Hakan Fidan Antoni Blinkenlə görüşdü
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Vaşinqtonda Strateji Mexanizm toplantısı çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Hakan Fidan görüşdə regional hadisələrin ABŞ və Türkiyənin birgə işləməsini tələb etdiyini və beynəlxalq ictimaiyyətin Qəzzada günahsız insanların əziyyətini dayandırmaq üçün hərəkətə keçməli olduğunu bildirib.
Nümayəndə heyətləri arasında baş tutacaq görüşdən əvvəl açıqlama verən Fidan, "Bu gün biz burada prezidentimiz və prezident Bayden tərəfindən 2021-ci ildə qurulmasına qərar verilən 7-ci Strateji Mexanizm Görüşünü keçirmək üçün bir araya gəlmişik. Dünən nümayəndə heyətlərimiz təhlükəsizlik, regional əməkdaşlıq, regional məsələlər, ticarət, enerji kimi geniş spektrli məsələlər ətrafında danışıqlar aparıblar. Bu görüş son bir neçə ayda keçirdiyimiz üçüncü görüşdür. Xüsusilə dövlət katibi Blinkenin açılış nitqində qeyd etdiyi kimi, Qəzzədəki ağır vəziyyət bizdən bu məsələni təcili həll etməyi tələb edir. Beynəlxalq ictimaiyyət günahsız insanların əzabını dayandıra bilmədi. Qəzzada insanların təcili humanitar yardıma ehtiyacı var. Bu səbəbdən Qəzzada atəşkəs və fasiləsiz humanitar yardımın təmin edilməsi üçün birlikdə ciddi şəkildə çalışmalıyıq" deyə vurğulayıb.
Gündəmlərində Ukrayna və Qara dənizin təhlükəsizliyi kimi bir çox regional məsələlərin olduğunu qeyd edən Fidan, "Yeni ölkələrin üzvlük proseslərinin uğurla başa çatması da daxil olmaqla, NATO məsələlərini müzakirə edəcəyik. Müzakirə edəcəyimiz çox mühüm mövzular var. Nümayəndə heyətimlə burada olmaqdan məmnun olduğumu bir daha ifadə etmək istəyirəm. Dövlət katibi Blinkenə və onun komandasına mənə və nümayəndə heyətimə göstərdikləri qonaqpərvərliyə görə bir daha təşəkkür etmək istəyirəm" əlavə edib.
Mənbə: Haberglobal.com.tr