“Azərsu” ASC şəffaf şirkət deyil – ekspert suyun qiymətilə bağlı açıqlamanı şərh etdi


“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, içməli su maya dəyərindən ucuz qiymətə satılır ki, bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir.


Sədr müavini qeyd edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər: “Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.

Qeyd edək ki, içməli suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-dən artırılıb. Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə, 2021-ci ilin fevralın 1-dən ölkədə bir kubmetr su təchizatının tarifi əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpiyə, digər inzibati ərazi vahidləri üzrə 60 qəpiyə, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpiyə qaldırılıb. Bununla da içməli suyun və tullantı sularının qiyməti 100 faiz artırılıb.
“Çox qısa müddət əvvəl, 2021-ci ilin əvvəlində içməli suyun qiyməti iki dəfəyə yaxın artırılıb. Həmin ildə “Azərsu” ASC faktiki olaraq iki dəfə yüksək qiymətlə çalışıb. Qiymət artımına uyğun olaraq iki dəfəyə yaxın, təxminən 70 faiz satışdan daxilolmalar artıb. Amma bu artımlar, qurumun xərclərinin azalması ilə müşayiət edilməyib”. Bunu AFN.az-a açıqlamasında səslənən təklifi şərh edərkən iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspertin sözlərinə görə, “Azərsu”nun hesabatlarında da əksini tapdığı kimi, əsas kapital qoyuluşları ilə bağlı xərclər dövlət büdcəsinin hesabına dəstəklənir. Yəni faktiki olaraq “Azərsu”nun satışdan əldə edilən gəlirləri onun kapitala yönəldilməsə də, əməliyyat xərclərini belə ödəyə bilmir.: “Məsələ burasındadır ki, maliyyə hesabatları dərindən analiz edildikdə görünür ki, qurumun zərərlə işləməsində əsas səbəblərdən biri əsas vəsaitlərin, əsas fondların dəyərsizləşməsi ilə bağlı xərclərdir. Mən demirəm bu, həmişə korrupsiya ilə bağlı olur. Amma mütəxəssislərin, auditorların gəldiyi qənaət budur ki, əsas vəsaitlərin dəyərsizləşməsi bir çox hallarda korrupsiya risklərinin yüksək olması ilə bağlı olur.



Biri var əsas vəsaitlərin köhnəlməsi, bu başqa məsələdir, biri də var dəyərsizləşməsi. Dəyərsizləşmə odur ki, tutaq ki, əsas fondlar istismara veriləndə qiyməti şişirdilir, burda korrupsiya amili rol oynayır. Məsələn, 3 manata alınmalı olan boru 5 manata alınır və s. Bir müddətdən sonra auditorlar qiymətləndirmə aparanda həmin əsas fondları ədalətli dəyəri ilə, qiymətləndirmə aparılan dövrün bazar dəyərinə qiymətləndirirlər. Bu halda isə təbii ki, əgər əvvəl şişirdilmiş qiymətlə alınıbsa, sonrakı dövrdə artıq ədalətli dəyərilə qiymətləndiriləndə ortada yaranan fərq dəyərsizləşmə kimi qeydiyyata alınır. Bu da avtomatik olaraq xərcə çevrilir. Bu xərc isə mənfəətin azalmasına, hətta şirkətin zərərə çıxmasına səbəb olur. Bir daha deyirəm, peşəkar auditorların, maliyyəçilərin, iqtisadçıların ortaq rəyi budur ki, xüsusiən dövlət şirkətlərində dəyərsizləşmə hesabına zərər böyüyürsə, bu, ciddi şəkildə şəffaflıq problemilə bağlıdır. Yəni “Azərsu” ASC şəffaf şirkət deyil”.
R.Ağayevin sözlərinə görə, dövlət şirkətlərinin ayrıca satınalma hesabatı olmalıdır. Bütün satınalmalar açıq, şəffaf, bütün ictimaiyyətin izləyə biləcəyi şəkildə həyata keçirilməlidir: “Dövlət şirkətlərinin aldıqları mal və xidmətlərin dəyərini hər kəs araşdıranda tapa bilməlidir. Yəni “Azərsu” layihələr həyata keçirirsə, bizim o layihələr çərçivəsində aldığı mal və xidmətlərin qiymətini belə öyrənmək, korrupsiya riskinin olub-olmamasını araşdırmaq imkanımız olmalıdır. Nə dərəcədə səmərəli idarə olunur, inzibati xərcləri, əməkhaqqı xərcləri nə dərəcədə normal şirkətlərin xərclərinin çəkisinə uyğundur, bütün bunlar qiymətləndirilmədən, korrupsiya riskinin yüksək olduğu şəraitdə belə, hansısa şirkətin əldə olan rəqəmlərlə hökumətə qiymət artımı istəyilə müraciət eləməsi cəmiyyətdə haqlı olaraq narazılığa səbəb olur”.
Bu, bir daha dövlət şirkətləri, xüsusən kommunal xidmət göstərən şirkətlərin özəlləşdirilməsi zərurətini ortaya çıxarır. R.Ağayevin sözlərinə görə, çox yaxşı olar ki, dövlət özü suyun sahibi kimi qalsın, amma onun paylanması özəl şirkətlərə keçsin: “Yaxud dövlət mülkiyyəti kimi qalsın, uzunmüddətli idarəetməyə versin. Özəl sektor heç vaxt bir cibindən götürüb, başqa cibindən oğurluq eləmir. Amma dövlət şirkətlərində bu problem həmişə olub. Sovet dövründən qalma psixologiya var ki, dövlətindirsə oğurlaya bilərəm. Ona görə dövlət şirkətlərinin dövlətsizləşdirilməsi – ya özəlləşmə, ya da uzunmüddətli idarəetməyə verilmə formasında – islahatları aparılmasa, vəziyyət belə davam edəcək. Dövlət şirkətləri zaman-zaman bəyan edəcək ki, xərclərimizi ödəyə bilmirik, ziyanımız var, qiymətlər artırılsın. Qiymətlər artırılacaq, amma nəticə dəyişməyəcək. Necə ki, 2021-ci ildə suyun tarifləri artdı, amma “Azərsu”nun zərərinin həcmi azalmadı”.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu