Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi G7 sammitinədək hazır olmaya bilər

Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyaya qarşı 18-ci sanksiyalar paketini G7 sammitinədək qəbul etməsi real görünmür.
AFN.az xəbər verir ki, bu barədə Avropa diplomatlarına istinadən EUObserver portalı məlumat yayıb.
“Biz hətta 18-ci paketin hüquqi mətnlərini də almamışıq, ona görə də iki həftə ərzində razılığa gəlmək çox iddialı görünür”, – deyə adının açıqlanmasını istəməyən diplomat bildirib.
Digər mənbələrin də məlumatına görə, yeni sanksiyalar paketi iyunun sonunadək hazır olmaya bilər. Aİ səfirlərinin isə iyunun 4-də Brüsseldə qapalı iclasda ABŞ-ın təşəbbüsü ilə hazırlanmış sanksiya təkliflərini müzakirə edəcəyi gözlənilir.
Portal qeyd edir ki, ABŞ senatorları tərəfindən təklif olunan qanun layihəsi Rusiyaya qarşı sərt tədbirlər nəzərdə tutur. Sənəddə Rusiyadan qaz idxal edən ölkələrdən ABŞ-a gətiriləcək məhsullara 500% idxal rüsumu tətbiqi təklif olunur ki, bu da bəzi Aİ ölkələrinə də zərər verə bilər.
Xatırladaq ki, G7 sammiti 15–17 iyun tarixlərində Kanadanın Alberta əyalətində keçiriləcək.