda kartof istehsalında göstəriclər müəyyən mənada yaxşı olsa da, ixracda hər hansı bir gömrük siyasəti həyata keçirilmir. Yəni tədarük dövründə Azərbaycandakı yerli kartofu xarici ölkələrə satırıq, əvəzində ilin 10 ayını kartof idxal etməklə məşğul oluruq. Həm keyfiyyətsiz, həm də baha başa gələn məhsullar bazara daxil olur. Bunun üçün gömrük siyasəti həyata keçirilməlidir. Müəyyən mərhələlər üçün keçici gömrük siyasəti olmalıdır. Xüsusilə də rüsumlarla bağlı bu proqram olmalıdır. Özümüzə çatacaq qədər nə qədər depomuz varsa, ona uyğun olaraq ixracata məhdudiyyət tətbiq etmək olar. Yaxud yüksək gömrük rüsumları tətbiq etmək olar. Qalan dövrdə, Azərbaycanın ehtiyacı olacaq həmin məhsulu daxili bazarda təmin etməklə, o zaman gömrük rüsumlarını tamamilə ləğv etmək olar. Bu baxımdam aqrar sektorda ərzaq məhsulları ilə bağlı daxili tədarükü öldürmək olmaz, stimullaşdırmaq lazımdır”.
Ekspert deyir ki, bununla bağlı şaxələndirilmiş strateji gömrük siyasəti həyata keçirilməlidir: “İdxal edilən bütün ərzaq məhsullarını gömrük rüsumlarından azad etsək, o zaman yerli istehsal, aqrar sektor məhv olar. Bu baxımdan həm Avropa, həm Türkiyədə təcrübə var ki, hansı məhsulların nə zaman ökədən çıxışını, nə zaman girişini asanlaşdırmaq lazımdır. Hesab edirəm ki, mövsümlər üzrə əhalinin istehlak səbətinin təmin edilməsi ilə bağlı konkret strateji proqram olmalıdır və bu proqram əsasında həyata keçirilməlidir. Ancaq digər ərzaq məhsulları var ki, ölkədə istehsal olunmur. Xüsusilə də son günlər müzakirə olunan dərman preparatları var ki, 96 faiz xaricdən idxal olunur. Azərbaycan hökuməti bu sahədə istehsalla bağlı addım atmır. O zaman dərman və dərman preparatlarını, o cümlədən tibbi ləvazimatları belə, gömrükdən azad etməliyik ki, bazada ucuzuq yaransın. Azərbaycanın istehsal etmədiyi məhsulları, gələcək perspektivdə də istehsalla bağlı müsbət göstəricilərin əldə edilməsinin gözlənilmədiyi məhsulların vergidən azad edilməsi vacibdir. Bu həm qiymətlərin ucuzlaşmasına səbəb olacaq, həm də bazarda müəyyən qədər çoxçeşidlilik və rəqabət mühiti yaradacaq. Bu baxımdan da düyüdən sontra hansı məhsullara ƏDV və yaxud gömrük rüsumlarının ləğv edilməsində hər bir məhsulla bağlı daxili statistik məlumatlar incələnməlidir. Daxildə az da olsa əgər həmin məhsulun istehsalı varsa, onu tamamilə sıradan çıxarmaq olmaz, daxili mənafeləri də qorumaq lazımdır. Aqrar sektoru, ölkənin iqtisadi maraqları və mənafelərini nəzərə almaq lazımdır. Digər bütün məhsullara spesifik yanaşıb, konkret gömrük siyasətini ildə 4 dəfə tənzimləmək olar ki, ucuzluğa səbəb olsun”.

Leyla MƏMMƏDOVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu