Xaçmazlı daşyonan ustadan Heydər Əliyev ilinə töhvə


Ədalət Elman: “Ruhumu titrədən, qəlbimdə iz salan nə varsa, hamısını daşlarda əbədiləşdirmək istəyirəm”


“Məni daşyonma sənətinə gətirən Qobustan təsvirləridir. Məhz bu qayaüstü təsvirlər, əcdadlarımızın ilkin incəsənət nümunələri məni özünün əsirinə çevirdi. İndi müəyyən bir çevrədə tanınmış ictimaiyyət nümayəndələrinin, müxtəlif təbiət təsvirlərinin, eyni zamanda özümün abstrakt düşüncələrimin məhsulu olan əl işlərimlə tanınıram və bunu özüm üçün böyük xoşbəxtlik hesab edirəm”.
Bunu AFN.az-a açıqlamasında xaçmazlı daşyonma ustası Ədalət Elman dedi. Dövlət Rəssamlıq Akademiyasının (təsviri sənət fakültəsi) məzunu olan Ədalət Azərbaycanda daşyonma sənətinin mahir, hazırda bəlkə də yeganə nümayəndəsidir. Özü Xaçmaz rayonunun meşə, çay və dağlarla əhatə olunmuş Alıc-Qışlaq kəndində doğulub boya-başa çatıb. Məşğul olduğu nadir sənət növü sayəsində dəfələrlə ölkədaxili və beynəlxalq festivallarda, sərgilərdə iştirak edib, vətənimizi və sənətimizi layiqincə təmsil edib.
Ədalət Elman deyir ki, hələ lap uşaqlıqdan qeyri-adi gözəlliyin, estetik təxəyyül nümunələrinin vurğunu olub: “Mənim düşüncəmə görə, təbiət, insan Tanrının ən böyük əsəridir, onların yaratdıqları isə müqəddəsdir, alidir. Uşaq vaxtı kəndimizin yaxınlığından keçən çay yatağından topladığım qara, boz, ağ daşların mənə nə vaxtsa şöhrət gətirəcəyini, sənətkar adı qazandıracağını heç ağlıma da gətirməzdim. Əslində daşları ilk yonmağa başlarkən bundan hansısa maddi qazanc əldə edəcəyimi düşünmürdüm. Bir dəfə suyun altında parıldayan balaca ağ çay daşını əlimə alıb sildim və mismarla üzünü cızmağa başladım. Beləcə, daşın da ram edilə biləcəyini, onunla da dil tapmağın mümkünlüyünü anladım. Sonra ovuc-ovuc topladığım çay daşlarını evimizin bir küncünə yığıb hərəsinin üzərində bir təsvir yaratdım. İlk vaxtlar daha çox təbiət təsvirlərinə meyl edirdim. Sonra zamanla tarixi abidələrimiz olan Qız qalası, Şirvanşahlar sarayı, Qala divarları kimi nümunələri daşdan daşa köçürdüm. Əl işlərimin arasında Azərbaycan tarixində iz qoymuş ictimai-siyasi xadimlərin, ədiblərin, bəstəkarların portretləri də var. Bir sözlə, mən ruhumu titrədən, qəlbimdə iz salan nə varsa, hamısını daşlarda əbədiləşdirmək istəyirəm. Bu, mənim onlara bəslədiyim sevgidir, qan yaddaşımın daş yaddaşıma köçürülməsidir”.
Ədalətin son əl işləri içərisində Azərbaycan Prezidenti İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın, tanınmış dramaturq Nəriman Həsənzadənin portretləri də var. Sənətkarın 2023-cü ilə - Heydər Əliyev ilinə töhfəsi isə Ulu Öndərin portretidir. Dediyinə görə, çox məsuliyyətli bir vəzifəni öhdəsinə götürüb, bu üzdən də portret üzərində diqqətlə işləyib: “Daş üzərindəki işlərimdən fərqli olaraq Ulu Öndərin portretini taxta lövhə üzərində işləmişəm. Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri və xidməti olan bir insanın – mərhum Heydər Əliyevin portretini yaratmaq, etiraf edim ki, mənim üçün çətin olduğu qədər qürurlu bir iş idi. Ümid edirəm baxanların xoşuna gələcək”.
Həmsöhbətimiz sənətinə olan münasibətdən narazı deyil. Deyir, istər dövlət qurumları, istərsə də sadə tamaşaçılardan hər zaman diqqət görür:
“Bəzən elə vaxt olur ki, kimsə məni küçədə saxlayıb “daşlar üzərində işləyən oğlan sənsən”, - deyə soruşur. Deməli, bu qeyri-adi işimə görə diqqət çəkmişəm, tanınmışam. Bunun özünü sənətimə verilən qiymət hesab edirəm”.
Qeyd edək ki, Ədalət Elman uzun müddət Xaçmaz Dövlət Rəsm Qalereyasına rəhbərlik edib. Bir neçə il əvvəl səhhətində yaranmış problemlə bağlı işindən ayrılmğa məcbur olub. Hazırda doğma kəndində fəaliyyət göstərən Sənətkarlıq Klubunda mədəni təşkilatçı işləyir.

Fəxriyyə ABDULLAYEVA












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu