Media və QHT nümayəndələri Cəlilabad RMX-də icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış olublar


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Cəlilabad rayonuna mediatur təşkil olunub.


Yanvarın 25-də reallaşdırılan mediaturun məqsədi media və qeyri-hökumət təşkilatlarını, eləcə də Litva Respublikasının Milli Tibbi Sığorta Fondunun (Twininq layihəsinin) nümayəndələrini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında (RMX) icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaq idi.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov mediatur iştirakçılarını xəstəxana ilə tanış edib. O bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı aparılan struktur dəyişikliyinə əsasən Cəlilabad Diaqnostika Mərkəzi də rayon mərkəzi xəstəxanasının tabeliyinə verilib. Onun sözlərinə görə, xəstəxanaya giriş təcili tibbi yardım bölümündən başlayır: “Xəstəxanamızda ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzi adlı şöbə yaradılıb. Eyni zamanda təcili yardımın keyfiyyətini artırmaq üçün təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi məqsədilə “triaj” sistemi təşkil etmişik”.
Direktor mediator iştirakçılarının diqqətinə çatdırıb ki, icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada dördüncü nəsil cihazlarla təchiz edilmiş mərkəzi laboratoriya şöbəsi fəaliyyətə başlayıb: “Xidmətlər zərfinə daxil olan 700-dən çox laborator müayinələrə əlçatanlıq təmin edilib. Burada fəaliyyət göstərən 5 bölmədə (biokimya, immunokimya, hematologiya, mikrobiologiya, immunologiya) həm Cəlilabad rayonunun, həm də Salyan, Neftçala və Biləsuvar rayonlarının əhalisinə xidmət göstərilir. Həmçinin xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra mürəkkəb və dəyəri yüksək olan cərrahi əməliyyatlar (mədə, bağırsaq rezeksiyaları, qaraciyər, posttravmatik torakal əməliyyatlar və s.) icra olunur. Burada reanimasiya şöbəsi müasir avadanlıqlarla təmin olunub. Şüa diaqnostikası şöbəsinə 2 ədəd yeni nəsil USM (Ultrasəs müayinəsi) cihazı alınıb”.
Elnur Azadxanovun sözlərinə görə, tibb müəssisəsi 13 şöbə və 1 bölmədən ibarətdir. Ümumilikdə 200 çarpayılıq xəstəxanada cərrahiyyə, doğum və ginekologiya, terapiya, pediatriya, dializ, infeksion, şüa diaqnostikası və digər şöbələr fəaliyyət göstərir.
Mediatur iştirakçıları xəstəxananı gəzib bütün xidmətlərlə yerində tanış olublar. Daha sonra mətbuat və QHT nümayəndələri onları narahat edən problemlərlə bağlı xəstəxanada tibbi müayinədən keçiblər.

Fəxriyyə ABDULLAYEVA


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu